Tarix : 2009 Dec 02
Kod 15133

Ermənistan razılaşdırılan məqamlara yenidən qayıdır

Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov belə deyib
Azərbaycan Servisi/Aran Agentliyi

Ötən gün Afinada ATƏT-ə üzv olan üç həmsədr ölkənin xarici işlər nazirləri, eləcə də Ermənistan və Azərbaycanın xarici siyasət idarələrinin rəhbərləri arasında Dağlıq Qarabağ münaqişəsi istiqamətində aparılan görüş daha bir faydalı danışıqlara imkan yarada bilər. Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov belə hesab edir. O, həmçinin bildirib ki, danışıqlarda rəsmi İrəvanın qeyri-konstruktivliyi olmasa, onda tez bir zamanda nəticə əldə etmək mümkün olacaq.

"Ümumiyyətlə, bu görüşlərin intensivləşməsi olduqca vacibdir. Hesab edirəm ki, hər bir görüşün özünün növbəti görüşün keçirilməsi baxımından mahiyyəti var. O ki qaldı mövqeyimizə, bu bizim prezident tərəfindən bəyan edilib. Biz, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində aparılan danışıqlara hazırıq", deyə Z. Əsgərov bəyan edib.

Vitse-spiker hesab edir ki, Dağlıq Qarabağın statusu gələcəkdə müzakirə oluna bilər: "Bu il bizim prezidentlə Ermənistan prezidentinin 6-7 dəfə görüşü olub. Və o görüşlərdə müəyyən irəliləyişlər olub. Amma bəla burasındadır ki, Ermənistan razılaşdırılan məqamlara yenidən qayıdır".

  • Yazılıb
  • da (də) 2009 Dec 02