Tarix : 2009 Dec 13
Kod 15287

KRALIN OĞLU BAKI NEFTİNİ ƏLƏ KEÇİRİR

Xəzərdəki Azərbaycan yatağına “Mossad” həmləsi Türkmənistan kürəyimizi xəncərləyir; kəşfiyyatçi Yosef Meymanın regiondakı fəaliyyətinə dair ilginc faktlar “Yeni Musavat”da!
Azərbaycan Servisi/Aran Agentliyi
Son zamanlar Xəzərin Azərbaycan sektorunda yerləşən və mübahisəli sayılan iri neft yataqlarını ələ keçirmək üçün bir-birinin ardınca cəhdlər göstərən Türkmənistan bu dəfə çox ilginc üsula əl atıb. Mötəbər Qərb qaynaqlarından əldə etdiyimiz xəbərə görə, Aşqabad Xəzərdəki mübahisəli yataqlara sahiblənmək üçün “Mossad”ın dəstəyini təmin edib. Belə ki, İsrailin bu məşhur kəşfiyyat xidmətinin keçmiş zabitinin başçılıq etdiyi şirkət Səudiyyə Ərəbistanı kralının ailəsinə aid olan şirkətlə ortaq olaraq Xəzərin Azərbaycan sektorundakı “Kəpəz” (Türkmənistan “Sərdar” adlandırır) yatağında kəşfiyyat işləri həyata keçirməyə hazırlaşır. Bu yatağın ehtiyatları təqribən 1 milyard bareldir. Məlumatı Parisdə yerləşən və qlobal təhlükəsizlik problemlərini araşdıran “İntellegence Online” portalına istinadən ABŞ-ın nüfuzlu UPİ agentliyi yayıb.
Bildirilir ki, “Kəpəz” yatağında kəşfiyyat və hasilat işlərinə başlamaq üçün “Mossad”ın keçmiş yüksək rütbəli zabiti Yosef Meymanın rəhbərlik etdiyi “Merhav” şirkəti ilə Səudiyyə Ərəbistanı kralı Abdullahın oğluna aid “PetroSaudi” şirkəti ortaq olublar. Bu şirkətlər arasında danışıqlar olduqca gizli aparılıb, mənbənin əldə etdiyi məlumata görə, danışıqlar o qədər məxfi olub ki, sözügedən şirkətlərin rəhbərləri birbaşa görüşlərdən yayınaraq vasitəçilər üzərindən şərtləri müzakirə ediblər. Qeyd olunur ki, Türkmənistan dünyanın ən iri qaz ehtiyatlarına malik ölkələrindən biridir. Bu ölkənin təsdiq olunmuş qaz ehtiyatlarının həcmi 20 trilyon kubmetrdir. Bu həcmdə qaz bütün Avropa qitəsini 66 il ərzində təmin etməyə kifayət edir. Lakin nəhəng qaz ehtiyatlarına baxmayaraq, Türkmənistan Xəzərdəki zəngin neft yataqlarının mənimsənilməsində də maraqlıdır və dənizin iki ölkəyə aid sularının kəsişdiyi zonada yerləşən 1 milyard barel ehtiyata malik yatağa nəzarət uğrunda neçə vaxtdır səylər göstərir.
Məlumata görə, Meyman İsrailin xarici kəşfiyyat xidməti “Mossad”da işləyib və onun bu quruma bağlı olan şirkətlər şəbəkəsinə daxil olduğuna dair bilgilər var. Bir vaxtlar Meyman İsrailin neft və qazla zəngin Xəzər hövzəsindəki kəşfiyyat şəbəkəsini qurmaq və yəhudi dövlətinin mövqelərini gücləndirmək üçün Mərkəzi Asiya regionuna tez-tez gəlib. Onun başçılıq etdiyi “Merhav” şirkətlər qrupu isə Türkmənistanda uzun illər ərzində təbii qaz sənayesində işləyib. 2004-cü ildə İsrailin “The Jerusalem Post” qəzeti Meymanın Orta Asiyanın qaz sektorunda aparıcı fiqur olduğunu yazıb. Onun Türkmənistandakı fəaliyyətinə şəraiti şəxsən keçmiş prezident Saparmurad Niyazovun yaratdığı güman edilir. Bəzi məlumatlara görə, Niyazov Meymanın Türkmənistan vətəndaşlığına qəbul edilməsi haqda şəxsən sərəncam verib.
“İntellegence Online” qeyd edir ki, Meyman İsrailin bu yaxınlarda Türkmənistana ilk səfirinin təyin edilməsinin də arxasında olub. Belə ki, xarici işlər naziri Avidqor Liberman onun məsləhəti əsasında Reuven Diniyanı Aşqabada səfir göndərib. Məsələ ondadır ki, Diniya özü də keçmiş “Mossad” zabitidir. O, İsrail xarici kəşfiyyatının Moskvadakı rezidenti olub və 1996-cı ildə ifşa edildikdən sonra Rusiyadan xaric edilib. “Merhav” şirkəti Türkmənistandakı xarici biznes üzərində dominantlıq edir, bura enerji layihələri də daxildir. Məlumatda deyilir ki, İsrailin Türkmənistan və Azərbaycanda güclü kommersiya maraqları var, şübhəsiz ki, bu maraqları “Mossad”sız həyata keçirmək mümkün deyil. Lakin İsrail və onun kəşfiyyat qurumu nəzərə alır ki, “Kəpəz” yatağı mübahisəlidir və orada hasilat işlərinə başlamaq üçün Azərbaycanla da anlaşmaq lazım gələcək. Mənbə qeyd edir ki, İsrailin yatağın işlənməsinə Meymanın şirkətini cəlb etməsi təsadüfi deyil. “Mossad” məhz onun Türkmənistan və Azərbaycan arasında vasitəçilik etməsi şərti ilə “Kəpəz” yatağından birgə istifadəyə nail olmaq istəyir. Bu anlaşma yatağın işlənməsinə dair müqavilənin təhlükəsizliyini də təmin edə bilərdi.
Meyman əslən Almaniyadandır, 1971-ci ildə İsrail vətəndaşlığını alıb və cəmi beş il sonra “Merhav” şirkətini təsis edib. Onun Səudiyyə Ərəbistanı ilə da uzun müddətdir işgüzar əlaqələri var. Meyman “Mossad” zabiti olmasını biznesmen adı altında pərdələyib. Yəni o rəsmi olaraq İsraildən olan biznesmen kimi fəaliyyətdə olub.
İranın nüvə fəaliyyətlərinə qarşı olan Səudiyyə Ərəbistanı ilə İsrail arasında gizli müttəfiqlik olduğu bəllidir. Meymanın kral ailəsi ilə “Kəpəz” yatağına dair ortaqlığının da arxasında bu məqam dayanır. Məlumata görə, Meymanın bir neçə İsrail pasportu var və o, son illər ərzində dəfələrlə Ər-Riyada səfərlər edib. “PetruSaudi” şirkəti isə Səudiyyə monarxının oğlanlarından biri Turki bin Abdullah bin Əbdüləziz tərəfindən qurulub. Əgər onun “Merhav”la anlaşması möhkəmlənərsə, o zaman “PetruSaudi” Türkmənistanda aparıcı mövqelər əldə edə bilər.
“İntellegence Online” Türkmənistanın neft-qaz sektoruna nəzarət etmək üçün Fransanın “Eni”, Hollandiyanın “Shell”, Rusiyanın “Lukoyl” və ABŞ-ın “Şevron” şirkətlərinin də maraqlı olduğunu qeyd edir. Bu şirkətlər Türkmənistanda sərfəli neft-qaz hasilatı ilə məşğul olmaq üçün danışıqlar aparır. Bu ilin yazında Rusiyanın Türkmənistan qazının alınmasını dayandırmasından sonra onların danışıqları intensivləşib. Ancaq “Mossad” da bu zəngin neft-qaz piroqunu ələ keçirmək istəyir. Analitiklər qeyd edirlər ki, Türkmənistan öz qazını sata bilmək üçün istənilən xarici oyunçu ilə istənilən şərtlərdə müqavilə bağlamağa hazırdır, çünki Rusiyanın qaz idxalını qəfil dayandırması bu ölkəni hər ay 1 milyard dollar zərərə salır. “Mossad” və onun Səudiyyə Ərəbistanındakı müttəfiqləri də məhz bu əlverişli məqamdan faydalanmaq istəyirlər.
Qeyd edək ki, Türkmənistan bu ilin yayında gözlənilmədən Xəzərdəki mübahisəli yataqlara dair mövqeyini sərtləşdirib və Azərbaycanla danışıqları dayandırdığını elan edərək Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edib. Daha sonra prezident Qurbanqulu Berdıməhəmmədov elan edib ki, Türkmənistan Xəzərdə iki hərbi baza yaradacaq və bu məqsədlə xaricdən hərbi gəmilər alacaq. Bu gəmiləri Türkmənistana hansı ölkənin satacağı qaranlıq qalıb, ancaq istisna deyil ki, gəmilər məhz İsrailə bağlı şirkətlərdən alına bilər.
Türkmənistan Xəzərin hüquqi statusuna dair Azərbaycanla anlaşma əldə etməyib və “Kəpəz” də daxil olmaqla hazırda hasilat işləri gedən “Azəri-Çıraq” yataqlarını da özününkü hesab edir. Rəsmi Bakı mübahisəli “Kəpəz” yatağından birgə istifadəyə qarşı deyil, ancaq bu məsələdə anlaşma əldə etmək mümkün olmayıb. Görünür rəsmi Aşqabad bu mübahisəyə “Mossad” şəbəkəsini cəlb etməklə özünə güclü müttəfiq qazanmağa çalışır. “Mossad”ın maraqları isə bu prosesdə təkcə neft deyil, həm də İrana qarşı müəyyən platforma əldə etmək ola bilər. Uzun müddətdir ki, “Mossad” Xəzər regionunda müxtəlif yollarla öz şəbəkəsini qurur və İsrailin mövqelərini möhkəmləndirir. Ona görə də Aşqabadın “Mossad”a bağlı şirkətinin Xəzərə buraxması İranın  xoşuna gələ bilməz. Bundan əvvəl Tehran İsrail səfirliyinin açılmasına icazə verdiyinə görə Türkmənistanı hədələmişdi.
  • Yazılıb
  • da (də) 2009 Dec 13