Tarix : 2009 Dec 18
Kod 15351

Azərbaycan din azadlığını boğanlar sırasında

Yer üzündəki 64 dövlətdə, yəni dünya dövlətlərinin 1/3 –də dini etiqad azadlığına çox yüksək və ya yüksək məhdudiyyətlər qoyulub
Azərbaycan Servisi/Aran Agentliyi
Yer üzündə yaşayan hər 10 nəfərdən 7-sinin ölkəsində dinə müxtəlif qadağalar, məhdudiyyətlər qoyulur. Yəni, dini etiqad azadlığı məhdudlaşdırılır. Azərbaycan da dini etiqad azadlığını həm dövlət, həm də sıravi insanlar səviyyəsində məhdudlaşdırıldığı ölkələr arasındadır.

Pew (Pyu) Araşdırmalar Mərkəzinin Din və İctimai Həyat Forumunun Dini etiqad azadlığının məhdudlaşdırılması ilə qadağaları araşdıran son hesabatında belə deyilir.

HƏR 3 DÖVLƏTDƏN BİRİNDƏ DİNİ SIXIŞDIRIRLAR

Pyu Araşdırmalar Mərkəzi ümumilikdə dünyanın 198 ölkəsində dini etiqad azadlığına qoyulan qadağa və məhdudiyyətləri araşdırıb. Həm dövlətin qoyduğu, həm də cəmiyyətin, sıravi insanlar səviyyəsində qoyulan qadağalar və məhdudiyyətlər nəzərə alınıb.
Sorğunun ümumi nəticələrinə görə, Yer üzündəki 64 dövlətdə, yəni dünya dövlətlərinin 1/3 –də dini etiqad azadlığına çox yüksək və ya yüksək məhdudiyyətlər qoyulub. Ancaq dünya əhalisinin 70 faizi bu cür dövlətlərdə yaşayır.
Hər 5 dövlətdən birində, yəni 20 faizində dinə orta məhdudiyyətlər qoyulub. Bu cür dövlətlərdə isə dünya əhalisinin 15 faizi yaşayır.
Dövlətlərin 48 faizində - yəni yarısında dini etiqad azadlığı az məhdudlaşdırılır. Ancaq, bu cür ölkələrdə dünya əhalisinin ancaq 15 faizi yaşayır.

Qısacası, dini etiqad azadlığına daha çox qadağa qoyulan ölkələrin əhalisi digər dövlətlərə nisbətən çox olduğundan, qadağa altında yaşayan insanlar da çoxdur.

AZƏRBAYCANLILAR DİNƏ HÖKUMƏTDƏN DAHA YAXŞI MÜNASİBƏT BƏSLƏYİR

Dövlətin qoyduğu qadağalar indeksində Azərbaycan dövləti 5.1 balla dini yüksək səviyyədə sıxışdıran dövlətlərin siyahısındadır.
Türkiyə, Belorus, Rusiya, Türkmənistan, Tacikistan, Suriya, Qazaxıstan, İraq, Moldova, Kuba kimi ölkələrlə eyni qrupda. Ermənistan və Gürcüstan isə dinə daha az qadağa qoyan dövlətlər qrupunda yer alır.
Ancaq, Azərbaycanda cəmiyyət, sıravi insanlar səviyyəsində dini etiqad azadlığına münasibət hökumətin dinə münasibətindən fərqlidir. Daha mülayimdir.
Azərbaycan bu indeksdə cəmi 4.1 bal toplayıb, və Orta Sosial Məhdudiyyətlər qoyan ölkələr qrupunda yer alıb. Özbəkistan, Qazaxıstan, Ukrayna, Ermənistan, Monqolustan və ABŞ, Almaniya, Britaniya cəmiyyətləriylə eyni qrupda.

Pyu Mərkəzinin keçirdiyi sorğuda nəyin dinə qadağa kimi qəbul eləməsi də maraqlıdır. Mərkəz bildirir ki, hər hansı başqa hesabatları və ya şikayətləri yox, ancaq konkret faktları və qanunları nəzərə alıb.
  • Yazılıb
  • da (də) 2009 Dec 18