Azərbaycan Servisi/Aran Agentliyi
Jurnalistləri Müdafiə Komitəsinin yaydığı məlumata görə, dünyanın müxtəlif ölkələrində həbsdə olan KİV əməkdaşlarının demək olar ki, 45%-i ştatdankənar işçilərdir və son vaxtlar bu kateqoriya məbusların sayının belə kəskin şəkildə artması qlobal xəbər biznesi strukturunda dəyişikliklərdə əksini tapır.
JMK-nın dərc edilmiş illik statistik hesabatına əsasən, dekabrın 1-nə ümumilikdə 136 reportyor, redaktor və fotojurnalist həbsdə idi ki, bu da 2008-ci ildəkindən 11 nəfər çoxdur.
Əvvəlki 11 ildə də olduğu kimi, birinci yeri Çin tutur. Dünyanın müxtəlif ölkələrində ən azı 60 ştatdankənar jurnalist həbs cəzası çəkir ki, bu da 3 il əvvəlki dövrlə müqayisədə 2 dəfə çoxdur.
«Jurnalistlərin öz media təşkilatlarının güclü dəstəyinə arxalanaraq, təhlükəli vəzifələrə göndərildiyi vaxtlar geridə qalır. Bu gün ön cəbhədə daha çox müstəqil jurnalistlər işləyir. İnternet-jurnalistikanın inkişafı yeni nəsil reportyorların meydana çıxmasına gətirib çıxarıb, eyni zamanda, onları əvvəlki müdafiədən məhrum edib», JMK-nın icraçı direktoru Coel Saymon belə deyir.
JMK-nın statistikası göstərir ki, həbsdə olan İnternet-jurnalistlərin sayı artmaqda davam edir. Hazırda ən azı 68 blogger, internet-reportyor və onlayn nəşrlərin redaktorları həbsdədir. Bu, həbsdə olan bütün jurnalistlərin yarısıdır. Çap nəşriyyatlarının reportyorları, redaktor və fotoqrafları sayca növbəti peşə qrupunu təşkil edir ki, 2009-cu ildə bu qrupun 51 nümayəndəsi həbsdə olub. Qalan məhbus jurnalistlər radio və televiziya əməkdaşları və sənədli film müəllifləridir.
Hakimiyyət tərəfindən arzuolunmaz jurnalistlərə qarşı daha çox qiyama çağırış kimi dövlət əleyhinə fəaliyyət ittihamlarından istifadə olunsa da, JMK-nın statistikası hakimiyyətin hüquqi prosedurlara üz tutmadan, jurnalistlərə qarşı ümumiyyətlə heç bir ittiham irəli sürmədən onları həbs etməsi hallarının artdığını göstərir. Siyahının dörddə birindən çox hissəsini təşkil edən 39 halda jurnalistlərə qarşı heç bir formal ittiham irəli sürülməyib.
Formal ittihamlar və məhkəmə prosesi olmadığı üçün hüquqi müdafiədən məhrum edilmiş ən azı 20 jurnalistin saxlanma yeri haqqında məlumat açıqlanmır. Onların əksəriyyəti Eritreyada həbsdə saxlanılır. Bu ölkə hökuməti hətta jurnalistlərin sağ olub-olmadığını təsdiq etməkdən belə imtina edir.
Çində son bir neçə ildə həbs edilmiş jurnalistlərin sayı azalıb, amma ölkə həbsxanalarında saxlanılan 24 KİV əməkdaşı Çinin bu siyahıda birinci yerdə qalmasını təmin edir. Onlardan 22-si ştatdankənar jurnalistdir. Xüsusən, sənədli filmlər çəkən Dxondup Vanqçen 2008-ci ildə Tibetdə sənədli material çəkib xarici həmkarlarına göndərdikdən sonra həbs edilib. Bu karlar əsasında hazırlanmış “Jigdrel” (Leaving Fear Behind) - “Ciqdrel” (Qorxunu geridə buraxaraq) adlı 25 dəqiqəlik filmdə sadə tibetlilər Çin rejimində necə yaşadıqlarından danışırlar.
Dünyada həbsdə olan jurnalistlərin sayına görə dördüncü yeri Eritreya tutur, bu ölkədə dekabrın 1-nə 19 jurnalist həbsdə idi.
Həbsxanalarında 9 jurnalist olan Birma siyahıda beşinci yeri tutur.
JMK-nın siyahısında altıncı və yeddinci yerləri müvafiq olaraq Özbəkistan və Azərbaycan tutur. Özbəkistan həbsxanalarında 7 jurnalist, Azərbaycanda isə 6 jurnalist həbsdədir. Yeddinci jurnalist – Novruzəli Məmmədov hakimiyyətin zəruri tibbi yardım göstərməkdən imtina etməsindən sonra həbsxanada dünyasını dəyişib.
Nyu-Yorkda qeydiyyatda olan Jurnalistləri Müdafiə Komitəsi müstəqil qeyri-kommersiya təşkilatıdır və bütün dünyada mətbuat azadlığı uğrunda mübarizə aparmaq məqsədilə yaradılıb. Əlavə məlumatı www.cpj.org saytında əldə etmək olar./TURAN/