Azərbaycan Servisi/Aran Agentliyi
ABŞ-la Azərbaycan hakimiyyəti arasında münasibətlər kəskinləşməkdə davam edir. İqtidarın son zamanlar Qərb üzərinə hücumları artırmasının arxasında ciddi məqamların dayanmasına şübhə yoxdur. Hələlik bu ciddi məqamların konkret nədən olması çılpaqlığı ilə aydın olmasa da, ölkə rəsmiləri bunu Qarabağ məsələsi ilə əlaqələndirirlər. Bu bəyanatlardan belə qənaət formalaşır ki, ABŞ Qarabağ məsələsində Azərbaycandan güzəştlərə getməyi tələb edir. Bu haradasa inandırıcı görünə bilər, çünki Qarabağ məsələsində beynəlxalq aləmin ikili mövqe tutması bir fakt kimi ortadadır, eyni zamanda son vaxtlar Qərbin bu problemlə əlaqədar ölkəmizə təzyiqləri artırması faktdır. Amma ekspertlər onu da istisna etmirlər ki, hakimiyyətin ABŞ-a qəzəblənməsinin arxasında başqa səbəblər də dayana bilər.
Söhbət demokratiya tələbindən, ABŞ-ın 2010-cu il parlament seçkiləri ilə bağlı proqram hazırlamasından, ölkəmizə qarşı sanksiyalar tətbiq oluna biləcəyi haqda xəbərlərdən doğan qəzəbdən gedir.
Bir məsələ də maraqlıdır ki, ABŞ parlament səviyyəsində sərt tənqid edildikdən sonra Prezident Administrasiyasının iki şöbə müdiri - Əli Həsənov və Novruz Məmmədov bir qədər fərqli açıqlamalar verdilər. Onlar ABŞ-la konfliktə getmədiklərini, sadəcə, Qarabağ məsələsində ədalətli mövqe tutulmasını istədiklərini bildiriblər.
Bunun ardınca isə rəsmi Bakı Amerika Birləşmiş Ştatlarına nota verib. Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Yaşar Əliyev ABŞ Konqresində Dağlıq Qarabağa 8 milyon dollar yardım ayrılmasını nəzərdə tutan qanun layihəsinin qəbulu ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi notasını Dövlət Departamentinə təqdim edib.
Azərbaycanın Vaşinqtonda yerləşən səfirliyindən APA-ya verilən məlumata görə, səfir bununla bağlı Azərbaycan tərəfinin dərin narahatlığını ifadə edib.
Səfir Y.Əliyev bildirib ki, Azərbaycanın Dağlıq Qarabağ regionu ətraf rayonlarla birlikdə Ermənistanın işğalı altındadır. Odur ki, ABŞ hökumətinin Dağlıq Qarabağ və Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş digər ərazilərində rəsmi Bakı ilə məsləhətləşmədən istənilən proqram və fəaliyyət həyata keçirmək niyyəti ABŞ-ın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış suverenliyini və ərazi bütövlüyünü dəstəkləməsi barədə rəsmi bəyanatlarına ziddir.
Azərbaycan tərəfi ABŞ hökumətini bu məsələ ilə bağlı açıqlama verməyə çağırıb.
Notada qeyd olunub ki, rəsmi Bakının razılığı olmadan bu proqramların reallaşdırılması ABŞ hökumətinin işğal altında olan Azərbaycan ərazilərində yaradılmış separatçı rejimə dəstəyi kimi qiymətləndiriləcək, işğalın davamına səbəb olacaq, münaqişənin nizamlanması istiqamətində səylərə mənfi təsir göstərəcək və ABŞ-ın ATƏT-in Minsk qrupunun həmsədri kimi «ədalətli, tərəfsiz vasitəçi» imicini sarsıdacaq.
Amerika tərəfi notaya ən qısa müddətdə cavab verəcəyini bildirib.
Qeyd edək ki, səfir Y.Əliyev bu məsələ ilə bağlı Azərbaycan tərəfinin narahatlığını dekabrın 15-də dövlət katibi Hillari Klintonun da diqqətinə çatdırıb.
Nota ilə bağlı ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Terri Devidson mediaforum.az-a açıqlamasında bildirib ki, bu məsələ ilə bağlı səfirliyin hər hansı əməkdaşının Xarici İşlər Nazirliyinə dəvət edilib-edilmədiyi haqda məlumatı yoxdur: «Onu bilirəm ki, Azərbaycanın Vaşinqtondakı səfiri Yaşar Əliyev dekabrın 17-də Dövlət Departamentində görüş keçirib. Lakin görüş haqda ətraflı məlumat yoxdur. ABŞ Dövlət Departamentindən səfirliyə bu nota ilə bağlı məlumat daxil olmayıb. Ona görə də notanı şərh etmək çətindir. Notanı görməmişəm».
Səfirliyin rəsmisi deyib ki, ABŞ «Dağlıq Qarabağ Respublikası» adlı qurumu tanımır: «Bu bizim siyasətimizdir və bu siyasət dəyişməz qalır. ABŞ Konqresi tərəfindən müəyyən olunan yardıma gəlincə, bu yardım hökumət üçün deyil, insanlar üçün ayrılır. Bu, xalis humanitar yardımdır, minaların təmizlənməsi kimi layihələr üçün nəzərdə tutulub. Bu layihələr QHT-lər tərəfindən həyata keçirilir».
ABŞ-la Azərbaycan arasında münasibətlərin kəskinləşməsində bir tendensiya da müşahidə olunur ki, iqtidar Rusiya və İrana meyllənir. Bir qayda olaraq, hakimiyyət Qərbdən hansısa təzyiq ediləndə və ya tövsiyə veriləndə Rusiya ilə münasibətlərini yaxşılaşdırır. Yəni bir növ Qərbə mesaj verir ki, biz siyasətimizi dəyişə bilərik. Bu cür arzuolunmaz situasiya nə qədər davam edə bilər? Azərbaycanın manevr imkanları tükənməzdirmi?
Bununla bağlı söhbətləşdiyimiz politoloq Qabil Hüseynli «əlbəttə, könül istər ki, Amerika ilə münasibətlər strateji tərəfdaşlıq səviyyəsini qoruyub saxlasın. Amma indi baş verən mürəkkəb hadisələr burulğanında hər iki ölkə diplomatiyası düzgün hədəfləri müəyyənləşdirməkdə çətinlik çəkirlər» deyə qeyd etdi: «Məsələn, ABŞ-ın nəyinə lazımdır ki, təcavüzkara və işğal altına alınmış torpaqlarının qeyd etdiyiniz təcavüzkara verilməsinə əvvəllər biganə olduğu halda, bu gün açıq dəstək versin? Amerika Azərbaycanın bu məsələdə nə qədər həssas olduğunu və bunun Azərbaycan üçün həyati əhəmiyyətə malik olduğunu başa düşməli idi. Beynəlxalq hüquq normaları da bunu diqtə edir. Mənim zənnimcə, hər şey bundan başladı. Amerika Azərbaycana xırda dövlət gözü ilə baxdıqca, problemlərin daha da kəskinləşəcəyini ehtimal etmək olar. Amerika böyük dövlətçilik ədasına məxsus bir təkəbbürlə Azərbaycanı qıcıqlandıran davranışlar sərgiləyirsə, bu zaman hələ o qədər də bərkişməmiş Azərbaycan xarici siyasətində təlaşlı addımlar atıla bilər. Məsələn, İranla bəzi sövdələşmələr kimi. Əgər bu gün Amerika strateji maraqlar naminə Rusiya ilə ən ciddi kompramislərə gedirsə, Azərbaycan diplomatiyasının təlaşlarının bir səbəbini də burada axtarmaq lazımdır».
Politoloq qeyd etdi ki, baş verənlərə rəğmən Azərbaycan tərəfi münasibətlərin yaxşılaşmasına çalışmalıdır: «Çünki Azərbaycanın siyasi manevr imkanları böyük dövlətlərin imkanları qədər geniş deyil, məhduddur. Bu səbəbdən də Azərbaycan öz milli maraqlarına uyğun olan strateji seçimini müəyyən etməli və onu reallaşdırmalıdır».