Tarix : 2009 Dec 31
Kod 15474

“MOSSAD”a BAĞLI ŞİRKƏT AZƏRBAYCANDA YOL TİKƏCƏK!

Ziya Məmmədovun yeni yəhudi ortaqları Azərbaycanda 350 milyon dollarlıq layihəyə cəlb olunan İsrail şirkəti ilə bağlı şok məlumatlar
Azərbaycan Servisi/Aran Agentliyi
Xəbər verildiyi kimi, dekabrın 8-də Azərbaycanın Nəqliyyat və Maliyyə nazirlikləri ilə bəzi xarici kredit təşkilatları arasında yeni infrastruktur layihəsinə dair kredit müqaviləsi bağlanıb. Fransanın “BNP Paribas”, İsrailin “Leumi Le Israel B.M.” və “Bank Hapoalim B.M” bankları arasında bağlanmış müqaviləyə əsasən, Nəqliyyat Nazirliyi dövlət əmanəti altında bu maliyyə qurumlarından 270 milyon dollar kredit alıb. Vəsaitin 70 faizini Fransa bankı, qalanları isə hər birinin payı 15 faiz olmaqla İsrail bankları ödəyəcək. Layihə Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 156 kilometrlik Muğanlı-Yevlax hissəsinin yenidən qurulmasını, o cümlədən həmin yolda yeni körpülərin tikintisini nəzərdə tutur. Bu müqaviləyə əsasən, layihənin podratçısı kimi İsrail şirkəti seçilib.
Belə ki, yolun tikintisini İsrailin “Shari Arison’s Housing and Construction” (Shikun & Binui) şirkəti həyata keçirməlidir. Bu həftə sözügedən şirkətin İsraildəki baş ofisi də müqavilə ilə bağlı açıqlama yayıb və bildirib ki, onun filialı olan “Solel Boneh International” bu infrastruktur layihəsinin baş podratçısıdır. Açıqlamada göstərilir ki, layihənin ümumi dəyəri 340 milyon dollar təşkil edir. İsrail şirkəti bildirir ki, layihənin icra müddəti 3 ildir və bu, indiyədək İsrail şirkətlərinin Azərbaycanla bağladığı ən iri müqavilədir. Qeyd edək ki, İsrailin Bakıdakı səfirliyi də bu müqaviləni “tarixi” adlandırıb və bəyan edib ki, Azərbaycanda yol tikintisinə İsrail bankları tərəfindən kredit ayrılmasında bu ölkə hökumətinin təsiri olub. Səfirlik bunu İsrailin Azərbaycan iqtisadiyyatına olan etimadının göstəricisi adlandırmışdı.
Həqiqətən ilk dəfədir ki, İsrail bankları Azərbaycana kredit ayırır və ölkədə bu cür irimiqyaslı infrastruktur layihəsini həyata keçirmək üçün müqavilə bağlayır. Bəs Azərbaycanda biznes quran İsrail şirkəti haqda nə məlumdur? Xaricdə işləyən İsrail şirkətlərinin bir çoxunun bu ölkənin kəşfiyyat xidməti “Mossad”ın şəbəkəsində olduğu bir vaxtda sözügedən şirkətin fəaliyyətində hansısa şübhəli məqamlar ola bilərmi? Diqqəti ilk baxışdan cəlb etməyən müqavilə və ora cəlb olunan şirkətlər haqda apardığımız araşdırmalar göstərdi ki, şübhələr boş yerə deyilmiş. Məlum oldu ki, Azərbaycanda 340 milyon dollarlıq yol tikintisi layihəsinin podratçısı olan İsrail şirkətinin də “Mossad”la bu və ya digər formada bağlılığı var. Söhbət “Solel Boneh International” şirkətindən gedir. Belə ki, İsrail kəşfiyyatı bu şirkətdən vaxtilə özünün xarici ölkələrdəki məxfi əməliyyatlarında istifadə edib.
İnternet ensiklopediyası “Vikipediya”da yer alan məlumatlara görə, şirkət 1921-ci ildə general Histadrut tərəfindən “Batz” adı altında təsis edilib. Sonradan adını dəyişərək “Solel Boneh”ə çevrilib. Şirkət İsrail dövlətinin elan edilməsindən etibarən onun bütün strateji tikinti layihələrini həyata keçirib. İsrail ordusu üçün hərbi bazalar, məxfi obyektlər və digər strateji tikintilər bu şirkət vasitəsilə icra edilib. 1989-cu ildə şirkəti “Housing & Construction Holding Company Limited" adlı digər şirkət alıb, 1996-cı ildə isə “Solel Boneh” də daxil olmaqla, sözügedən şirkət tikinti maqnatı Shari Arisonsun nəzarətinə keçib. Hazırda “Solel Boneh” şirkəti “Shari Arison’s Housing and Construction” holdinqinə daxil olan qurumlardan biridir.
Yuxarıda deyildiyi kimi Azərbaycanın Nəqliyyat Nazirliyi ilə bağlanan müqavilə əsasında Muğanlı-Yevlax yolunun tikintisini “Shari Arison’s Housing and Construction” holdinqi “Solel Boneh İnternational” vasitəsilə həyata keçirəcək.
İnternet mənbələrində yer alan məlumatlara görə, “Solel Boneh” ötən əsrin 60-70-ci illərində İsrailin bir sıra Afrika ölkələrindəki məxfi əməliyyatlarına cəlb edilib. Bu şirkət Nigeriya, Uqanda və təbii sərvətlərlə zəngin digər ölkələrdə strateji obyektlərin tikintisini həyata keçirib. 1976-cı ildə terrorçular tərəfindən girov götürülərək Uqandaya qaçırılan İsrail sərnişin təyyarəsinin azad edilməsi üçün “Mossad”ın həyata keçirdiyi misli görünməmiş Entebbe əməliyyatında da bu şirkətin kritik rolu olub. Belə ki, Entebbe aeroportunu inşa edən şirkət onun planını “Mossad”a verib və bunun sayəsində İsrail xüsusi təyinatlıları itki vermədən məşhur əməliyyatı həyata keçiriblər. Daha sonra şirkətin adı 1984-cü ildə Londonda Nigeriyanın keçmiş nəqliyyat naziri Umaru Dokkonun “Mossad” tərəfindən oğurlanması əməliyyatına qarışıb. Məlum olub ki, keçmiş nigeriyalı nazirin oğurlanması əməliyyatını təşkil edən Elişa Koen adlı “Mossad” agenti “Solel Boneh”in xarici tikinti layihələrinin rəhbəri olub. Qısa haşiyə çıxaraq qeyd edək ki, Umaru Dokko 1983-cü ildə Nigeriyada mülki hakimiyyətin generallar tərəfindən devrilməsindən sonra ölkədən qaçaraq Londondakı bahalı villasında yerləşib. Məlum olub ki, Dokko nəqliyyat naziri olarkən hökumətin digər üzvləri kimi irimiqyaslı korrupsiya əməlləri həyata keçirib və büdcədən milyard dollardan çox pul oğurlayıb. Onun vəzifədə olarkən İsrail şirkətləri ilə də əlaqələri olub.
“Solel Boneh” barədə digər ilginc faktlar da var. Məsələn, bu şirkət vaxtilə Türkiyədəki İncirlik bazası da daxil olmaqla, NATO bazalarını inşa edib; həmçinin ABŞ ordusu üçün hərbi bazaların inşasını həyata keçirib. Heç bir şübhə yoxdur ki, əgər bu şirkət İsrailin xüsusi xidmət orqanlarının nəzarətində olmasa, bu cür strateji obyektlərin tikintisi ona həvalə edilməzdi. Bundan əvvəl İsrail mətbuatı yazmışdı ki, bu ölkədən Mərkəzi Asiya və Xəzər regionunda biznes quran şirkətlər, iş adamları “Mossad” şəbəkəsinə daxildir. İsrail kəşfiyyatı İranla həmsərhəd strateji bölgədə möhkəmlənmək üçün öz şəbəkəsinə daxil olan şirkətləri neft-qaz sektoru da daxil olmaqla, bir çox sektorlarda layihələrə cəlb edir. Ola bilsin ki, nəqliyyat naziri Ziya Məmmədov sözügedən müqaviləni bağlayarkən yeni tərəfdaşının keçmişi və əlaqələri haqda məlumatlara malik deyildi. Lakin belə görünür ki, İsrail son vaxtlar münasibətlərini genişləndirdiyi Azərbaycanla biznes əlaqələri qurarkən sıradan şirkətləri seçmir. Doğrudur, “Solel Boneh” və onun daxil olduğu holdinq İsrailin tikinti üzrə ən tanınmış və nüfuzlu şirkəti hesab edilir, ancaq bu biznes qurumunun İsrail dövlətinin və kəşfiyyatının maraqlarına xidmət etməsi də nəzərdən qaçmamalıdır.
  • Yazılıb
  • da (də) 2009 Dec 31