Tarix : 2009 Dec 19
Kod 15363

ABŞ strateji müttəfiqimizdirmi?

.
Azərbaycan Servisi/Aran Agentliyi
Dekabrın 8-də ABŞ Konqresinin SenatNümayəndələr Palatası üzvlərinin birgə konfransında ABŞ dövlət qurumlarının 2010-cu maliyyə ili üzrə büdcələri barədə ümumiləşdirilmiş qanun layihəsi qəbul edilib. Bu layihəyə əsasən, ABŞ dövlətlərə yardım proqramı çərçivəsində qondarma “Dağlıq Qarabağ Respublikası”na 8 milyon dollar məbləğində yardım ayırıb. Qeyd edək ki, “DQR” ABŞ-ın dövlət səviyyəsində maliyyə yardımı etdiyi yeganə tanınmamış separatçı rejimdir. Və eyni zamanda, ABŞ da öz növbəsində “Dağlıq Qarabağa” dövlət səviyyəsində maliyyə yardımı edən yeganə ölkədir.
Hələ cari ilin 30 iyun tarixində Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə iqtisadi siyasət komitəsi ABŞ-ın Dağlıq Qarabağa birbaşa yardım göstərməsi ilə bağlı məsələni müzakirə etmişdi. O zaman belə bir məlumat səsləndirildi ki, Azərbaycanda ABŞ-a Dağlıq Qarabağa birbaşa yardım göstərməyi qadağan edən qanun layihəsi hazırlanıb. Layihənin mövcudluğunu Milli Məclisin 30 iyun tarixindəki iclasında spiker Oqtay Əsədov da təsdiqlədi. O, Azərbaycana yardımları yasaqlamaq məqsədilə ABŞ Konqresinin qəbul etdiyi 907-ci düzəlişin ləğvinə çağıran deputat Zahid Oruca cavab olaraq dedi ki, ABŞ-ın Dağlıq Qarabağa birbaşa yardım göstərməsini yasaqlayan qanun layihəsi hazırlanıb və bu məsələyə baxılacaq.
Xatırladaq ki, ABŞ Konqresinin Dövlət və Xarici Əməliyyatlar üzrə Alt Komitəsi bu il iyunun 17-də 2010-cu maliyyə ili üçün büdcəni təsdiqləyib. Alt komitə Dağlıq Qarabağın separatçı rejiminə gələn il də maliyyə yardımı ayırmaq haqda qərar verib. İndi isə bu qərar ABŞ Konqresi tərəfindən də qəbul edildi və layihə təsdiqləndi. Deməli, Azərbaycanın iyul ayından bu yana bu istiqamətdə gördüyü işləri uğursuzluğa uğradı.
İndi ölkə parlamenti yenidən məsələyə öz münasibətini bildirir. Milli Məclisin 16 dekabrda keçirilən iclasında ABŞ Konqresinə müraciət qəbul edilib. Millət vəkilləri ABŞ Nümayəndələr Palatasının Dağlıq Qarabağdakı separatçılara 8 milyon dollar ayırmasını təşviş və həyəcanla qarşıladıqlarını bildiriblər. Bununla belə, bu həyəcan praktikada heç bir təsirə malik deyil. İllərdən bəri ABŞ separatçı rejimə dövlət yardımı edir və hətta bəzi millət vəkilləri buna don geydirməyə çalışırlar. Bugünlərdə Asim Mollazadə hadisəyə münasibət bildirərkən ABŞ-ın bu məsələdə az qala məsum olduğunu və bütün günahın erməni lobbisində olduğunu dilə gətirib. Bu “millət vəkili” ölkəsinin ərazisini işğalı altında saxlayan qondarma bir quruma ABŞ tərəfindən dövlət səviyyəsində yardım edilməsinə etirazvari bir ifadə işlətməyə belə cəsarət etməyib və “gəlin erməni lobbisinin Amerikada nə qədər güclü olduğunu unutmayaq” deməklə, günah payını elə ermənilərin boynuna qoyub.
Qəribədir, hansısa bir ölkədə bir sayt, yaxud özəl bir telekanalda “Dağlıq Qarabağ” dövlət kimi təqdim olunanda, Azərbaycan ictimaiyyəti və dövləti ən ciddi şəkildə hadisəyə qiymət verməyə çalışır. Həmin ölkənin Bakıdakı səfiri XİN-ə dəvət edilir, nota təqdim olunur və ondan məsələyə aydınlıq gətirilməsi istənilir. Amma hər il ABŞ tərəfindən “Dağlıq Qarabağa” bir dövlət kimi yardım edilməsinə olan etirazlar isə yumşaq ifadələrlə söylənilən narazıçılıqlarla yekunlaşır. Üstəlik, həmin dövlət ölkə rəsmiləri tərəfindən “strateji müttəfiqimiz” elan olunur. Bu hal ictimai təsisatlarımızın zəifliyinin bir göstəricisidir. Əlbəttə, bu həm də bizim diplomatiyamızın uğursuzluğudur!
Hadisə ilə bağlı Azərbaycan rəsmilərindən olduqca maraqlı fikirlər də səsləndi. Milli Məclis sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov jurnalistlərlə söhbətində deyib ki, “ABŞ-ın Azərbaycanın başı üstündən, heç bir məlumat və izahat vermədən Dağlıq Qarabağa birbaşa yardım göstərməsini təbii ki, biz düzgün hesab edə bilmərik. Hesab edirəm ki, bu, mütləq Azərbaycanla razılaşdırılmalı idi”. Deməli, vitse-spikerin sözlərinə görə, ABŞ Azərbaycandan onun ərazisini işğal edib, on minlərlə vətəndaşını qətlə yetirən, 1 milyon insanı evindən-eşiyindən didərgin salan və işğal etdiyi ərazilərdə öz dövlət müstəqilliyini elan etmiş qondarma bir rejimə maliyyə yardımı ayırmaq üçün razılıq almalıymış. Və görəsən, Azərbaycan tərəfi ABŞ-ın belə təklifinə necə reaksiya verəcəkdi?..
Amma vitse-spiker cənablarının səsləndirdiyi daha maraqlı fikir illərdən bəri ərazilərimizi işğal altında saxlayan işğalçı rejimə dövlət səviyyəsində maliyyə yardımı ayıran Amerika Birləşmiş Ştatlarını Azərbaycanın “strateji müttəfiqi” adlandırmasıdır. Əsgərovun fikrincə, “Azərbaycan ABŞ-ın strateji müttəfiqi olduğundan belə yardımlar edilərkən mütləq bu barədə məlumat verilməli idi”. Hələ üstəlik, vitse-spiker “biz ABŞ-ın Dağlıq Qarabağa maliyyə yardımı ayırmasını anlamırıq” deməklə, sanki amerikalıların gözlənilməz və izahı mürəkkəb olan bir addım atdığını dilə gətirib. Maraqlıdır, Milli Məclis sədrinin birinci müavini ABŞ-ın illərdən bəri separatçı ermənilərə maliyyə yardımı ayırmasını hələ də anlamırmış…
Görəsən Azərbaycan rəsmisi, həm də Milli Məclis sədrinin birinci müavini strateji müttəfiq anlayışının hansı məna kəsb etdiyinin fərqindədirmi?
Qeyd edək ki, bir dövlətin başqa bir dövlətlə strateji müttəfiq olması bu iki dövlətin eyni strateji maraqlara malik olmasıyla şərtlənir. Strateji maraqlar üst-üstə düşdükdə, bu dövlətlər həmin maraqları gerçəkləşdirmək üçün eyni cəbhədə strateji ittifaq qururlar və strateji müttəfiqə çevrilirlər. Bəs görəsən bugünkü dünyamızın geostrateji atmosferi fonunda ABŞ ilə Azərbaycanın strateji maraqları eynidirmi? Üst-üstə düşürmü? Hətta dünyada deyil, regionumuzda eyni maraqlara malikdirlərmi?
Bir neçə məqama diqqət yetirək. Məsələyə daha geniş miqyasda yanaşdıqda, ABŞ-ın işğalçı (o, İraq və Əfğanıstanın ərazilərini işğal edib), Azərbaycanın isə işğala məruz qalmış bir dövlət olduğunun şahidi oluruq. Regional miqyasda isə, ABŞ-ın maraqları bölgəni özündən asılı vəziyyətə salıb, onun yeraltı və yerüstü sərvətlərindən maksimum dərəcədə faydalanmaqdan ibarətdir. Yəni Rusiya və digər dövlətlərin təsirlərindən xali edib, öz nəzarəti altına almaqdır.
Düşünmürəm ki, ölkəmizin də ABŞ-ın işğalçılıq maraqları, yaxud da öz ərazisinin təbii sərvətlərinin bu dövlətin ixtiyarına verilməsində marağı olsun. Söhbət özünü dünyanın hegemon dövləti kimi görən böyük bir dövlətlə, onun hegemonluğu altına almaq istədiyi kiçik bir dövlətdən gedir. Bu iki fərqli xarakterli dövlətlərin hansı halda strateji maraqları bir-birilə uyğun ola bilər ki? Əlbəttə, yalnız o halda ki, Azərbaycan öz müstəqil dövlətçilik maraqlarını kənara qoyub, ABŞ-ın maraqlarını rəhbət tutsun! Bunun əksini də hipotetik olaraq fərz etmək olar, amma elə yalnız hipotetik olaraq!
Hər bir dövlət beynəlxalq müstəvidə atdığı addımları öz strateji maraqları çərçivəsində atır. Belə isə, regionda öz maraqlarını gerçəkləşdirən ABŞ-ın illərdən bəri həm işğalçı Ermənistana, həm də ayrıca “Dağlıq Qarabağa” külli miqdarda maliyyə yardımı etməsini eyni zamanda həm də ölkəmizin strateji maraqlarına uyğun hadisə kimi dəyərləndirmək olarmı? Strateji müttəfiqiksə, cavab müsbət olmalıdır axı!
Amerikanın “Dağlıq Qarabağa” yardım etməsi, məgər, yeni hadisədirmi? İllərdən bəri torpaqlarımızı işğal edib, orada qondarma “dövlət” elan etmiş bir quruma dövlət səviyyəsində yardım edən bir dövlət hansı meyarlara görə, necə, hardan bizim “strateji müttəfiqimiz oldu, cənab Ziyafət Əsgərov?
Xatırladaq ki, 1988-ci ildə Ermənistan Azərbaycana qarşı ərazi iddiası irəli sürdü və bununla işğalçılıq siyasətini gerçəkləşdirməyə başladı. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olundu. Amma ABŞ bir dövlət olaraq münaqişəyə qiymət verərkən, 1992-ci ildə işğalçı Ermənistanı deyil, işğala məruz qalan Azərbaycanı 907-ci düzəlişi qəbul etməklə cəzalandırıb. Bu qanuna görə, ABŞ-ın Azərbaycana dövlət səviyyəsində maliyyə yardımı etməsinə qadağa qoyulub. Sonralar bu qanunun icrası ilbəil dondurulsa da, Azərbaycanı təhqir edən 907-ci düzəliş bugünədək ləğv edilməyib. Amma ötən illər ərzində hər il Ermənistana yardım edilib və bu yardımların məbləği 1 milyard ABŞ dollarını ötüb. Üstəlik, ABŞ dövlətlərə yardım proqramı çərçivəsində hər il qondarma “Dağlıq Qarabağ Respublikası”na da ayrıca yardımlar ayırıb və bu yardımlar işğalçı rejimin dövlət büdcəsinin formalaşmasında əhəmiyyətli rol oynayıb.
ABŞ dövlət rəsmiləri nəinki bircə dəfə də Ermənistanı işğalçı adlandırmayıb, hətta əksinə, danışıqlar prosesində hər zaman məhz Azərbaycan tərəfini güzəştə getməyə çağırıb. Budurmu strateji müttəfiqlik? Belə bir dövlət Azərbaycanımızın strateji müttəfiqi hesab edilə bilərmi? Qeyd edək ki, özünə hörmət qoyan başqa bir ölkə çoxdan onun ərazisini işğal edib, bu ərazilərdə qondarma dövlət elan edən quruma dövlət səviyyəsində maliyyə yardımı ayıran ölkəni strateji rəqib elan etmişdi!
İndi Milli Məclis sədrinin birinci müavini görəsən nəyi anlamır, ABŞ-ın erməni separatçılarına niyə yardım etməsini, yoxsa “strateji müttəfiq” sözünün mənasını? Bəlkə də Azərbaycanımızım strateji maraqlarının nədən ibarət olmasını?..
Elşən Mustafaoğlu,
“Yeni Şərq” Araşdırmalar Mərkəzi
  • Yazılıb
  • da (də) 2009 Dec 19