Azərbaycan Servisi/Aran Agentliyi
“Amerikanın Azərbaycana nə zaman səfir təyin edəcəyi və səfirin kimliyi barədə hələlik bizdə hər hansı məlumat yoxdur. Ona görə də cənab Brayzanın dedikləri ilə bağlı bir söz deyə bilmərəm”.
Bu sözləri qəzetimizə açıqlamasında ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayzanın son açıqlamasını şərh edərkən ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Terri Devidson söylədi. Qeyd edək ki, Brayza səfir təyinatı haqqında məsələnin gündəlikdə olduğunu, amma hələlik qərar qəbul edilmədiyini deyib. Onun sözlərinə görə, ABŞ administrasiyasının qərarını gözləyir. “Şəxsən mən Azərbaycanda, ABŞ-ın partnyoru olan ölkələrdən birində işləmək istərdim” - deyə Brayza qeyd edib.
Təyinat məsələsinin niyə bu qədər uzanması barədə suala cavabda diplomat bildirib ki, bunda qeyri-adi bir şey yoxdur: “Amerika səfirlərinin təyin edilməsi proseduruna diqqət yetirsəniz, görərsiniz ki, bu, kifayət qədər vaxt alır”.
Hazırda nə ilə məşğul olması barədə suala cavabda Brayza deyib ki, Dövlət Departamentində işini davam etdirir: “Minsk Qrupunda işimi başa vurmuşam və ən qısa zamanda növbəti təyinatımı alacağıma ümid edirəm”.
Ancaq bu fikirləri şərh etməkdən imtina edən T.Devidson ABŞ-ın bir çox ölkələrdə səfirinin olmadığını bildirməklə kifayətləndi.
Qəzetimiz çapa hazırlanarkən ABŞ-ın Azərbaycanda səfir təyinatının gecikməsi ilə bağlı olduqca ilginc məlumat aldıq. Mötəbər mənbənin dediyinə görə, dekabrın sonlarında ABŞ Dövlət Departamenti Azərbaycanda insan hüquqlarının və demokratiyanın vəziyyəti ilə bağlı illik hesabat yayacaq: “Diplomatik mənbələr vasitəsilə aldığım məlumata görə, həmin sənəddə olduqca sərt tənqidi məqamlar əksini tapacaq. Azərbaycanda jurnalistlərin, bloggerlərin həbsi, səsrbəst toplaşma azadlığının məhdudlaşması, bələdiyyə seçkiləri ərəfəsində baş vermiş total pozuntular və s. məsələlərlə bağlı tənqidlər Azərbaycandakı Amerika radiostansiyalarının yayımına qadağa qoyulmasına cavab sayıla bilər”.
Hətta belə bir sərt ruhlu sənədin hazırlanmasından rəsmi Bakının da məlumatlı olduğu və son zamanlar Azərbaycan hakimiyyətinin ABŞ-ın planlarına qarşı açıq çıxış etməsinin həm də bu münasibətdən qaynaqlandığı deyilir. Aldığımız xəbərdə o da bildirilir ki, ABŞ-ın Azərbaycanda səfir təyinatını uzatması da məhz münasibətlərdəki gərginliklə əlaqədardır. Yeri gəlmişkən, bir müddət əvvəl mətbuatda ABŞ-ın 2010 parlament seçkiləri ilə əlaqədar Azərbaycanla bağlı planının olması barədə xəbərlər yayılmışdı. Hesab olunur ki, Dövlət Departamentinin hesabatı bu planın anonsu sayıla bilər. Ancaq mənbə onu da dedi ki, Azərbaycan hakimiyyətinin təmsilçiləri Dövlət Departamentinin hesabatındakı tənqidlərin sərtliyini azaltmaq üçün hərəkətə keçib.
İş günü başa çatdığından səfirliyin rəyini ala bilmədik. Mövzunu davam etdirəcəyik.