“Azərbaycan məscid sökən yox, məscid tikən dövlətdir. İndiyədək heç kimə məscid tikmək qadağan edilməyib
Azərbaycan Servisi/Aran Agentliyi
“Azərbaycan məscid sökən yox, məscid tikən dövlətdir. İndiyədək heç kimə məscid tikmək qadağan edilməyib. Amma hər şey qanunla tənzimlənməlidir. Təəssüf ki, bəziləri məscid söküntüsü ilə bağlı yalandan hay-küy qoparırlar”. Lent.az-ın məlumatına görə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov dini icmalara dövlət qeydiyyatına dair şəhadətnamələrin təqdim edilməsi mərasimindəki çıxışında belə deyib.
Komitə sədri bildirib ki, Azərbaycanda məscid yox, qanunsuz tikili sökülüb. Onun sözlərinə görə, qanunsuz evlər söküldüyü kimi, qanunsuz
tikilər də sökülür və bu, gələcəkdə də davam edəcək.
“Allah evini heç kəs sökə bilməz. Azərbaycanda məscid tikintisi və təmiri ilə bağlı məsələlərə Dini Qurumlarla İşlər Dövlət Komitəsi
məşğul olur və bu işlər komitənin razılığı ilə reallaşa bilər. İndiyədək bu işlər ayrı-ayrı qrupların, xarici qüvvələrin maraqlarına
xidmət edirdi. Amma indi qanunsuz heç bir iş görülməyəcək. Biz əsl dini dəyərlərin təbliği ilə məşğuluq. Azərbaycanda dinin
siyasiləşməsinə yol verilmir və bundan sonra da yol verilməyəcək” – deyə, Hidayət Orucov vurğulayıb.