İran əleyhinə qəbul edilmiş qətnaməyə müsbət rəy vermiş ölkələr tezliklə səhvlərini düzəldib, düz yola qayıtmalıdırlar
İİR Servisi/Aran Agentliyi
“İran əleyhinə qəbul edilmiş qətnaməyə müsbət rəy vermiş ölkələr tezliklə səhvlərini düzəldib, düz yola qayıtmalıdırlar”. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu İranın xarici işlər naziri Manuçöhr Mottəki bildirib. O, İran əleyhinə çıxarılmış qətnaməni dəstəkləyən ölkələrin strateji səhvə yol verdiklərini deyib: “Bunun bir kampaniyaya çevrilməsi qəbul olunmazdır. Biz dəlil və sübutla həmin ölkələrə öz etirazımızı bildirmişik, eləcə də qətnaməyə mənfi rəy vermiş ölkələrə təşəkkürümüzü çatdırmışıq. İran uranın zənginləşdirməsi prosesini heç vaxt dayandırmayacaq”.
Qeyd edək ki, noyabrın 27-də Beynəlxalq Atom Enerjisi Agentliyində 35 üzv ölkədən 25-i İran əleyhinə olan qətnaməyə səs verib. Əfqanıstan, Pakistan, Türkiyə, Cənubi Afrika, Malayziya, Kuba, Venesuela və daha bir neçə ölkə qətnamənin əleyhinə çıxıb. Azərbaycan tərəfi iclasda iştirak etməyib.
Qətnamədə Qum vilayətində yeni aşkar olunmuş zavodda uranın zənginləşdirilməsi prosesinin dayandırılmalı olduğu qeyd edilir. Bundan başqa, İran həmin müəssisənin olduğunu gizlətməkdə də günahlandırılır.