Xaricdə dini təhsil alan bir qrup ilahiyyatçı "Fatimeyi Zəhra" məscidinin sökülməsi ilə bağlı bəynata yayıb
Azərbaycan Servisi/Aran Agentliyi
“Fatimeyi Zəhra” məscidinin sökülməsinə dair qərarla bağlı Qum Elmi Hövzəsinin azərbaycanlılardan ibarət Ruhanilər Şurası yığıncaq keçirib. Toplantıda 2 saylı Bakı İqtisad Məhkəməsinin «Fatimeyi-Zəhra (s.ə.)» məscidinin sökülməsi haqda qərarının Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanması qəti olaraq pislənib və bəyanat qəbul edilib.
Hacı Abgül Suleymanov şura üzvlərinin adından hər bir müsəlmanı dini irsinə və İslamına sahib çıxmağa səsləyib.
Bəyanatda həmçinin deyilir: "Biz, Qum Elmi Hövzəsinin Ruhanilər Şurası olaraq, müqəddəs bayrama yaxın zamanda bu qərarın təkrarlanmasını İslam Dininə və xalqın milli-mənəvi dəyərlərinə qarşı addım kimi qiymətləndiririk. Məscidin sökülməsi ilə bağlı bu qərarın yenidən Ali Məhkəməyə çıxarılmasına müsbət baxırıq və sivil yollarla məscid və dini atributların qorunmasını dəstəkləyirik. Hər bir Azərbaycan vətəndaşını gələcəyimizi uçuruma aparan bu cür qərarları pisləməyə və bir daha İslam Peyğəmbərinin (s) əziz qızı Həzrəti Fatimeyi Zəhranın (s.ə) adına olan bu məscidi qorumağa və müdafiə etməyə çağırırıq"-.
“Biz Peyğəmbər və İmamlarımızın həyatını incələdikdə bu cür təzyiqləri görürük. Əlbəttə ki, bəzi hallarda səbr dinimizə görə qadağan edilir. Bu baxımdan da belə bir zamanda hər kəs məscidlərə qarşı olan bu hücumun qarşısını almaq üçün səy etməlidir. Necə ki, birinci məhkəmədən sonra etirazlar edilmiş və istər təşkilatımızın ruhaniləri, istərsə də ölkə ruhaniləri tərəfindən dəstəklənmişdi. Əlbəttə ki, bəzi qüvvələr məscid sökülməsinə etirazları və səsləndirilən şüarları radikallıq kimi qələmə vermək istəyirlər. Bu kimi şüarlar həm İmamlarımız, həm həyatda olan, həm də ki, mərhum alimlərimiz tərəfindən vaxtilə deyilmişdir. Əzizlərim, bizə örnək məsumlarımız və alimlərimizdir. Buna görə də məscidin müdafiəsi bizə vacibdir”, -deyən Hacı Abgül, sonda Peyğəmbərdən bir hədis söyləyərək, zülmə qarşı duran hər kəsin savabının Həccə bərabər olduğunu və Quran ayəsinə görə məscidləri sökənləri Allah Təalanın ən zalım insanlar kimi təqdim etdiyini bildirib.