Azərbaycan İslam Partiyası "Fatiməyi-Zəhra (s.ə.)" məscidinin sökülməsi qərarını qəti surətdə pisləyən bəyanatla çıxış etdi
Azərbaycan Servisi/Aran Agentliyi
Məlum olduğu kimi, Suraxanı Rayon İcra Hakimiyyətinin iddası əsasında yerli iqtisad məhkəməsi Allah evi “Fatimeyi-Zəhra(s.ə)” məscidinin sökülməsinə dair qərar çıxarmışdır.Məhkəminin ədalətsiz qərarına etiraz olaraq məscidin icmasının şikayətinə dünən Apelyasiya məhkəməsində baxılmışdır. Respublika Apelyasiya məhkəməsi Suraxanı rayonunun yerli iqtisad məhkəməsinin məntiqə və ağıla sığmayan qərarını qüvvədə saxlamışdır. Azərbaycan İslam Partiyası ölkəmizin müharibə şəraitində olmasını, torpaqlarımızın 20 faizinin erməni qəsbkarlarının işğalı altında saxlanılmasını, digər tərəfdən Azərbaycan xalqının 97 faizinin müsəlman olması və Bakının İslam Mədəniyyətinin paytaxtı elan edilməsini nəzərə alaraq məscid haqqında məhkəmə qərarı ilə əlaqədar bəyan edir:
Azərbaycanda onun paytaxtı Bakı şəhərində Həzrəti “Fatimeyi-Zəhra (s.ə)”-ın adını daşıyan məscidin sökülməsinə dair məhkəmə qərarı xalqımızın mənəviyyatına, milli mənliyinə, vəhdətinə sağalmaz yara vurmaqdadır. Müqəddəs dinimizə qarşı atılan bu addım biz Azərbaycan dindarlarına, mömin insanlara və bütövlükdə dünya müsəlmanlarına təhqir mesajı kimi qiymətləndirir, xüsusən Azərbaycan üçün rüsvayçılıq faktı hesab edirik.
Ölkədəki məmur özbaşnalığı, fərdi maraqlardan doğan ehtiraslar böyük fitnə-fəsadlara rəvac verən amillərdir. Nəticədə isə Azərbaycan insanı parçalanır, sabaha ümidi qırılır, mənəviyyatı sınır və aşınır.
Bir xalqın milli-mənəvi məhvinə, ümummilli maraqlarının pozulmasına və torpaqlarının parçalanmasına səbəb ola biləcək amillərə heç bir qanun belə rəvac verə bilməz. Biz hesab edirik ki, Azərbaycanda məscidlərin dağıdılması ənənəsi, Analar Anası Həzrəti Fatimeyi-Zəhra (s.ə) –ın adını daşıyan məscidin sökülməsinə dair məhkəmə qərarı məhz bu niyyətə xidmət edir. Məscid söküntüsü prosesində digər məqsəd bizcə ayrı-ayrı məmurların düşmən dəyirmanına su tökmək, ölkədə qarşıdurma yaratmaq, stabilliyi kobud şəkildə pozmaq istəyidir.
Azərbaycan İslam Partiyası bu cür insanları Allahdan çəkinməyə, vicdanlarının səsinə qulaq asaraq bu rüsvayçı qərarın ləğv edilməsinə, İslama düşmən niyyətlilərin istəyinə qəti rədd cavabı veməyə çağırır. Xalqımızı və Vətənimizi təhlükələrə, uçurumlara aparan qüvvələrə niyyətlərinə çatmayacaqlarını bir daha bəyan edirik.