“Fatimeyi-Zəhra” məscidinin sökülməsinə qarşı etiraz aksiyası zorakılıqla dağıdıldı; Allah evinin əşyalarının aktlaşdırılmasına başlanıldı
Azərbaycan Servisi/Aran Agentliyi
Dünən Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yerləşən “Fatimeyi-Zəhra” məscidinin qarşısında etiraz aksiyası keçirildi. Allah evinin sökülməsi ilə bağlı məhkəmə qərarının ləğvini tələb edən 200-250 vətəndaş aksiya keçirmək üçün saat 12:00 radələrində məscidin qarşısına toplaşmışdı. Aksiyada əsasən Azərbaycan İslam Partiyasının üzvləri, ictimai-siyasi təşkilatların fəalları, Suraxanı rayon sakinləri iştirak etdirdi.
Hadisə yerinə gələn Suraxanı Rayon Polis İdarəsi 32-ci polis bölməsinin və Çevik Polis Alayının əməkdaşları Bakı Şəhər İcra Hakimiyyətinin aksiyanın keçirilməsinə razılıq vermədiyini və bu səbəbdən piketin qanunsuz olduğunu əsas gətirərək aksiyaçılardan oradan dağılmağı tələb etdilər. Hadisə yerində olan əməkdaşımız aksiyanın qarşısını almaq üçün ora 10-a yaxın polis maşınının gəldiyini müşahidə edib.
Əvvəlcə polis aksiyaçıları məscidin qarşısından dinc yolla kənarlaşdırmaq istəsə də tədbir iştirakçıları günorta namazını məscidin ətrafında qılmaq istədiklərini bildirdilər. Bu dirənişdən qəzəblənən polis fiziki zor tətbiq edərək aksiyaçıları polis avtomobillərinə əyləşdirərək onları 32-ci polis bölməsinə apardı.
Qeyd edək ki, polis əməkdaşları aksiyanı işıqlandırmaq üçün orada olan jurnalistlərə qarşı da fiziki zor tətbiq etdilər. Belə ki, jurnalistlər qarşıdurma səhnələrini lentə alarkən polis əməkdaşları onlardan çəkilişi dayandırmağı tələb etdi. Polis əməkdaşları bildirirdilər ki, rəhbərlikdən onlara jurnalistlərin hadisə yerində çəkiliş aparmasına icazə verməmək tapşırığı verilib. Lakin jurnalistlər polisin bu tələbinə məhəl qoymayaraq və onların bu göstərişinin antidemokratik olduğunu əsas gətirərək öz fəaliyyətlərini davam etdirdilər.
Bu zaman polis əməkdaşları jurnalistlərin vəsiqələrini, diktofon və kameralarını onların əlindən zorla alaraq polis maşınlarına əyləşdirdi. Sonra da 32-ci polis bölməsinə apardılar. Onu da qeyd edək ki, polislər ətrafdakı vətəndaşların aksiyanı mobil telefon vasitəsilə çəkməsinin də qarşısını alırdı. Hətta polislərin biri “Allah telefon çıxaranın evini yıxsın” deyə mobil telefonla çəkiliş aparanların üzərinə gedib onların çəkiliş aparmasına mane olurdu.
“Yeni Müsavat”ın polis bölməsinə aparılan əməkdaşı orada maraqlı faktla rastlaşıb. Belə ki, əməkdaşımız polis bölməsinə aparılan təxminən 100-ə yaxın dindarın günorta namazını bölmənin həyətində qıldıqlarını müşahidə edib. Polis əməkdaşları isə kənardan onları seyr edirdilər. Saxlanılan dindar aksiyaçılar namaz qıldıqdan sonra bölmənin həyətində uca səslə “Allahu-Əkbər” deyə təkbir gətirirdi. Bu zaman polislərin biri üzünü dindarlara tutaraq “burada namaz qılmaqla həm də bölmədəkilərin günahlarını yuyursunuz” dedi.
Dindarların reaksiyası isə sərt oldu. Dindarlar həmin polisə xitabən “Sizin günahlarınız o qədər çoxdur ki, onu yumaq çətin məsələdir. Hələ bizi döyüb bir az da günah qazanırsınız. Buna görə Qiyamət günü cavab verəcəksiniz ”- dedilər. Polislər isə əmrə tabe olan şəxs olduqlarını dindarların diqqətinə çatdıranda dindarlardan biri “Qiyamət günü elə ən böyük cəza günah törədərək əmri yerinə yetirənlərə verilir ”- deyə bildirdi.
Dindarlar ibadət etdikdən sonra polis əməkdaşları bir-bir onların şəkillərini çəkərək adlarını və soyadlarının qeydiyyatını apardı. Bundan sonra dindarlar sərbəst buraxıldılar.
Onu da əlavə edək ki, polis əməkdaşları aksiyanı işıqlandırarkən saxlanılan jurnalistlərin vəsiqələrini 20 dəqiqədə sonra özlərinə qaytararaq sərbəst buraxdılar. Bölmədə olarkən onu da öyrənmək mümkün olub ki, polis əməkdaşları aksiyanı işıqlandıran “Nəbz” qəzetinin əməkdaşını saxlayarkən onu döyüblər. Orada olarkən dindarlar bildirdilər ki, onların ehtimalına görə, məmurlar məscid sionistlərin istəyi ilə sökürlər.
APA-nın məlumatına görə, saxlanılanların arasında İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov da olub. Dünən günün ikinci yarısında dindarlardan aldığımız məlumata görə, “Fatimeyi-Zəhra” məscidinin əşyaları ərazi üzrə mənzil istismar sahəsinin (MİS) əməkdaşları tərəfindən aktlaşdırılır. Onların sözlərinə görə, günün ikinci yarısında MİS əməkdaşları məscidə gedərək oradakı əşyaları və avadanlıqları aktlaşdırmağa başlayıblar. “Məscidin mühafizəçisini də oradan kənarlaşdırdılar. Bu məscid ”Fatimeyi-Zəhra" dini icmasının əlindən demək olar ki, birdəfəlik alınır" - deyə dindarlar söylədilər.
Həmsöhbətlərimiz onu da əlavə etdi ki, məscidin ətrafına təxminən 200 nəfər polis əməkdaşı gətirilib. Xatırladaq ki, Suraxanı Rayon İcra Hakimiyyətinin iddiası əsasında 2 saylı Yerli İqtisad Məhkəməsi “Fatimeyi-Zəhra” məscidinin sökülməsi və həmin ərazinin icra hakimiyyətinin balansına verilməsi barədə qərar qəbul edib. Bakı Apelyasiya Məhkəməsi qərarı qüvvədə saxlayıb.