Tarix : 2009 Dec 08
Kod 15200

POLİS “FATİMEYİ-ZƏHRA” MƏSCİDİNƏ HEÇ KƏSİ BURAXMIR

Suraxanı rayon Qaz İstismar İdarəsinin əməkdaşları “Fatmeyi Zəhra” məscidinə gələn qaz xəttini kəsiblər
Azərbaycan Servisi/Aran Agentliyi
Suraxanı rayon Qaz İstismar İdarəsinin əməkdaşları “Fatmeyi Zəhra” məscidinə gələn qaz xəttini kəsiblər. Məscidin dini icmasından APA-ya verilən məlumata görə, ötən gün axşam saatlarında məscidə gələn idarənin əməkdaşları bu tapşırığın Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən verildiyini bildiriblər. Dini icmanın üzvləri qaz xətinin kəsilməsinin qarşısını almaq istədikdə əraziyə polis çağırılıb. Qaz xətti kəsildikdən sonra isə məscidin girişində polis postu qurulub, məscidə heç kim buraxılmır. Məsələ ilə bağlı icma rəhbərliyi bu gün ölkə prezidentinə yenidən müraciət edib.
Qeyd edək ki, bu ilin may ayından məscidə gələn elektrik xətti də kəsilib.
Suraxanı rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Barxudar Barxudarov isə APA-ya bildirib ki, məscidə qaz verilişinin dayandırılması barədə icra hakimiyyətinin heç bir göstərişi olmayıb: “Qazı verən də, kəsən də Qaz İstismar İdarəsidir”. B. Barxudarov onu da qeyd edib ki, hazırda məscid fəaliyyət göstərmir, buna görə də qaz verilişinin dayandırılması təbiidir.
Suraxanı rayon Qaz İstismar İdarəsinin rəhbərliyi isə məsələyə aydınlıq gətirməyib.
Qeyd edək ki, Suraxanı rayon İcra Hakimiyyətinin iddiası əsasında 2 saylı Yerli İqtisad Məhkəməsi məscidin sökülməsi və həmin ərazinin icra hakimiyyətinin balansına verilməsi barədə qərar çıxarıb. Apelyasiya Məhkəməsi də bu qərarı qüvvədə saxlayıb.
  • Yazılıb
  • da (də) 2009 Dec 08