Tarix : 2009 Dec 10
Kod 15268

MƏSCİDLƏRİN SÖKÜLMƏSİNƏ QEYRİ-ADİ ETİRAZ

Avtobus dayanacaqlarına plakatlar yapışdırılıb
Azərbaycan Servisi/Aran Agentliyi
Metronun “20 Yanvar” stansiyası yaxınlığında və Biləcəridə şüşəli dayanacaqlarda məscidlərin sökülməsi ilə bağlı yeni plakatların yapışdırılması barədə redaksiyamıza məlumat daxil olub. Məlumatı dəqiqləşdirmək məqsədilə o ünvanlara baş çəkdik. Öncə “20 Yanvar” metrosu yaxınlığındakı şüşəli dayanacaqda belə plakata rast gəldik. Plakat kiçik olsa da qara fonda olması insanların diqqətini cəlb edirdi. Plakatda belə yazılıb: “Qarabağdakı məscidləri ermənilər viran edib. Bəs Bakıdakıları kim dağıdır?”

Plakatda Ağdam və Şuşada dağıdılan məscidlərin şəkilləri vardı. Yanda isə son bir ildə Bakıda sökülən “Peyğəmbər Məhəmməd (ə.s)”, Neft Daşlarındakı məscid və məhkəmə qərarına əsasən sökülməsinə qərar verilən, amma hələ də dirəniş göstərən “Fatimeyi-Zəhra” məscidinin şəkilləri verilib. Oxşar plakatlara Biləcəriyə gedən yolda bir neçə dayanacaqda da rast gəldik. Amma plakatın kim tərəfindən hazırlandığını öyrənə bilmədik.
Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin sədri Hacı İlqar İbrahimoğlunun sözlərinə görə, bu plakat insanların özünüifadə formasıdır və ona normal yanaşmaq lazımdır: “Görün vəziyyət necədir ki, insanlar nələrlə nəyi müqayisə edir”.
Xatırladaq ki, Suraxanı Rayon İcra Hakimiyyəti “Fatimeyi-Zəhra” məscidi dini icmasını məhkəməyə verib və məscidin qanunsuz tikildiyini iddia edir. 2 saylı Yerli İqtisad məhkəməsi iddianı qəbul edib və məscidin sökülməsinə qərar verib. Apelyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. Dindarlar buna etiraz olaraq aksiya keçirməyi planlaşdırır. Dini icma isə işi Ali Məhkəməyə qədər aparmaqda israrlıdır.

  • Yazılıb
  • da (də) 2009 Dec 10