Tarix : 2009 Dec 31
Kod 15473

Fatimeyi Zəhra məscidində Aşura məclisi

dekabrın 28-də Yeni Günəşlidə sökülmə qərarı verilən "Fatimeyi Zəhra" məscidində möhtəşəm Aşura mərasimi keçirilib.
Azərbaycan Servisi/Aran Agentliyi
İslam-Azeri.az internet qəzetinin verdiyi xəbərə görə dekabrın 28-də Yeni Günəşlidə sökülmə qərarı verilən "Fatimeyi Zəhra" məscidində möhtəşəm Aşura mərasimi keçirilib.

Səhər saatlarından etibarən məscidin ərazisi 30-a yaxın polis maşını və yüzlərlə polis əməkdaşı tərəfindən əhatə olunmuşdu və heç kim əraziyə buraxılmırdı.

Məscidin həyətinə daxil olmaq istəyənlərə isə “gedin dərdinizi kimə deyirsiniz, deyin heç kimə imkan verməyəcəyik” və bu kimi kobud cavablar verilirdi.

Ətrafda toplaşan insanların sayı isə artmaqda davam edirdi. Nəhayət izdihamın içindən yüzlərlə inanclı insan “qan su yerinə axacaq əgər məscid sökülsə!” şüarı səsləndirərək məscidə doğru sürətlə irəlilədi.

Müxbirimizə şahidlərin bildirdiyinə görə polis gözyaşardıcı qazdan və rezin dəyənəklərdən istifadə edib.

Möminlər polis səddini yardıqdan sonra məscid həyətinin hasarlarından aşaraq, əraziyə daxil oldular və “Hüseyn-Hüseyn şuarımız”, “Ya Zəhra”, “Ya Hüseyn” şuarları ilə məscid ətrafında toplandılar.

Əzadarlar “Ya Hüseyn” deyərək məscidin ətrafında dövrə vurublar.

Daha sonra isə çıxışlar oldu, mərsiyələr, nohələr oxundu.

Çıxış edənlər məscidin dağılması haqqında qərar verənlərə müraciət edərək, İlahi əzabdan amanda qalmaq üçün onları tez bir zamanda fikirlərini dəyişməyə çağırıblar.

Məscidə gələnlər "Hüseyn Hüseyn şüarımız, şəhadət iftixarımız", "Qan su yerinə axacaq, əgər məscid sökülsə", "Allahu Əkbər", "Hər gün Aşura, hər yer Kərbəla" şüarları səsləndirdilər.

Yeni Günəşli qəsəbəsinin sakinləri isə sökülmək qərarı verilmiş məscidə üz tuturdular.

Məsciddə izdihamın daha da böyüməsindən narahat olan polis iri tutumlu avtobusları məscidə aparan yollara çıxarmaqla hərəkəti iflic etmiş, əraziyə əlavə polis qüvvələri cəlb edərək məscidin ərazisinə girişi məhdudlaşdırmışdı.

Məscidə daxil ola bilməyən əhali isə kənardan əzadarlığa tam şövqlə dəstək vermişlər.

Qeyd edək ki, 6-7 min müsəlmanın iştirakı ilə keçirilən əzadarlıq zamanı polisə nəzarət etmək və şəxsən bu tədbiri izləmək üçün məscidə Bakı Şəhər Polis İdarəsinin rəis müavini general Yaşar Əliyev də gəlib.
 
  • Yazılıb
  • da (də) 2009 Dec 31