Mənzil qərargahı Londonda yerləşən nüfuzlu beynəlxalq hüquq-müdafiə təşkilatlarından olan "Forum-18" Yeni Günəşlidəki "Fatiməyi-Zəhra (s.ə.)" məscidi və məscid icmasının durumu ilə maraqlanıb
Azərbaycan Servisi/Aran Agentliyi
Deyerler.orgSeyyid Tofiq Rəsizadə: “Londondan, Forum 18 təşkilatından zəng vurmuşdular”
Mənzil qərargahı Londonda yerləşən nüfuzlu beynəlxalq hüquq-müdafiə təşkilatlarından olan "Forum-18" Yeni Günəşlidəki "Fatiməyi-Zəhra (s.ə.)" məscidi və məscid icmasının durumu ilə maraqlanıb. Əldə etdiyimiz məlumata əsasən, təşkilatın London ofisindən "Faiməyi-Zəhra (s.ə.)" məscidi dini icmasının rəhbəri Seyid Tofiq Rəsizadəyə telefon açılıb. Məlumatı Deyerler.org-a icma sədri Seyid T.Rəsizadə də təsdiqləmişdir. Redaksiyamıza telefon danışığının təfərrüatlarından söz açarkən, icma sədri bunları bildirmişdir: “Axşam saatlarında "Forum-18" təşkilatından zəng etdilər. Məscidlə bağlı suallar ünvanladılar. Məscidin taleyi ilə bağlı, icmanın apardığı işlərlə bağlı, aksiyalarla bağlı, məscidin sənədləri, nə vaxt bağlanması kimi mövzularla əlaqədar suallar verdilər. Biz də olan hadisələri və real vəziyyəti dedik. Maraqlandılar ki, məscidiniz İslamın hansı hüquqi yoluna mənsubdur? Dedik ki, müsəlman məscididir, bizdə belə söhbət yoxdur. Soruşdular ki, məscid fəaliyyət göstərirmi? Bildirdik ki, xeyr, məscid may ayından bağlanıb. Daha sonra icmanın qeydiyyat məsələləri ilə maraqlandılar. Bildirdik ki, 1995-1997-ci illərdə Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmişik. Hal-hazırda isə Qafqaz Müsəlmanları İdarəsində qeydiyyatdan keçmişik, sənədlərimiz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindədir. Sonrakı addımlarımızla maraqlandılar. Biz də bildirki ki, Ali Məhkəməyə müraciət edəcəyik”.
Danışıq zamanı Forum-18 məscidin tarixi haqqında da maraqlanmışdır. Onu da qeyd edək ki, material çapa hazırlanarkən bu haqda məlumat Forum-18 təşkilatı tərəfindən rəsmi internet saytında da yerləşdirilmişdi.
Xatırladaq ki, "Fatiməyi-Zəhra (s.ə.)" məscidi cari ilin may ayından bağlanılmışdır. Bu ilin Fitr bayramında məscidin sökülməsi və ərazisinin Suraxanı RİH-ə verilməsi haqqında qərar 2 saylı Bakı İqtisad Məhkəməsi tərəfindən qəbul edilmişdir. Ardından yenə də bu ilin Qurban bayramı günü isə Apellyasiya Məhkəməsi 2 saylı Bakı İqtisad Məhkəməsinin qərarını qüvvədə saxlamışdır. Bundan sonra icma məscidin işi ilə bağlı sənədləri Ali Məhkəməyə təqdim etməli olmuşdur.