Tarix : 2009 Dec 10
Kod 15265

Qarabağ münaqişəsinin “gələn il”i

“Gələn il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yekun razılaşma əldə edilə bilər“. Bunu Rusiya Xarici İşlər Nazirliyinin informasiya ...
Azərbaycan Servisi/Aran Agentliyi
“Gələn il Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yekun razılaşma əldə edilə bilər“. Bunu Rusiya Xarici İşlər Nazirliyinin informasiya və mətbuat departamentinin rəhbəri Andrey Nesterenko deyib. Əslində, Nesterenkonun bəyanatında təəccüblü heç nə yoxdur. ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin ayrı-ayrı rəsmilərinin “münaqişə gələn il həll olunacaq”, yaxud, “münaqişənin gələn il həlli üçün imkanlar var” və s. kimi bəyanatları artıq adət halını alıb. Hər ilin sonunda oxşar bəyanatları fərqli təqdimatlarda çox eşitmişik. Belə bəyanatlar səslənir, illər dəyişir, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar isə “ölü nöqtə”dən tərpənmir. 2009-cu il də sona yaxınlaşır. İlin bitməsinə bir neçə gün qalmış ənənəvi yeni il vədlərinin vaxtı yetişib deyəsən. Bu dəfəki vədi Andrey Nesturunko verdi.

Andrey Nesterenkonun ötən gün keçirdiyi mətbuat konfransında çeynənmiş ifadələr çoxdur: “Azərbaycan və Ermənistan Dağlıq Qarabağ probelmi ilə bağlı ciddi sıçrayış yolundadırlar”, “Bu il danışıqlar prosesində müsbət dinamika əldə edilib” və s. Onun ən maraqlı bəyanatı ilə rəsmi Bakının ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılığı ilə bağlıdır. Rusiya XİN rəsmisi bildirib ki, rəsmi Moskvaya Azərbaycandan Minsk qrupunun işi ilə bağlı narazılıq daxil olmayıb. Halbuki, Azərbaycan prezidentinin Münhen görüşü ərəfəsində səsləndirdiyi bəyanatdan cəmi 20 gün keçib. İlham Əliyevin Goranboy rayonunda məcburi köçkünlər qarşısındakı çıxışı hələ də müzakirə mövzusudur. Azərbaycanın dövlət başçısı açıq şəkildə bəyan etmişdi ki, 2009-cu ildə prezidentlər səviyyəsində bir neçə görüş keçirilsə də, onların hamısı nəticəsiz qalıb. O zaman Andrey Nesterenko hansı “müsbət dinamika”dan danışır, bəlli deyil. Sadəcə olaraq, həmsədr ölkələr rəsmi Bakının sülh danışıqlarına olan ümidinin yox olmasından ehtiyatlanırlar. Onlara məlumdur ki, Azərbaycanın tükənməz səbri artıq tükənmək üzrədir. Bunu Azərbaycan prezidenti də məşhur çıxışında demişdi: “Bir neçə gündən sonra Ermənistan prezidenti ilə mənim növbəti görüşüm olacaqdır. O görüşə biz öz proqramımız ilə gedirik. O görüş danışıqlar prosesində həlledici rol oynamalıdır. Çünki bu il bir neçə dəfə görüşlər oldu, onların heç bir nəticəsi olmadı. Əgər bu görüş nəticəsiz qalsa, onda danışıqlara ümidlərimiz tükənəcəkdir. Danışıqlara ümidimiz tükənsə, o zaman bizim başqa yolumuz qalmır. Biz buna da hazır olmalıyıq. Son illər ərzində ordu quruculuğunda görülən işlərin təbii ki, məqsədi vardır. Biz milyardlarla vəsait xərcləyirik, ordumuzu gücləndiririk, yeni silahlar alırıq, texnika alırıq, təmas xəttində öz mövqelərimizi gücləndiririk. Bunu ona görə edirik ki, biz bu variantı heç vaxt istisna etməmişdik və etmirik də. Bizim tam hüququmuz var ki, öz torpaqlarımızı hərbi yolla azad edək”. Rəsmi Bakının müharibə variantını seçə biləcəyi həmsədr ölkələri ciddi şəkildə narahat edir. Bu səbəbdən də onlar “müsbət dinamika” təsəvvürü yaratmaqla, sülh danışıqlarında hər şeyin qaydasında olduğunu göstərməyə çalışırlar.

“Sülh göyərçinləri” yenə Bakıdadırlar. Onlar “Madrid prinsipləri”nin yenilənmiş variantını Azərbaycan rəsmilərinə təqdim etməlidirlər. Həmsədrlər bir müddət sonra İrəvana da gedəcəklər. Bu da vaxt uzatmağa xidmət edən addımdır. Yenilənmiş variant tərəflərə təqdim olunacaq, onlara sənədlə tanış olmaq üçün vaxt veriləcək və hər şey təzədən başlayacaq. Yenə nəticəsiz görüşlər, ənənəvi bəyanatlar, münaqişənin olduğu vəziyyətdə saxlanılması…

Amma 2010-cu ildə münaqişə həllini həqiqətən tapa bilər. Bunun “sülh göyərçinləri”nin vasitəçiliyi ilə baş tutması az inandırıcı olsa da, rəsmi Bakı istənilən yolla işğala son qoymaqda israrlı görünür. Bu baxımdan, 2010-cu ildə ikinci Qarabağ savaşının başlama ehtimalı böyükdür.
 
  • Yazılıb
  • da (də) 2009 Dec 10