Yerli mətbuat dəstəni şərti olaraq "Sumqayıt vəhabbiləri" adlandıraraq onun bir qədər öncə məhkum edilmiş "Meşə qardaşaları" ilə əlbir olduğunu yazır
Azərbaycan Servisi/Aran Agentliyi
Bakıdakı Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə terror fəaliyyətində ittiham edilən 31 nəfərlik qrup üzərində proses başlayıb.
Bu qrup bir sıra ağır cinayətlərdə suçlu bilinir və dəstənin beynəlxalq terror şəbəkəsi ilə əlaqələri araşdırma mövzusudur.
Müttəhimlər cinayət məcəlləsinin ondan çox maddəsi ilə ittiham olunur, o cümlədən qanunsuz silahlı birləşmə yaratmaq, terrorçuluğa cəhd, silah qacaqmalçılığı, dövlət sərhədini qanunsuz keçmə. Ittihamnaməyə görə, beynəlxalq terror şəbəkəsi ilə əlaqəli olan bu dəstə qanunsuz silahlı qrup yaradaraq antidövlət fəaliyyəti planlaşdırıb.
Yerli mətbuat isə dəstəni şərti olaraq "Sumqayıt vəhabbiləri" adlandıraraq onun bir qədər öncə məhkum edilmiş "Meşə qardaşaları" ilə əlbir olduğunu yazır. İddialara görə, bu dəstənin özəyi ilk vaxtlarda Sumqayıtda təşəkkül tapıb. Daha sonra isə dəstə Abşeron yarımadası və ölkənin şimal rayonlarında silah-sursat məntəqələri yaradıb.
İttihamnamədə isə qrupun rəhbəri olduğu deyilən Azər Misirxanovun fəaliyyəti mühüm yer tutur.Vaxtilə onun xaricdə təlim keçdiyi, daha sonra isə müxtəlif münaqişə zonalarında döyüşlərdə iştirak etdiyi deyilir.
Bu arada isə hüquq-mühafizə orqanlarına istinad edən mətbuat Misirxanovun bu ilin payızında Əfqanıstanda beynəlxalq koalisiya qüvvələrinin əməliyyatı zamanı qətlə yetirildiyini yazıb. Misirxanovun ölüm faktının onun yaxınlarının da təstiq etdiyi bildirilir.
Dəstə üzvləri habelə 2008-ci ilin avqustunda Bakıdakı "Əbu Bəkr" məscidində terror aksiyası törədənlərlə əlaqədə şübhəli bilinir.
Məhkəmə prosesi öz işini yanvarın 6-da davam etdirəcək.