Tarix : 2009 Dec 08
Kod 15208

OBAMADAN “ƏLİYEVİ YOLA GƏTİR” TƏLƏBİ

Ərdoğanın ABŞ səfərində Azərbaycanla bağlı kritik müzakirələr Vaşinqton Bakının iki məsələdə geri addım atmasını istəyir
Türkiyə Servisi/Aran Agentliyi
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan dünən ABŞ-a səfəri zamanı prezident Barak Obama ilə Ağ Evdə kritik danışıqlar aparıb. Ərdoğan-Obama görüşü Bakı vaxtilə axşamdan xeyli keçmiş baş tutduğundan, görüşün təfərrüatları barədə sonrakı sayımızda məlumat verməyə çalışacağıq. Ancaq onların hansı məsələləri müzakirə edəcəkləri, bu və ya digər mövzu ilə bağlı mövqelərinin nədən ibarət olduğu böyük ölçüdə aydın idi.
Ərdoğanı müşayiət edən Türkiyə nümayəndə heyətindəki qaynaqlar bildiriblər ki, Obama ilə görüşdə İran, Əfqanıstan, Qarabağ münaqişəsi, Ermənistanla münasibətlər və İraq kimi hər iki tərəfi yaxından maraqlandıran məsələlər müzakirə olunacaq. AKP hökumətinə bağlı “Zaman” qəzeti isə görüş ərəfəsində “Ağ Evdə Qurdlar Vadisi - İran” başlıqlı analiz dərc edib.
Həmin yazıda deyilir ki, Türkiyənin üzünü Qərbdən Şərqə doğru çevirdiyi haqda mübahisələrin yaşandığı bir vaxtda baş tutan səfər zamanı baş nazirin İran məsələsi ilə bağlı verəcəyi mesajlar Vaşinqtonda maraqla gözlənilir. Belə ki, Tehranın nüvə fəaliyyətlərinə dair danışıqlar uğursuz olub, vəziyyət böhran həddinədək gərginləşib və Obama administrasiyası sanksiyalara əl atmağa hazırlaşır. Lakin Türkiyənin dəstəyi olmadan bu sanksiyaların effekti az ola bilər. Çünki Türkiyə İranla yaxın ticarətə və sərhədə malik ölkədir. Həmçinin BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvüdür və ABŞ onun İrana qarşı qətnaməyə səs verməsini gözləyir.
Türkiyə tərəfi isə danışıqlar ərəfəsində bildirib ki, İran məsələsi həqiqətən hər iki ölkəni yaxından maraqlandıran ortaq məsələdir, ancaq Ankara bu məsələdə konkret təkliflər üzrə konkret cavablar verəcək. Türkiyə İranla enerji sahəsində bu yaxınlarda iri sövdələşmələr əldə edib, həmçinin nüvə məsələsində Tehrana açıq dəstək verib. Bu baxımdan Ərdoğanın ABŞ-ın İrana qarşı hər hansı planında yer almağa razılıq verəcəyi ağlabatan görünmürdü. Türkiyəli analitiklər də hesab edirdilər ki, İran məsələsində anlaşmazlıq iki ölkənin münasibətlərini imtahana çəkə bilər.
  • Yazılıb
  • da (də) 2009 Dec 08