Bu gün Kutaisi şəhərində etiraz aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyada 500 nəfər iştirak edib
Gürcüstan Servisi/Aran Agentliyi
Bu gün Kutaisi şəhərində etiraz aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyada 500 nəfər iştirak edib. Çıxış edənlər Kutaisi xatirə kompleksinin partladılmasının insan ölümü ilə nəticələnməsinə görə məsul şəxsləri, o cümlədən prezident Saakaşvilini günahlandırıblar. Aksiyaya səbəb dekabrın 19-da Kutaisi şəhərində Böyük Vətən Müharibəsində həlak olanların şərəfinə ucaldılan abidənin partladılması və partlayış zamanı faciə baş verməsi olub. Aksiya iştirakçıları qeyd ediblər ki, partlayış baş verən yerdə ya kilsə, ya da abidə tikilməlidir.
APA-nın məlumatına görə, Kutaisi xatirə kompleksinin partladılması zamanı 8 yaşlı Nino Cinçaradze və onun anası faciəli surətdə həlak olub. Onların qohumu 39 yaşlı İrakli Cinçaradze isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin dediyinə görə, onun vəziyyəti ağırdır. Zurab Noğaydeli, Salome Zurabişvili, Qubaz Sanikidze, Temur Şaşiaşvili, Koba Davitaşvili və digər iştirakçılar etiraz aksiyası başlamamışdan öncə, abidənin partladılması zamanı həlak olan Cinçaradzelərin ailəsinə, yaxınlarına və qohumlarına baş sağlığı veriblər.
Xatırladaq ki, dekabrın 19-da baş verən partlayışdan sonra İmereti bölgə qubernatoru Mixail Çoqovadze vəzifəsindən azad edilib. Faktla bağlı 10 nəfər məsul şəxs saxlanılıb.