"İran İslam Respublikası qardaş ölkəyə Qarabağ probleminin həllində kömək etməyə hazırdır
Azərbaycan Servisi/Aran Agentliyi
"İran İslam Respublikası qardaş ölkəyə Qarabağ probleminin həllində kömək etməyə hazırdır. Qarabağ münaqişəsi demək olar ki, bütün regionun problemidir. Hər bir regionun problemini də elə region ölkələri özləri həll etməlidir. Kənar ölkələr isə hər şeydən əvvəl öz maraqlarını güdürlər". Bunu ANS-ə müsahibəsində İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami bildirib.
Səfir ölkəsinin münaqişənin həllində vasitəçi olmağa hazır olduğunu da diqqətə çatdırıb. "Təəssüf ki, ATƏT-in Minsk Qrupunun təcrübəsi Azərbaycan üçün o qədər də yaxşı təcrübə deyil. Biz bu fikirdəyik ki, regionda sabitlik olsa, region da inkişaf edər. İran da münaqişənin həllinə dair müzakirələrə daxil olsa, öz potensialından beynəlxalq səviyyədə istifadə etməklə münaqişənin həllinə nail olmağa və münaqişənin bütün tərəflərin xeyrinə həll olunmasına çalışacaq", deyə səfir bildirib.
M.B.Bəhraminin sözlərinə görə, Minsk Qrupu ya bu problemi həll edə bilmir, ya da həll etmək istəmir.
"İran da öz mövqeyindən istifadə etmək istəyir. İki ölkənin rəhbərliyi və xarici dövlət rəsmiləri ilə görüşməklə problemin həllinə cəhd edə bilər və bu da problemin həllində yeni mərhələnin başlanmasına səbəb ola bilər. Ümid edərəm ki, iki ölkənin və region ölkələrinin cəhdləri ilə münaqişə ədalətli həllini tapar", deyə səfir əlavə edib.