Azərbaycan Servisi/Aran Agentliyi
Ermənilər Azərbaycanın işğal altında olan Şuşa şəhərinin yenidən bərpa olunması istiqamətində fəallaşıblar. Ermənistanın baş naziri Tiqran Sarkisyan çıxışı zamanı bildirib ki, Şuşanın bərpa olunması şərəf məsələsidir. Bu barədə ANS televiziyası məlumat verib.
Baş nazir vurğulayıb ki, bu məqsədlə ölkə hökumətinin bütün üzvləri ianə toplamalıdır. "Hər bir hökumət üzvü öz əziz və yaxın insanlarını bu işə cəlb etməlidir. Hər bir vəzifəli şəxs onu əhatə edən insanları bu istiqamətdə təlimatlandırmalı və ilhamlandırmalıdır. Razılaşın ki, bu ianə toplanışında iştirak etmək bizim şəxsi borcumuzdur", - deyə o vurğulayıb.
Xatırladaq ki, bir neçə gün bundan öncə separatçı Xankəndi rejiminin nümayəndələri bu məqsədlə ABŞ-da pul dilənməyə başlayıb. Söhbət Boston şəhərində açılan ianə fondundan gedir. Fondun açılışında separatçı Xankəndi rejiminin nümayəndələri şəxsən iştirak edib. Pulların yığılmasına nəzarət etmək üçün Bostona qondarma DQR-in baş naziri Ara Arutyunyanın başçılıq etdiyi nümayəndə heyəti gedib.