Tarix : 2009 Dec 10
Kod 15267

İSA QƏMBƏR RAMİZ MEHDİYEVİ SƏRT TƏNQİD ETDİ

"Ramiz müəllim akademik olanda, başqaları niyə alimliyə can atmasınlar?"
Azərbaycan Servisi/Aran Agentliyi
Dekabrın 9-da Müsavat Partiyasının qərargahında partiyanın bələdiyyəyə namizədləri ilə görüş keçirilib. FaktXəbərin məlumatına görə, Müsavat Partiyası İcra Aparatının rəhbəri Arif Hacılı bələdiyyə seçkilərilə əlaqədar mətbuat nümayəndələrinə açıqlama verib. Onun sözlərinə görə, Müsavat Partiyasının minə yaxın namizədi mərkəzləşmiş formada sənədlərini MSK-ya təqdim edib. Bundan əlavə bitərəf kimi də namizədliklərini verən partiya üzvləri olub. Arif Hacılı dediklərinə əlavə etdi ki, “Əvvəlki bələdiyyə seçkilərində də qanun pozuntuları qeydə alınırdı. Lakin budəfəki kimi partiya üzvlərinə basqılar olmamışdı. Rəsmi olaraq 150, partiya mənsubiyyətini göstərmədən isə 470 namizəd qeydiyyatdan keçib. Seçkilərdə bəzi imtiyazlara bu namizədlərin sayı kifayət etməsə də, fəal şəkildə iştirak etmək istəyirik”.
Namizədlərə Müsavat Partiyasının rəhbərliyi tərəfindən böyük dəstəyin olduğunu bildirən A.Hacılı, xüsusi olaraq vurğuladı ki, hakimiyyət dairələri bələdiyyə seçkilərinin nəticələrini indidən həll edib: “Əvvəllər seçki abhavası hiss olunurdusa, indi hakimiyyət dairələri siyasi proseslərin getməsinə və debatların baş tutmasına imkan vermir”. 
 
Müsavat Partiyasının seçki məsələləri üzrə səlahiyytəli nümayəndəsi Gülağa Aslanlı rayonlarda olan təzyiqlərdən danışdı: “Yerlərdə bizə kifayət qədər təzyiqlər oldu. Azərbaycanda seçkilə bağlı şikayətlərə demək olar ki, baxılmır. On üç şikayət etsək də, heç birinə cavab almamışıq. Hakimiyyət seçkilərdən böyük qorxuya düşüb. Buna görə də, ədalətli seçkiyə şərait yaratmırlar. Amma çətinliklərə baxmayaraq, müəyyən qədər sənəd təqdim etdik”.
 
Müsavat Partiyasının başqanı İsa Qəmbər minlərlə müsavatçının içindən hakimiyyətin təzyiqlərinə baxmayaraq, namizəd kimi seçilənləri qalib hesab edərək, onları təbrik etdi. İ.Qəmbər bildirdi ki, bu seçkilərdə çox ciddi mövqe ortaya qoyulub. “Burada sizin də xüsusi fəallığınızı qiymətləndirmək lazımdır. Hakimiyyət minlərlə namizədimizin müxtəlif mərhələlərdə qarşısını aldı. Biz partiya rəhbəri olaraq seçki platformasının hazırlanmasına aid tapşırıqlar verdik. Bu platforma hamıya təqdim olunacaq. Orada bir çox problemlərin həlli istiqamətində addımlar atılıb. Məsələn, bələdiyyə sektorunda islahatların aparılması, böyük şəhər bələdiyyəsinin yaradılması, bələdiyyə sədrinin birbaşa seçilməsi, qanunsuz qərarların araşdırılması, sosial sahədə isə imkansız və şəhid ailələrinə, əsgər analarına yardımların olunması nəzərdə tutulur. Bundan əlavə bələdiyyələrin iş prinsipində təcrübələrə ehtiyac da var. Hesab edirəm ki, bu seçkilər Əliyev hakimiyyətinin sonuna başlanğıc olmalıdır. Daxildən bu rejimin çürüməsi göz qabağındadır.
Prezident adminstrasiyasının rəhbəri bəzi etiraflarla bunları sübut etdi. Həmişəki kimi Ramiz Mehdiyev palaz-palaz məqalələrlə meydana çıxmağa çalışır. Fikirimcə bu, iflasın nişanəsidir. Məqalədə onun öz dililə bütün sahələrin iflası etiraf olunur. Ölkədə savadlı hüquqşünas tapa bilmirlər. Sən Ramiz və İlham alimə qəpik-quruş verirsən, təhsili korrupsiya yuvasına çevirmisən, alimin evini əlindən alırsan, sonra da onlardan yüksək mövqe gözləyirsən. Savadlı şəxsləri həbsə atırsansa, əlbətdə ki, Prezident Aparatında işləməyə səviyyəli hüqüqşünas tapa bilməyəcəksən”.
 
İ.Qəmbər məlum məqalənin savadsız və ziddiyyətlərlə dolu olduğunu da bildirdi: “Məqaləni sona qədər oxumadım. Çünki savadsız yazıları oxumağa hövsələm çatmır. Maraqlansaz, siz tapıb oxuya bilərsiniz. Başdan-ayağa etiraflarla doludur. Belə çıxır ki, bütün problemləri 16 il Əliyev rejimi yox, bir il hakimiyyətdə olmuş bizlər yaradıb. Cənab Ramiz bəy yazır ki, biznesmenlər alim olublar. Ramiz müəllim akademik olanda, başqaları niyə alimliyə can atmasınlar? O təhsil ocaqları haqqında da fikir bildirir. Şərqşünaslıq İnstitutu haqqında yazır ki, guya onlar Azərbaycan dəyərlərindən çıxış etmirlər. Səbəb kimi də İraqın Bəəs Partiyası haqqında araşdırmanı göstərir. Çox düzgün hərəkət edir. Çünki Bəəs Yeni Azərbaycan Partiyasının bir obrazıdır. Ramiz Mehdiyev çox yaxşı başa düşür ki, Bəəsin fəaliyyətilə tanış olan tələbələr, YAP-ın həqiqətini görəcəklər. Səddam Hüseynin aqibətini dərk edəndə bəlli olacaq ki, bu rejim də yavaş-yavaş süqut günlərinə tərəf addımlayır”.
  • Yazılıb
  • da (də) 2009 Dec 10