Tarix : 2009 Nov 27
Kod 15059

QURBAN BAYRAMINDA YENİ ''QURBAN''

Azərbaycan xalqı Qurban bayramında "Xanım Zəhra" məscidinin sökülməsi ilə bağlı yeni "Qurban" hədiyyəsi aldı
Azərbaycan Servisi/Aran Agentliyi

Bismillahir Rəhmanir Rəhim. Bildiyiniz kimi bir neçə gündən sonra bütün dünyada olduğu kimi, Azərbaycan adlı məmləkətimizdə də müqəddəs Qurban bayramı qeyd olunacaq. Artıq bu müqəddəs bayram münasibətilə ölkədə fəaliyyət göstərən bütün dövlət və qeyri-dövlət idarələri 4 gün tətil edəcək. Yəni hamı sakitcə Allahın müsəlmanlara bəxş etdiyi bu mübarək, gözəl bayramı qeyd etməklə məşğul olacaq. Nəzərinizə çatdırım ki, Qurban bayramında iki özəl xüsusiyyət var ki, hamı onlara əməl etmək istəyir. Bunlardan birinci qoyun, quzu və ya başqa heyvanı qurban kəsmək, ikincisi isə kəsilən qurban ətindən kimsəsiz, ehtiyaclı insanlara hədiyyə etməkdir. Fikrimcə Azəraycan müsəlmanları dünya müsəlmanları kimi bu bayramda da qurbansız və hədiyyəsiz qalmayacaq.  Ümumiyyətlə biz müsəlmanlar hansısa xoş günlərdə kiməsə hədiyyə verməyi və ya ondan qəbul etməyi çox sevirik. Elə bu adət-ənənəyə sadiq qalaraq Azərbaycan xalqı, müsəlmanları, inanclı insanları 25 noyabr tarixində müqəddəs Qurban bayramı öncəsi öz hədiyyəsini almış oldu. Bəhs etdiyimiz bu hədiyyə Allah evi olan "Fatiməyi-Zəhra" məscidinin sökülməsi ilə bağlı olan qərardır. Göründüyü kimi, Azərbaycanda yenə bəzi əmmalar baş verib ki, bu işləri əməlli başdı korlayır. Əvvəla kimlərsə qoyun-quzunu qurban kəsmək əvəzinə məscidi sökmək istəyir. Sonra da bu məscidin sökülmək qərarını Azərbaycan müsəlmanlarına hədiyyə etmək istəyir. Həqiqətən elm və texnologiyanın inkişaf etdiyi bir dövrdə bu cür yanlışlığa yol vermək, Azərbaycan üçün çox acınacaqlı vəziyyətdir. Ona görə acınacaqlıdır ki, məscidləri bayram günündə qurban qismində sökmək dünyanın heç bir yolunu azmış müsəlman ölkəsində baş verməyib. Çox təəssüflə qeyd etməliyəm ki, müqəddəs Qurban bayramında yeni "Qurban" hədiyyəsi məhz ölkəmizdə praktikadan keçirildi. Qeyd edək ki, yeni "Qurban" hədiyyəsinə əsasən, Bakı şəhər baş Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlamaqla "Xanım Zəhra"məscidinin sökülməsini birmənanalı olaraq təsdiq edib. Bununla da müqəddəs Qurban bayramına 3 gün qalmış Azərbaycan müsəlmanları, dindarları, inanclı şəxsləri məscid sökülməsi ilə bağlı yeni qurban hədiyyəsini qəbul etmək məcburiyyətində qaldı. Sonda onu bildirmək istəyirəm ki, müxtəlif bəhanələr gətirərək, kağız üzərində yazılmış qanunlara zidd gedərək, müsəlmanlara hədə-qorxu gələrək Allah evi olan "Xanım Zəhra" məscidini sökmək İslam Konfransı Təşkilatına üzv olan, şəhəri İslam mədəniyyətinin paytaxtı olan Azərbaycan ölkəsi üçün çox utanc gətirən bir haldır.

  • Yazılıb
  • da (də) 2009 Nov 27