İclasda, 11 dekabrda “Xanım Fatimeyi Zəhra” məscidinin sökülməsinə etiraz əlaməti olaraq keçirilmiş aksiya zamanı polis özbaşnalığı və təzyiqlərinə münasibət bildirilib
Azərbaycan Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin verdiyi xəbərə görə Milli Mənəvi Dəyərlər İctimai Birliyinin təsisçiləri və idarə heyəti bu gün qapalı iclas keçirib.
İclasda, 11 dekabrda “Xanım Fatimeyi Zəhra” məscidinin sökülməsinə etiraz əlaməti olaraq keçirilmiş aksiya zamanı polis özbaşnalığı və təzyiqlərinə münasibət bildirilib.
Təşkilatın sədri Hacı Mehdi Məmmədov polis özbaşnalığını qəti pisləyərək deyib: “Dünənki hadisə bir daha polislərin özlərinin ən böyük qanun pozucusu və etik normalardan məhrum olduğunu göstərdi. Gənclərin və ağsaqqalların döyülməsi, ruhani geyimdə olan şəxsin çox kobud formada polis maşınına otuzdurulması isə dinimizə təhqir deməkdir.”
Milli-Mənəvi Dəyərlər İctimai Birliyinin mətbuat katibi Hacı Ramin Bayramov isə “İslam Mədəniyyətinin paytaxtı” elan olunan Bakıda məscidlərin söküntüsünü sakitcə qarşılamağın qeyri mümkün olduğunu bildirib. O, “Bu cür etirazlar düzgün atılmış addımlardır. Hər bir şəxsin etiraz etmək hüququ vardır. İnanclı insanlar məscidlərini sökəndə, azanlarını qadağan edəndə və ya hicab qadağasını rəsmiləşdirəndə nə etməlidir? Əlbətdəki, öz qanuni hüquqlarından istifadə etməlidir.”-deyib.
İclasda hüquq mühafizə orqanlarının dindarlara qarşı kobud hərəkətləri qanuna zidd addım kimi dəyərləndirildi.
Nəzərinizə çatdıraq ki, dünən “Xanım Fatimeyi Zəhra” məscidinin sökülməsinə etiraz əlaməti olaraq bir neçə partiya və təşkilat aksiya keçirib. Aksiya polisin kobud müdaxiləsi nəticəsində baş tutmamışdı.