Tarix : 2009 Dec 10
Kod 15269

Türkiyənin baş naziri: «…nəticə İsrail üçün zəlzələyə bənzər olacaq»

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Misir nəşrinə verdiyi müsahibəsində işğalçı İsrailin ünvanına sərt ittihamlar səsləndirib
Türkiyə Servisi/Aran Agentliyi
İslam-Azeri.az İnternet qəzetinin ərəb mətbuatına istinadən verdiyi məlumata əsasən, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Misir nəşrinə verdiyi müsahibəsində işğalçı İsrailin ünvanına sərt ittihamlar səsləndirib.

Jurnalistin «İsrail təyyarələri Türkiyə ərazisindən kəşfiyyat məqsədiylə istifadə ediblər» iddiasına cavab olaraq, Ərdoğan bildirib ki, belə şey heç vaxt olmayıb və olmayacaq da: «Əgər belə bir şey olsa, nəticəsi İsrail üçün zəlzələyə bənzər olacaq».

Türkiyənin baş naziri əlavə edib: «İsrail bizimlə münasibətləri üçüncü tərəfə təcavüz üçün istifadə edə bilməz. Düşünmək lazım deyil ki, biz buna bitərəf qalacağıq və yaxud qollarımız bağlı olacaq».

Ərdoğan sionistlərin ötən ilin sonunda Qəzzaya təcavüzünü də dəyərləndirib və bildirib ki, Ankara buna laqeyd qala bilməzdi: «İsraillilərin Qəzzaya soxularaq günahsız fələstinliləri qətlə yetirmələrini, sonra isə bizə sanki heç nə baş verməyib kimi birgə hərbi təlimlər keçirməyə dair təklif irəli sürmələrini məntiqə zidd hesab edirik».

Ərdoğan qeyd edib ki, Türkiyə hökumətinin İsrail siyasəti tamamən cəmiyyətin rəyinə arxalanır: «Biz Türkiyə xalqının hisslərini qulaq ardına vura bilmərik. Xalq isə İsrailin ötən qış Qəzzaya soxulmasından son dərəcə narazıdır».
 
  • Yazılıb
  • da (də) 2009 Dec 10