Azərbaycan Konstitusiyasının və ölkənin qoşulduğu beynəlxalq-hüquqi sənədlərin, o cümlədən Mülki və Siyasi Hüquqlar haqqında BMT Paktının
Azərbaycan Servisi/Aran Agentliyi
Mətbuat Mərkəzində 2009-cu il ərzində dini etiqad azadlığı sahəsində baş verən dəyişikliklərlə bağlı DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin) hesabatına həsr edilmiş mətbuat konfransı keçirilmişdir.
DEVAMM-ın sədri Hacı İlqar İbrahimoğlunun təqdim etdiyi hesabatda bildirilir ki, 2009-cu ilin əvvəlindən başlayaraq dini etiqad və vicdan azadlığı sahəsində vəziyyət kəskin surətdə pisləşməyə məruz qalmışdır. Belə ki, həm qanunvericilik sahəsində, həm praktikada vicdan azadlığının məhdudlaşdırılması, o cümlədən dini etiqad azadlığının əsassız və qanunsuz pozulması halları xeyli artmışdır. O cümlədən, “Dini etiqad azadlığı haqqında” qanuna mürtəce dəyişikliklər edilmişdir. Bu dəyişiklikləri ümümiləşdirən amil - onların büsbütün olaraq dini etiqad azadlığı sahəsində vəziyyətin psiləşməsinə xidmət etməsi olmuşdur.
Azərbaycan Konstitusiyasının və ölkənin qoşulduğu beynəlxalq-hüquqi sənədlərin, o cümlədən Mülki və Siyasi Hüquqlar haqqında BMT Paktının, BMT İnsan Hüquqlarının Ümumi Bəyannaməsinin, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Avropa Konvensiyasının dini etiqad və vətəndaşların ittifaqlarda sərbəst birləşmə hüquqlarını təsbit edən normalarının ziddinə olaraq, dini icmaların qeydiyyatsız olaraq fəaliyyəti qadağan edilmiş, inanclı insanların birgə dini fəaliyyət həyata keçirməsi üçün qeydiyyatdan keçməsi müddəası qanuna əlavə edilmişdir, dini ədəbiyyatın anti-konstitusion senzurası təsdiqlənmiş, dini ədəbiyyatın yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi lisenziya əsasında xüsusi mağazalarda satıla bilinməsi kimi azad sahibkarlığa və sərbəst məlumat əldə etmə hüququna qarşı yönələn normalar təsdiqlənmişdir.
Bundan əlavə, qeydiyyat şərtləri xeyli sərtləşdirilmiş, həmin qanuna dini icmaların fəaliyyətinin qadağan edilməsinin əsasları barədə 9 bənddən ibarət xüsusi bir fəsil də daxil edilmişdir. Bununla yanaşı, qanuna, qeydiyyatdan keçmək istəyən təsisçilərin bu və ya digər məsələlər üzrə etiqadını büruzə verməyə məcburiyyətlə şərtlənən bir norma daxil edilmişdir.
Digər dəyişikliklə xaricdə dini təhsil alan insanların Azərbaycanda dini ayinlərə rəhbərlik etməsinə qadağa qoyulur. Təqsirsizlik prezumpsiyası və insanların qanun qarşısında bərabərliyi, eləcə də dini etiqad ayinlərinin icrasının maneəsizliyi barədə konstitusiyaya və beynəlxalq hüquqa əsaslanan müddəaları kobud surətdə pozan bu qanun dəyişikliyi sayəsində bütöv bir akademik təbəqə öz ümdə insan haqlarının həyata keçirilməsindən məhrum edilir.
Dəyişikliklərin absurdluğu o dərəcədədir ki, hətta QMİ kimi hər zaman loyal olan rəsmi dini qurumlar da bunları kəskin tənqid etmişlər.
Faktiki olaraq, konkret məmurlar bu dəyişiklikləri rəhbər tutaraq, istədikləri insan və yaxud qrup tərəfindən Konstitusiya və beynəlxalq hüquqla təsbit edilmiş dini ayinlərin icra etmək hüququnu qadağan etmək üçün geniş və nəzarət olunmayan səlahiyyətlər əldə edir.
Bununla yanaşı, dini etiqad azadlığının praktikada pozulması prosesi də ilin əvvəlindən görünməmiş vüsət əldə etmişdir. Belə ki, ilin əvvəlində 2 məscid sökülmüş, 1 məscidin ərazisini zəbt etmək cəhdi edilmiş, 1 məscidin sökülməsinə cəhd edilmiş, 3 məscid bağlanmışdır.
Fevral-mart aylarında Azərbaycanın bir sıra bölgələrində yerləşən bəzi tədris müəssisələrində yerli məmurlar tərəfindən inanclı şagird, tələbə və müəllimələrə hicab qadağası tətbiq olunmuşdu.
Oktyabrın sonu-noyabrın əvvəllərində ölkədə azanla bağlı böhran yaşanmışdır. Demək olar ki, paytaxtın bütün mərkəzi məscidlərində, Gəncə şəhərinin bir çox məscidlərində,
Dekabrın əvvəllərindən etibarən, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəhbərliyi tərəfindən vicdan azadlığının məhdudlaşdırılmasına yönəli növbəti silsiləvi çıxışlar edilməyə başlandı. Bu sırada, məscidlərin nəinki tikintisi, hətta təmir-bərpası üçün də DQİDK-dən icazə almaqla bağlı əsassız tələblər, müxtəlif dini mərasimlərin keçirilməsinə dair nizamlayıcı normaların tətbiqi cəhdi, dini ədəbiyyatın lisenziya əsasında satışını təmin etməyə yönələn praktiki addımlar və digər bu qəbildən olan nümunələrə müraciət etmək olar.
Hesab edirik ki, bütün bu göstərilənlər dini etiqad azadlığının pisləşməsinə birbaşa və bilavasitə səbəb olmaqla yanaşı, din adından ekstremist və radikal layihələrin müəlliflərinə güclü yardım etmiş olur və dini həyatın xeyli səviyyədə gizli formaya keçid etməsinə səbəb olur. Göstərilən faktlar din adından ekstremizm pərdəsi altında ictimai sabitliyin pozulmasına şərait yaradır və marqinallaşdırılmış kateqoriyaların bu fonda say artımına səbəb olur və ictimai proseslərin mənfi məcraya yönəlməsi perspektivini reallaşdırır.
Bir mühüm müddəanı da qeyd etməyi lazım bilirik. Əfsuslar olsun ki, bir sıra məmurlar “güclü dövlət” konsepsiyasını nə üçünsə cəmiyyətin hər bir sahəsini nəzarətdə saxlamaq və ifrat tənzimləmək kimi başa düşürlər. Əslində isə, güclü dövlətin məhz insan hüquq və azadlıqlarını tam və dolğun təmik etməklə, dövlət tənzimlənməsinin rasional minimuma endirilməsi ilə səciyyələnməsi – aydın həqiqətdir. Bunu görmək üçün bu günün reallığına nəzər salmaq yetərlidir. Əgər dünya dövlətlərini iqtisadi və siyasi təsirlilik baxımından və cəmiyyətin sabitliyi baxımından sıralamaq istəsək, ölkələrin reytinqinin hüquq və azadlıqların, o cümlədən, dini etiqad azadlığının təmini əsasında olduğunu bir daha görərik.
Biz hazırkı hesabatı təqdim etməklə ölkə ictimaiyyətinə, ölkəmizin müvafiq qurumlarına dini etiqad sahəsində olan real vəziyyəti çatdırmaq və üzümüzə gələn ildə bu problemlərin əmələn həll edilməsi yönündə praktiki və effektiv addımların atılması üçün öz töhfəmizi vermək məqsədini güdürük. Ümidvarıq ki, gətirdiyimiz dəlillərə kifayət qədər diqqətlə və anlaşılma ilə yanaşılacaq.