Tarix : 2009 Dec 23
Kod 15419

Azərbaycanda bələdiyyə seçkiləri başladı

Səsvermə 118 seçki dairəsi üzrə 4813 seçki məntəqəsində keçirilir
Azərbaycan Servisi/Aran Agentliyi

Azərbaycanda bələdiyyə seçkiləri başlayıb. Saat 8.00-da başlayan səsvermə 19.00-dək davam edəcək. Səsvermə başlamazdan bir qədər əvvəl Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov "Seçkilər" İnformasiya Mərkəzində brifinq keçirib.

Bələdiyyə seçkiləri 118 seçki dairəsi üzrə 4813 seçki məntəqəsində keçirilir. 1718 bələdiyyə üzrə 15 682 nəfər bələdiyyə üzvü seçilməlidir. 31 minə yaxın bələdiyyə üzvlüyünə qeydə alınmış namizəd var. 16 siyasi partiya rəsmi olaraq seçki marafonuna qatılıb. Qeydə alınmış namizədlərin 16 755-i siyasi partiyalar, 147 nəfəri təşəbbüs qrupları tərəfindən, 14 073 nəfərin namizədliyi fərdi qaydada irəli sürülüb. Namizədlərdən 319 nəfəri siyasi mənsubəyytini göstərməmiş, 11147-si bitərəfləri, digər namizədlər isə 29 siyasi partiyanı əhatə edirlər. Namizədlərdən 6108 nəfərini qadınlar təşkil edir. 15 773 namizəd ali təhsillidir. Vahid seçicilər siyahısında 4 milyon 600 minə yaxın seçicinin adı var.

Seçkiləri 50 minə yaxın müşahidəçi izləyir və onlardan 54-ü beynəlxalq müşahidəçidir. Beynəlxalq müşahidəçilər 13 beynəlxalq təşkilatı və 18 ölkəni təmsil edirlər. KİV-lərin səsvermə günü seçki məntəqələrindən məlumat alması üçün akkreditasiya tələb olunmur. Səsvermənin gedişi barədə gün ərzində 5 dəfə ictimaiyyətə məlumat veriləcək.

Səsvermənin şəffaflığını təmin etmək məqsədilə 500 seçki məntəqəsində veb-kamera quraşdırılıb. İstənilən şəxs MSK-nın internet səhifələrinə(www.msk.gov.az; www.cec.gov.az; www.infocenter.gov.az) daxil olaraq, həmin məntəqələrdə səsvermə prosesini fasiləsiz izləyə biləcək.

Xatırladaq ki, bu günkü bələdiyyə seçkiləri Azərbaycan Respublikasında keçirilən ölkə miqyaslı üçüncü bələdiyyə seçkisidir. İlk bələdiyyə seçkisi 1999-cu ildə , ikincisi isə 2004-cü ildə keçirilib.

  • Yazılıb
  • da (də) 2009 Dec 23