Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanda səfərdə olan ABŞ Dövlət Departamentinin Regional Konfliktlər və Qafqaz Ofisinin direktoru İsen Qoldriç parlamentdə təmsil olunan iqtidar və müxalifət partiyalarının nümayəndələri ilə görüşüb. Görüş tanışlıq xarakteri daşıyıb. Görüşdə Azərbaycanda demokratiyanın vəziyyəti, 2010-cu ildə keçiriləcək parlament seçkiləri, Qarabağ münaqişəsinin həlli, söz və mətbuat azadlığı və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Müsavat deputat qrupunu millət vəkili Nəsib Nəsibli, hakim partiyanı Səməd Seyidov, Əli Hüseynov, Demokratik İslahatlar Partiyasını Asim Mollazadə, Ümid Partiyasını İqbal Ağazadə təmsil edib.
Ümid Partiyası mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanda demokratiyanın vəziyyəti və 2010-cu ilin parlament seçkiləri müzakirə olunub.
Görüş zamanı amerikalı diplomata hər üç istiqamət üzrə geniş məlumat verən və Ümid Partiyasının mövqeyini çatdıran İqbal Ağazadə həm də bu günlərdə ictimailəşən yeni ideyası-Cənubi Qafqaz Birliyinin yaradılması ilə bağlı da fikirlərini açıqlayıb. Görüşdə həmçinin həbsdə olan jurnalistlərin və bloggerlərin durumu, o cümlədən ictimai institutlarda müxalifətin təmsilçiliyi də müzakirə predmeti olub.
Millət vəkili Nəsib Nəsibli isə «Yeni Müsavat»a açıqlamasında bildirdi ki, görüşdə Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan tərəfinin istəkləri, Azərbaycanda demokratiya və insan haqları ilə bağlı situasiya, eləcə də digər məsələlər müzakirə olunub.
N.Nəsibli bildirdi ki, Amerikalı qonaq Azərbaycanda demokratiya və insan haqlarının vəziyyəti haqda fikirlərini dilə gətirib: «Amma bu konfidensial olduğu üçün mətbuata açıqlamaq doğru olmazdı».
Deputat maraqlı bir məsələ haqda da məlumat verdi: «Dövlət Departamentinin nümayəndəsi bizə bildirdi ki, Azərbaycanda keçiriləcək 2010-cu ilin parlament seçkiləri ilə bağlı ABŞ yeni bir proqrama başlamaq istəyir».