Tarix : 2009 Dec 15
Kod 15310

ARDNŞ FƏHLƏLƏRİ ETİRAZ AKSİYASINA HAZIRLAŞIR

1 ildir maaş almayan işçilər vətəndaşlıqdan imtina barədə düşünürlər
Azərbaycan Servisi/Aran Agentliyi
Dövlət Neft Şirkətinin bir ildir maaş ala bilməyən 50-yə yaxın fəhləsi aksiya keçirməyə hazırlaşır. Bu barədə “Yeni Müsavat”a Neft Şirkətinin nəzdindəki Xəzər Dəniz Neft Donanması tərəfindən aldadılaraq haqları tapdanan fəhlələr məlumat veriblər.
Xəzər Dəniz Neft Donanmasında 45 fəhlədən ibarət briqadanın briqadiri işləyən İlkin Cəbiyevin verdiyi məlumata görə, aidiyyəti qurumlara etdikləri şikayətlərə yaxın bir neçə gün ərzində cavab verilməsə, onlar Prezident Administrasiyasının və Dövlət Neft Şirkətinin qarşısında aksiya keçirəcəklər. Əlliyə yaxın fəhlə hətta ailələrilə birgə ölkə vətəndaşlığından da imtina etməyi düşünürlər. Qeyd edək ki, gördükləri işin haqqını ala bilməyən fəhlələr məsələ ilə bağlı prezidentin rəsmi saytına, Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa şikayət ediblər. Amma dəfələrlə edilən şikayətlərə baxan olmayıb.
Xatırladaq ki, fəhlələr bir sıra müəssisələrdə - Hövsanda yerləşən Qum adasında, Bayıldakı Gəmi Təmiri Zavodunda, Qaradağ yük yanalma kompleksi, Xəzər Dəniz Neft Donanmasının Cənub İdarəsi, Dalğıc və Qəza Xilasetmə Idarəsi və onun təlim mərkəzində, Xəzər Dəniz Neft Donanmasının öz binasında və daha bir neçə yerdə təmir işləri aparıblar. Amma onların gördükləri işin haqqının çox hissəsi ödənməyib. Tikinti materialları aldığı sahibkarlara və fəhlələrə borclu qalan briqadir İ.Cəbiyev isə borc sahibləri tərəfindən polisə verilib. Dövlət Neft Şirkəti tərəfindən təşkil olunan komissiya isə görülən ümumi işin qiymətini dəfələrlə azaldıb və 208 min manat hesablayıb. Amma bu pulun da 104 min manatı indiyədək ödənməyib.
İ.Cəbiyevin sözlərinə görə, Xəzər Dəniz Neft Donanmasının sosial məsələlər üzrə rəis müavini Asif Bayramov onların pulunu verməmək üçün hətta ölümlə hədələyib: “Asif Bayramov Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin qohumu olduğunu bildirib və mənə dəfələrlə hədə-qorxu gəlib ki, borcu istəməyim”.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlı isə bildirib ki, işçilər böyük ehtimalla əmək müqaviləsi bağlanmadan işlədilib: “Burada saxtakarlıq olub. Həm də böyük məbləğdə korrupsiya faktı var. Məsələ diqqətlə araşdırılmalıdır, araşdırılsa, ortaya bir çox məsələlər çıxacaq. Fəhlələr məhkəməyə, prokurorluğa müraciət etsinlər”. M.Qəhrəmanlının sözlərinə görə, hüquqları pozulan fəhlələr məsələ ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə və korrupsiya ilə bağlı yaradılan komitəyə müraciət edərək məsələnin araşdırılmasını tələb edə bilərlər: “Fəhlələr bizə də müraciət etsinlər, hüquqşünas faktları araşdırsın”.
  • Yazılıb
  • da (də) 2009 Dec 15