Tarix : 2009 Nov 29
Kod 15068

Göydən başımıza daş yağır

Hacı İlqar İbrahimoğlu: "Hansısa məmurun ölkənin rəsmi dini rəhbərliyilə problemi varsa, bunu məscid sökməklə, azana qadağa qoymaqla həll etməsin"
Azərbaycan Servisi/Aran Agentliyi

Hacı İlqar İbrahimoğlu: “İnanclı kəsimə müraciət edirəm ki, təxribata getmədən, sivil yolla etiraz etsinlər, haqlarını qorusunlar”
Azərbaycanda builki qədər məscid sökülməsi və azan qadağası problemi yaşanmamışdı. Məsələ ictimailəşdikcə və baş verənlərə etirazlar artıqca, proses bir az da genişlənir. Və hər dəfə də absurd əsaslandırmalarla qarşılaşmalı oluruq. Həftə başa çatmayıb, amma elə bu bir neçə gün ərzində inanclı kəsimin hüquqlarını pozan iki faktın şahidi olmuşuq.
Əvvəlcə Apellyasiya Məhkəməsi “Fatimeyi Zəhra” məscidinin sökülməsi ilə bağlı qərarı qüvvədə saxladı, ardınca da Nardarandakı məscidin söküləcəyi ilə bağlı xəbər yayıldı.
Ən maraqlısı da odur ki, məscid iki tanınmış biznesmenin bağ evlərinin güdazına gedir. Belə ki, həmin evlərə toxunmaqdan ehtiyat edən məmurlar bunun əvəzinə məscidi sökməyi daha münasib hesab edirlər.

Nəhayət ki, QMİ sədrindən də reaksiya gəlib. Hacı Allahşükür Paşazadə “Fatimeyi Zəhra” məscidi ilə bağlı qərarın ən azı təəccüb doğurduğunu deyərək, bunu dinə qarşı hörmətsizlik kimi qiymətləndirib.

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlu isə məhkəmənin məlum qərarını hüquqi baxımdan böyük bir biabırçılıq adlandırır: “Haqlar və azadlıqların təminatı qismən ola bilməz. Əgər bir ölkədə vicdan azadlığı pozulursa, bu o deməkdir ki, başqa azadlıqlar la pozulur. Bu gün bu azadlıqların pozulması özünün pik həddinə çatıb. Apellyasiya Məhkəməsinin qərarı hüquqi baxımdan böyük bir biabırçılıqdır. Milli-mənəvi dəyərlərin tapdanması baxımından şərhi verilməsi mümkün olmayan məsələdir. Məscid sökülməsi və azana qadağa qoyulması qırmızı sərhəddir. Bunları keçmək olmaz”.
Nardarandakı məscidin sökülməsi ilə bağlı yaranmış narahatlığa gəlincə, İ.İbrahimoğlu bunu inanca qarşı növbəti hörmətsizlik kimi dəyərləndirir: “Bütün dünyada belə hallar olur. Yollar çəkiləndə Allah evləri, kitabxanalar və ya məktəblərin yeri dəyişdirilir. Amma bu, əhali ilə müzakirə olunur, məsləhətləşmə aparılır. Məscid üçün yeni yer tapılır və daha yaxşısının tikilməsinin təminatı verilir. Yəni bu proses yerli əhalinin könül xoşluğu ilə baş verir. Birdən-birə hansısa nazirliyin qərarı ilə, kimlərinsə maddi maraqlarına toxunmamaq üçün məscid sökmək nə dərəcədə mənəviyyata uyğundur? Məscid sökülməsini hətta sovet dövründə dilə gətirməyə ehtiyat edirdilər. Amma bu gün bu adi hala çevrilib. Göydən daş yağmaq nədir ki? Elə müasir daşlardır da, başımıza yağır.
Mən inanclı kəsimə müraciət edirəm ki, təxribata getmədən, sivil yolla, İslamın bəyəndiyi şəkildə etiraz etsinlər, haqlarını qorusunlar. Hansısa məmurun dini mühitdə olan rəsmilərlə problemi varsa, bunu azan qadağası ilə, məscidləri sökməklə, inanclıların heysiyyatına toxunmaqla həll etməsin”.
İ.İbrahimoğlu QNİ sədrinin reaksiyanın müsbət qiymətləndirərək, əlaqədar şəxslərin bundan nəticə çıxarmasını istəyir: “Təqdirəlayiqdir ki, rəsmi dini qurumun başçısı öz mövqeyində sabit qalıb. Bu böyük bir məsələdir. Allahşükür Paşazadə bildirir ki, məscidin sökülməsi qərarı dinə hörmətsizlikdir. Görün, Apellyasiya Məhkəməsinin qərarı nə qədər absurd və həqarətlidir ki, hər zaman belə məsələlərdə ehtiyatlı mövqe tutan qurumlar və insanlar da bunu dinə hörmətsizlik kimi qiymətləndirirlər. Bundan başqa bildirirlər ki, məscidin sökülməsi ilə bağlı qərarın qüvvədə saxlanılması bayram ovqatımızı qarışdırır. Əgər ölkənin rəsmi dini qurumunun başçısı belə bir fikir söyləyibsə, bu, bir daha onu göstərir ki, bu gün dini sahədə açıq-aşkar xoşagəlməz hadisələr baş verir. Bütün müsəlman dünyası bayram öncəsi inanca ehtiram göstərdiyi vaxtda, bizdə belə şeylər baş verir. Rəsmi mövqe də göstərir ki, məsələ həddən artıq pis məcraya keçib. Bu gün hakimiyyət daxilində bu məsələnin ağırlığının fərqində olmalıdırlar. Və bu prosesin icrasının dayandırılması ilə bağlı addımlar atmalıdırlar”(azadlıq qəzeti).

  • Yazılıb
  • da (də) 2009 Nov 29