Aksiyaçılar “Fatimeyi-Zəhra” məscidinin sökülməsinə etiraz ediblər. Aksiya polis tərəfindən amansızlıqla dağıdılıb, həbs edilənlər var
İİR Servisi/Aran Agentliyi
11 dekabr 2009-cu il tarixində saat 12:30-dan 13:15-dək Azərbaycan Birlik Təşkilatı, “Azərbaycanın İnkişafı və Gələcəyi Naminə” İctimai Birliyi, “Sağlam Mühit – Sağlam Gələcək” İctimai Birliyi, İslam Partiyası, Fəzilət Partiyası Bakının Yenu Günəşli qəsəbəsində “Fatimeyi-Zəhra” məscidinin qarşısında etiraz aksiyası keçirib. Aksiyaçılar “Fatimeyi-Zəhra” məscidinin sökülməsinə etiraz ediblər. Aksiya polis tərəfindən amansızlıqla dağıdılıb, həbs edilənlər var.
Aksiyanı təşkil edən qurumların hadisə ilə bağlı bəyanatında bildirilir: “Yenu Günəşlidə “Fatimeyi-Zəhra” məscidinin qarşısında məscidin sökülməsinə etiraz aksiyası keçirən inanclı və dindar insanların dinc və sivil aksiyası polis tərəvindən amansızlıqla dağıdıldı, 119 nəfər aksiya iştirakçısı döyülərək Suraxanı rayonu 32-ci polis bölməsinə aparıldı. Təxminən 3-4 saatdan sonra 115 nəfər Suraxanı rayonu 32 saylı polis bölməsindən xəbərdarlıq alandan sonra azad edildi. 4 nəfər Suraxanı rayon məhkəməsinə aparılaraq 25 manat cərimələndikdən sonra axşam saatlarında sərbəst buraxıldı. Aksiyada jurnalist gödəkçəsi geyinən jurnalistlərə də polis tərəfindən hücum oldu və onlar saxlanıldılar. Bir müddət sonra jurnalistlər sərbəst buraxıldılar. Aksiyanın təşkilatçıları Azərbaycan Birlik Təşkilatı, “Azərbaycanın İnkişafı və Gələcəyi Naminə” İctimai Birlik, “Sağlam Mühit – Sağlam Gələcək” İctimai Birliyi, İslam və Fəzilət Partiyaları vətəndaşların sərbəst toplaşmaq hüququnun pozulması, polis zorakılığı, jurnalistlərə qarşı təzyiqi qətiyyətlə pisləyir, aksiyanı baş tutmuş hesab edir və məscidlərə mənəviyyatımıza olan təzyiqlərə və konkret olaraq Yeni Günəşli “Fatimeyi-Zəhra” məscidinin sökülməsinə etirazlarını bundan sonra da müxtəlif sivil və hüquqi yollarla davam etdirəcəklərini bəyan edirlər. Biz BMT, İslam Konfransı Təşkilatı, Beynəlxalq İnsan Haqları, Dini Etiqad və Vicdan Azadlığı ilə məşğul olan bütün təşkilatlara, ölkəmizdəki müsəlman dövlətlər səfirliklərinə müraciət aksiyasına start vermişik və tezliklə İslam Konfransı Təşkilatında bu məsələ ilə bağlı fövqəladə toplantının keçirilməsini tələb edəcəyik.”
Ölkə müsəlmanlarının məscidin qarşısında keçirmək istədiyi etiraz aksiyasının polis zorakılığı ilə dağıdılması bütün soydaşlarımızı hiddətləndirib. Müsəlman bir məmləkətdə az qala hər gün İslam müqəddəsliklərinə qarşı atılan addımlara kimsə biganə qala bilməz. İslam Konfransı Təşkilatına üzv bir ölkənin məscidlərə qarşı yürütdüyü siyasət anlaşılmazdır. Doğrudanmı bütün bunlar məmur özbaşınalığıdır? Müqəddəs Qum şəhərində təhsil alan azərbaycanlı tələbələr bütün Azərbaycan xalqı ilə həmrəyliklərini bildirərək bu günə qədərki və 11 dekabrda baş vermiş anti-islam tədbirlərə etiraz edir. Müsəlman azərbaycanlıların min bir əzabla qazandığı pula tikdiyi Allah evlərinin azğınlıqla dağıdılmasına son qoyulmalı, bu rəzil siyasətin arxasında dayananlar cəzalandırılmalıdır. Bütün müsəlmanların bizə əmanət tapşırılmış dini müqəddəsliklərin keşiyində durmasını istəyirik. Allah bu xalqı bir ovuc azğın insanın bəd niyyətlərindən qorusun!