XİN rəhbəri Mənuçöhr Müttəki: "İran Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməyə hazırdır"
Azərbaycan Servisi/Aran Agentliyi
İran Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik etməyə hazırdır. Bu barədə İranın xarici işlər naziri Mənuçöhr Müttəki bazar ertəsi Tehranda öz azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra bildirib.
Cənubi Qafqazda vəziyyət və Dağlıq Qarabağ münaqişəsi Azərbaycan və İranın XİN rəhbərlərinin danışıqlarının əsas mövzularından olub.
"Biz ikitərəfli və regional əməkdaşlıq məsələlərinin geniş spektrlərini müzakirə etdik", - Məmmədyarov Tehrana rəsmi səfər çərçivəsində görüşlərin yekunlarına dair təşkil edilən mətbuat konfransında deyib.
O, İrana Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqe tutduğu üçün təşəkkür edib.
"İran bizim qonşumuzdur və biz ümid edirik ki, Tehran regionda sülhün və stabilliyin bərqərar edilməsinə yönəlmiş səylərini davam etdirəcək", - Məmmədyarov deyib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Baş Assambleyasının Dağlıq Qarabağ regionunun və işğal edilmiş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən hələ də yerinə yetirilməyib(trend).