Nardaran qəsəbəsində elektrik enerjisi ilə bağlı gərginlik qalır. İşığın yandırılmasına söz verilsə də, dünən axşam saatlarında qəsəbənin enerji təchizatı yenidən kəsilib
Azərbaycan Servisi/Aran Agentliyi
Nardaran qəsəbəsində elektrik enerjisi ilə bağlı gərginlik qalır. İşığın yandırılmasına söz verilsə də, dünən axşam saatlarında qəsəbənin enerji təchizatı yenidən kəsilib. Sakinlərin sözlərinə görə, kənddə işıqlar yalnız sübh namazına qalmış yandırılıb. Onlar elektrikin yenidən keçəcəyindən narahatdırlar. Yada salaq ki, aidiyyəti qurumlar tərəfindən işıq pulu ilə bağlı sakinlərə iki gün möhlət verilib. Demək, bu gündən kəndə elektrik enerjisinin verilməsi qeyri-müəyyən müddətə təxirə salınacaq. Vəziyyətin nə yerdə olduğunu öyrənmək üçün Nardaran qəsəbəsinə yollandıq.
Kəndin mərkəzindəki İmam Hüseyn meydanının yaxınlığında yerləşən Kənd Ağsaqqallar Şurasının qərargahı bağlı olduğundan ağsaqqallarla görüşə bilmədik. Meydanın yaxınlığında var-gəl edən sakinlər ağsaqqalların bir qisminin məsciddə günorta namazında olduğunu, bir necə ağsaqqalın isə məsələ ilə bağlı Sabunçu Rayon İcra hakimiyyətinə çağırıldığını dedilər.
Kənd sakini Vidadi Cəbrayılovun sözlərinə görə, son günlər işıqların tez-tez kəsilməsi camaatın səbir kasasını daşdırıb: “Kəndi işsizlik başına götürüb. Mən ailəmi dolandırmaq üçün neçə illərdi ki, burada göy-göyərti satmaqla məşğulam. Güc-bəla ilə dolanırıq. Hər ay 10 manat işıq pulu ödəyirəm. Amma yenə də işıqlarımızı kəsirlər. Qaz isə kəndə yeni verilib. Deyirlər ki, qazın qiyməti qaldırılıb. Onun pulunu necə verəcəyik bilmirik. İndi iş elə gətirib ki, camaat istixanaları işlədə bilmir. Odur ki, burada satdığım göyərtini gedib bazardan alıram”.
Söhbətimizə qoşulan Nazim Bayramov da işıq pulunu ödədiyini söyləyir: “Amma bu pulların hara getdiyini deyə bilmərəm. Hələlik iki gündür ki, kənddə işıq ,qaz var. Amma deyir, sabahdan kəsəcəyik. Hazırda hacılar məsələ ilə bağlı işıq idarəsindədilər. Hər şey onların apardığı danışıqlardan asılıdır”. Kənd sakini son günlər qəsəbəyə elektrik enerjisinin verilməsində fasilələr yarandığını bildirdi: “Dekabrın 5-də, səhər saatlarında bütün evlərin işıqları kəsildi. Hətta qəsəbədəki doğum evinə belə gün ərzində işıq verilməyib. Havalar nisbətən isti olan vaxt adamlar bir təhər dözürdü. Qazın və işığın olmaması kənddə ciddi problemlər yaradıb. Vəziyyət belə davam etdiyindən əhali yenidən etiraz aksiyalarına başlamaq məcburiyyətində qalıb”. Həmsöhbətimiz Nardarana verilən elektrik enerjisinin əvvəllər də kəsildiyini bildirdi.
Kəndin digər sakini İlqar Abbasov söylədi ki, kənd ağsaqqalları dəvəti əvvəlcə qəbul etməsələr də, sonradan icra hakimiyyəti ilə görüşməyə razılıq verdilər: “Fikrimiz qətidir. Kənddə hələlik sayğaclaşdırma aparılmayacaq. Qərara alınıb ki, imkanımız çatacaq qədər işıq pulu ödəyək. Deyilən 340 min manatı isə ödəyə bilmərik. Kənd camaatının buna imkanı yoxdur. Hamı işsiz - gücsüzdür. Qazın qiyməti o qədər yuxarıdır ki, qorxumuzdan yandıra bilmirik. Əgər hökumət bizim dediklərimizlə razılaşmasa, onda yenidən aksiyalara başlayacağıq. Başqa çarəmiz yoxdur”.
İ.Abbasov müntəzəm olaraq işıq pullarını ödədiklərini dedi: “Amma indi deyirlər ki, sizin işığa borcunuz var. Srağagün isə boynumuza minnət qoyaraq kəndə işıq verdilər. Kənd əhli hər ay 5-10 min manat işıq pulu verib. Bundan əlavə, qəsəbədə bağı olan imkanlı məmurlar da işıq pulu ödəyir. Amma bu pullar kimlər tərəfindən mənimsənilir, bilmirik”. İ.Abbasovun fikrincə, bələdiyyə seçkiləri öncəsi kənddə bu cür halların baş verməsi təsadüfi deyil: “Bəzi qüvvələr istəyir ki, Nardaranı əvvəlki qaydada idarə etsinlər, belə təxribatlar törətməklə camaata bələdiyyə seçkilərini unutdursunlar. Bu məqsədlə necə gündür ki, ana-bacılarımızı soyuqda qoyublar. Buna dözmək fikrimiz yoxdur. Hazırda kənddə pul yığılır. İndi camaat nə işıqdan, nə də qazdan istifadə edə bilir. Belə demokratiya olmaz. İşsizlik bizi üzüb. Belə getsə qazandığımız pulları qaz və işığa verməli olacağıq. O ki qaldı sayğaclaşdırmaya, hələlik onun aparılmasına ehtiyac görmürük. Çünki kənd camaatına sərf etmir. Qərar var ki, kənddə hər bir ailə ayda 20-30 manat işıq pulu ödəsin”.
Kənd Ağsaqqallar Şurasının üzvü Məşədi Natiq Kərimov isə bizimlə söhbətində artıq işıq idarəsi ilə ilkin razılığa gəlindiyini dedi: “Bir həftə bizə vaxt verilib. Qarşı tərəf kənddə kabelləşmənin aparılmasını tələb edir. Biz də bununla razılaşmırıq. Daha doğrusu, bu işin görülməsinə kənd camaatının gücü çatmır. Qalmışıq belə. Sakinlərin əksəriyyəti pulu vaxtında ödəyir, ola bilsin pulu kimsə yeyir. Hesab edirəm ki, kimsə nardaranlıları qəsdən qıcıqlandırıb sabitliyi pozmaq istəyir. Onu deyim ki, srağagün camaatdan 1000 manat yığıb işıq idarəsinə verdik. Amma yenə də işığımızı yandırmadılar. Deyirlər, nardaranlıların işıq idarəsinə 340 min manat borcu var. Bu pul verilməsə, işıqlar yandırılmayacaq. İki gündür camaatdan pul yığmağa başlamışıq. Hər ailədən 10 -20 manat yığılır”.
Bakı Kəndlərinin Hüquqlarını Müdafiə Komitəsinin sədri Rasim Əlizadə bu cür narazılıqların təsadüfi olmadığını bildirdi: “Bələdiyyə seçkiləri öncəsi bu cür narazılıqların baş qaldırmasını təsadüf hesab etmirəm. Komitə dəfələrlə bəyan edib ki, hansısa qüvvə nardaranlıları qarşıdurmaya sürükləyir. Onu deyim ki, bu cür problemlər Bakıətrafı kəndlərin hamısında yaşanır. Amma yenə də qabağa nardaranlılar düşdü. Bəziləri belə düşünər ki, bu camaat aksiyaları özlərinə peşə edib. Əslində baş verənlər icra başçısı Əlibaba Əliyevin təxribatından başqa bir şey deyil. Məsələ ondadır ki, müəyyən qüvvələr bu cür problemləri yaratmaqla ictimaiyyətin diqqətini bələdiyyə seçkilərindən yayındırmağa çalışırlar. Məqsəd Bakıətrafı qəsəbələrdə bələdiyyə seçkilərini saxtalaşdırmaqdı”. R.Əlizadənin fikrincə, Nardaranda yaranmış vəziyyətə görə əsasən yerli icra hakimiyyəti orqanları günahkardır.
Qeyd edək ki, “Bakıelektrikşəbəkə”nin enerji paylayıcı şirkətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev son üç il yarımda Nardaranın elektrik enerjisinin haqqını ödəmədiyini bildirib.
Onu da xatırladaq ki, srağagün qəsəbədə keçirilən aksiya zamanı kənd sakinləri Nardarana gələn avtomobil yollarını bağlayıb və qəsəbənin ortasında maşın təkərlərinə od vurublar. Əraziyə polis qüvvələri gəlib. Amma heç bir qarşıdurma müşahidə olunmayıb.
Bundan sonra bir qrup kənd ağsaqqalı vəziyyətlə bağlı mətbuat konfransı keçirib.