3+2 formatında təmaslar birgə bəyanatla yekunlaşdı, Rusiya Azərbaycanın güc tətbiqindən imtina barədə öhdəlik götürməsini istəyir
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan və Ermənistan xarici işlər nazirləri Yunanıstanın paytaxtı Afinada iki gün ərzində Dağlıq Qarabağ münaqişəsinə dair intensiv danışıqlar aparıblar. ATƏT xarici işlər nazirlərinin illik toplantısı üçün Afinada olan nazirlər Elmar Məmmədyarov və Edvard Nalbəndyan noyabrın 30-da əvvəlcə yerli restoranlardan birində görüşüblər. Yerli və xarici mənbələrin yaydıqları informasiyalara görə, nazirlər əvvəlcə Minsk Qrupunun həmsədrləri ilə ayrı-ayrılıqda bir araya gəliblər.
Daha sonra nazirlər həmsədrlərin iştirakı ilə işgüzar şam yeməyində görüşüblər və danışıqlar aparıblar. Qapalı keçən danışıqlardan sonra tərəflər bildiriblər ki, görüşdə münaqişənin nizamlanmasına dair Azərbaycan və Ermənistan tərəfindən xarici işlər nazirləri səviyyəsində qəbul ediləcək birgə bəyanatla bağlı müzakirələr aparılıb. Xatırladaq ki, Afina danışıqlarında Qarabağa dair sənəd qəbul ediləcəyi haqda ilk dəfə qəzetimiz diplomatik qaynaqlara istinadən xəbər yayıb.
Noyabrın 30-da aparılmış danışıqlardan sonra Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərə açıqlamasında deyib ki, tərəflər birgə bəyanatın mətnini razılaşdırmağa çalışıblar. Məmmədyarovun sözlərinə görə, dünən səhər o, yenidən beynəlxalq vasitəçilərlə görüşüb. Azərbaycan XİN-in rəhbəri Ermənistan XİN-in rəhbəri və Minsk Qrupu həmsədrləri ilə dünənki danışıqları müsbət qiymətləndirib. «Bəyanat «3+2» formatında olan görüşdən sonra qəbul ediləcək», - Məmmədyarov deyib. Onun sözlərinə görə, görüşdə Minsk Qrupunun həmsədr ölkələri Rusiya, Fransa, ABŞ-ın XİN rəhbərləri iştirak edəcək. «Hər şey bugünkü görüşdən asılıdır» - deyə, o vurğulayıb. Ermənistan XİN-də Afinada Qarabağ münaqişəsinə dair birgə bəyanatın qəbul ediləcəyini təsdiqləyib. Nazir Edvard Nalbəndyan dünən gün ərzində iki dəfə həmsədrlərlə təmasda olub.
Daha sonra ATƏT nazirlərinin toplantısına qatılan Nalbəndyan və Məmmədyarov Bakı vaxtı ilə axşam saatlarında həmsədrlərin iştirakı ilə yenidən bir araya gəliblər. Bu görüşdən dərhal sonra müzakirələr «3+2» formatında - yəni ABŞ-ı toplantıda təmsil edən dövlət katibinin müavini Ceyms Steynberq, Fransa xarici işlər naziri Bernar Kuşner və Rusiya xarici işlər naziri Sergey Lavrovun iştirakı ilə davam edib.
Görüşdən sonra həmsədr ölkələrin XİN başçıları Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Afina görüşünün yekunlarına dair bəyanatla çıxış ediblər. APA-nın məlumatına görə, XİN başçıları bəyanatlarında Azərbaycan və Ermənistan prezidentlərinin apardığı danışıqlarda pozitiv dinamikanın olduğunu bildirib, danışıqların intensivliyinin artırılmasına qərar veriblər: «Tərəflər arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında dair Madrid təklifləri üzrə baza prinsiplərinin razılaşdırılması istiqamətində danışıqların daha da intensivləşdirilməsi vacibdir».
S. Lavrov, B. Kuşner və C. Steynberq ölkələrinin başçılarının iyulun 10-da Akvildə verdikləri bəyanatı təkrarlayaraq, stabilliyə və sülhə imkan verəcək baza prinsipləri üzrə razılaşmanı başa çatdırmaq üçün Azərbaycan və Ermənistan liderlərinə dəstək verməkdə davam edəcəklərini vurğulayıblar: «Azərbaycan və Ermənistan xarici işlər nazirləri də bu il ərzində danışıqlarda tərəqqi əldə olduğunu bildirdilər. Nazirlər nəticə əldə olunması üçün səyləri davam etdirmək arzusunda olduqlarını da diqqətə çatdırdılar».
***
ATƏT toplantısında da Dağlıq Qarabağ münaqişəsinə dair mesajlar veriblər. ABŞ dövlət katibinin müavini deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması regionda stabilliyə və iqtisadi inkişafa müsbət təsir göstərə bilər. Bu səbəbdən Minsk Qrupuna həmsədrlik edən ölkələr münaqişənin həlli üçün səyləri artırmalıdır.
Fransa xarici işlər naziri də ATƏT-in Avropadakı «dondurulmuş münaqişələr»in nizamlanmasına dair cəhdlərini aktivləşdirməli olduğunu deyib. B. Kuşner bildirib ki, Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin həllinə nail olmaq üçün tutarlı əsaslar var. O, Minsk Qrupunun, həmçinin Azərbaycan və Ermənistan prezidentlərinin səyləri ilə münaqişənin həlli istiqamətində mühüm addımlar atıldığını vurğulayıb: «Təkcə bu il ərzində prezidentlər altı dəfə görüşüblər. Ümid edirik ki, bu tərəqqiyə Afinada da nail olunacaq, münaqişə tezliklə həllini tapacaq. Mən hər iki ölkənin xarici işlər nazirlərini münaqişənin həlli ilə bağlı razılıq əldə etməyə və bunu kağızda əks etdirməyə çağırıram».
Rusiya xarici işlər naziri Sergey Lavrov isə ATƏT məkanında münaqişələrin nizamlanması üçün vahid prinsip tətbiq olunmasının vacibliyi haqda danışıb. O bildirib ki, münaqişələrin silahlı yolla həllindən qaçmaq üçün böhranların nizamlanmasında vahid prinsipin qəbul olunması vacibdir: «Yalnız belə prinsiplər ötən ilin avqustunda Gürcüstanda üzləşdiyimiz avantüra kimi silahlı həll ssenarisindən qaçmağa imkan verər». Lavrova görə, bu prinsiplərdən biri tərəflərin güc tətbiqindən imtinaya dair öhdəlik götürməsi olmalıdır. Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan öz ərazilərini işğaldan azad etmək üçün güc tətbiqini nəzərdən keçirdiyini bəyan edib.
***
Afinada danışıqların davam etdiyi və birgə bəyanatın qəbul olunacağı haqda xəbərlərin yayıldığı bir vaxtda Sərkisyan hakimiyyətinin gizli Qarabağ anlaşmasına getdiyi haqda səs-küy də çoxalıb. Ermənistanın «Yeni zaman» Partiyasının rəhbəri Aram Karapetyan deyib ki, onun hakimiyyət düşərgəsindən əldə etdiyi məlumata görə, Qarabağa dair çərçivə sənədi artıq razılaşdırılıb. Karapetyan bu sənədə əsasən Azərbaycana əvvəlcə Dağlıq Qarabağ ətrafındakı 5 rayonun, daha sonra isə 1 rayonun qaytarılacağını deyib. Daha sonra isə regionun statusu məsələsinə baxılmalıdır. Karapetyan statusun referendum yolu ilə müəyyən olunacağını bildirib. Lakin o, erməni qoşunlarının ətraf rayonlardan çəkilməsi ilə referendum məsələsinin bir paketdə yer alıb-almadığını bilmədiyini deyib. Xatırladaq ki, ətraf rayonlardan bir neçəsinin boşaldılması məsələsində Münhen danışıqları zamanı anlaşma əldə olunduğu haqda xəbərlər yayılmışdı. Ancaq bildirilirdi ki, Dağlıq Qarabağda referendumun keçirilməsi məsələsi ilə bağlı tərəflərin mövqelərində kəskin ziddiyyətlər olduğuna görə bu məsələ hələlik gündəmdən çıxarılıb.