Tarix : 2009 Dec 08
Kod 15202

ADP: ''ATƏT və digər beynəlxalq qurumlar işğalçını dəstəkləyir''

DQ probleminin tənzimlənməsinin ədalətli həlli yalnız beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi çərçivəsində baş tuta bilər
Azərbaycan Servisi/Aran Agentliyi
Bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər və qarşıdan gələn bələdiyyə seçkiləri ilə bağlı məsələlər əsas müzakirə obyekti olub.
ADP mətbuat xidmətindən FaktXəbərə verilən məlumata görə, ATƏT- üzvü olan ölkələrin xarici işlər nazirlərinin Afina toplantısında Dağlıq Qarabağ məsələsi ilə əlaqədar aparılan müzakirələrə diqqət çəkən İdarə Heyəti üzvləri bu cür görüşlərin getdikcə intensiv xarakter almasına baxmayaraq DQ probleminin tənzimlənməsi istiqamətində hələ də ciddi dəyişiklərin baş verməməsindən və erməni tərəfinin danışıqlarda qeyri konstruktiv mövqe tutması ucbatından məsələnin dinc və ədalətli həllini tapmamasından narahat olduqlarını bildirib. İdarə Heyəti üzvləri problemin bu qədər uzanmasının əsas səbəbinin beynəlxalq hüquq normalarına zidd olaraq işğalçı tərəfin işğalın nəticələrindən bəhrələnməsinə laqeyd qalan ATƏT və digər beynəlxalq qurumların işğalçılıq niyyətindən geri durmaq istəməyən Ermənistana dolayısı ilə himayədarlıq etməsi olduğunu ictimaiyyətin diqqətinə çatdırıb. İdarə Heyəti üzvləri DQ probleminin tənzimlənməsinin ədalətli həllinin yalnız beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi çərçivəsində baş tuta biləcəyini bir daha bəyan edib.
Türkiyənin baş naziri R.T.Ərdoğanın ABŞ səfərinə xüsusi önəm verən toplantı iştirakçıları bu səfərin nəticələrinin geopolitik qaynarlıq nöqtəsi olan Yaxın Şərqdə və Cənubi Qafqaz regionunda, eləcə də İran və Əfqanıstanda cərəyan edən mürəkkəb siyasi proseslərin gedişinə müsbət təsir edə biləcəyinə əmin olduqlarını bildirib. İdarə Heyəti üzvləri eyni zamanda Türkiyə baş nazirinin səfər öncəsi  Dağlıq Qarabağ problemi öz həllini tapmadan Türkiyə Ermənistan münasibətlərinin normallaşa bilməyəcəyi barədə səsləndirdiyi birmənalı bəyanatını da təqdir edib.
İdarə Heyəti üzvləri son vaxtlar Evronyus və RENTV kimi tanınmış telekanallarda Dağlıq Qarabağın guya Ermənistana aid olmasını əks etdirən filmlərin nümayiş etdirilməsindən ciddi narahat olduğunu bildirib və bu cür verilişlərin Azərbaycan ərazilərinin işğalına bəraət qazandırmaq istəyən rus-erməni cütlüyünün birgə işləyib hazırladığı əks təbliğat planı olduğunu qeyd edib. Toplantı iştirakçıları Azərbaycan əlehinə yonəlmiş bu cür provokosion təbliğatın zərərsizləşdirməyin yolunun hec də hakimiyyətin gecikmiş müdafiə reaksiyasında deyil, yalnız önləyici addımlar atmaqla təbliğatın aktiv müdaxilə üsulunda olduğunu bildirib və hakimiyyəti DQ problemi ilə bağlı təbliğatda ciddi dönüş yaratmağa çağırıb.
Son vaxtlar ABŞ-ın Əfqanıstanda yerləşən hərbi kontingentin NATO və müttəfiqlərinin hesabına daha da artırılmasının yenidən müzakirəyə gəlməsinə münasibət bildirən İdarə Heyəti üzvləri demokratik təsisatların qorunması adı altında bir ölkəyə alternativ dinc variantlardan fərqli olaraq bu qədər hərbi qüvvənin yerləşdirilməsinin İraq təcrübəsindən göründüyü kimi uğurlu nəticə verməyəcəyini diqqətə çatdırıb və yalnız güc tətbiqinə söykənən bu addımın  bölgədə dünyanı təhdid altında saxlayan daha ciddi fəsadların törənə biləcəyindən narahat olduqlarını ifadə edib.
İdarə Hüyəti üzvləri Milli Məclisdə ilk dəfə Cümhurriyyət zamanında tarixi bayram kimi qeydə alınan 9 noyabr gününün yenidən bayraq günü kimi bayram edilməsi barədə qəbul etdiyi qərarı müsbət dəyərləndirib.Həmçinin iİdarə Heyəti üzvləri bayraqla bərabər digər dövlət atributlarının yüksək dəyərləndirilməsi və bu atributların bütün dünyada olduğu kimi qorunması üçün inzibati tədbirlərlə yanaşı xalqımızda mənəvi vətənpərvərlik hisslərinin gücləndirilməsinə yönəlik ictimai tədbir vasitələrindən səmərəli istifadə etməyə çağırıb.
İH-də həmçinin, Rusiyanın Perm şəhərində baş vermiş faciə ilə əlaqədar bu ölkənin Bakıdakı səfirliyinə başsağlığı məktubu göndərilməsi qərara alınıb.

İclasda bələdiyyə seçkilərinin gedişi ilə əlaqədar bəzi məsələlər də müzakirə edilib və partiyanın müvafiq strukturlarına tapşırıqlar verilib. 

  • Yazılıb
  • da (də) 2009 Dec 08