Azərbaycanla Rusiya arasında bu barədə ciddi müzakirələrin aparıldığı haqda yeni məlumatlar var
Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycanla Rusiya arasında bu barədə ciddi müzakirələrin aparıldığı haqda yeni məlumatlar var
Əgər gələn il Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlarda əhəmiyyətli dönüş yaranmasa, Azərbaycanın öz ərazilərini hərbi yolla geri qaytarmaq təşəbbüsü göstərməsi aktuallaşa bilər. Hakimiyyət düşərgəsindəki mənbələrdən daxil olan yeni məlumatlara görə, rəsmi Bakı gələn il üçün sülh danışıqlarının aparılması, əgər bu danışıqlarda ciddi irəliləyiş əldə edilməsə, hərbi yoldan hansı mərhələdə və formada istifadə olunmasına dair strategiyaya malikdir.
Azərbaycanın torpaqlarını hərbi yolla geri qaytarmaq niyyətləri barədə dəfələrlə ən yüksək səviyyədə ifadə edilib. Lakin bildirilir ki, əgər bu variant işə düşsə söhbət irimiqyaslı hərbi əməliyyatlardan getməyəcək. Çünki bu cür hərbi əməliyyatların bütün regionun taleyini dəyişdirə biləcək hadisələrə gətirib çıxarmaq təhlükəsi var. Ona görə də hakimiyyət strateqləri irimiqyaslı hərbi əməliyyatlar əvəzinə işğalçı qüvvələri zəbt olunmuş ərazilərin bir hissəsindən vurub çıxarmaq variantları üzərində düşünür. Hərbi ekspertlərə görə, bu zaman bir və ya iki döyüş briqadasından, əsasən aviasiyadan və xüsusi təyinatlı zərbə qüvvələrindən istifadə mümkündür. Eyni zamanda hakimiyyətdə nəzərə alırlar ki, Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvonun istənilən formada dəyişməsi böyük ölçüdə Rusiyadan asılıdır. Ona görə də neçə vaxtdır ki, Rusiya ilə bu istiqamətdə ciddi, həm də müxtəlif səviyyələrdə danışıqlar gedir. Rəsmi Bakı istər münaqişənin dinc yolla həlli, istərsə də alternativ variantların işə salınması məsələsində Moskva ilə anlaşmağa çalışır.
Bundan əvvəl də belə məlumatlar var idi ki, Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətlərdə Qarabağ məsələsini ön plana çıxarıb. Moskvadan edilən xahişlər budur ki, ya Rusiya Ermənistana təzyiq edərək onu münaqişənin beynəlxalq prinsiplər əsasında dinc yolla həllinə razı salmalıdır, ya da Rusiya Azərbaycanın işğal edilmiş ərazilərini hərbi yolla geri qaytarmağa cəhd edərsə ən azından neytral qalmalıdır. Digər variant isə Rusiyanın üstüörtülü şəkildə Qarabağda məhdud hərbi əməliyyatlara yaşıl işıq yandırması ola bilərdi. Qeyd etmək lazımdır ki, bu cür məlumatlar həm yerli, həm də Rusiya mətbuatında yer alıb. Ermənistanda əvvəlcə bu xəbərlərə əhəmiyyət verməməyə çalışıblar, ancaq son zamanlar İrəvanın hakim dairələri Rusiya ilə Azərbaycan arasında siyasi və hərbi sahələrdə aparılan danışıqlardan narahat olduğunu gizlətmir. Məsələn, bu günlərdə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin hakim Respublika Partiyasından olan sədri bildirib ki, Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında Ermənistanın müttəfiqi olaraq öz öhdəliklərinə sadiq qalmalıdır. Belə ki, Rusiya Azərbaycanla hərbi əməkdaşlıq etməklə bu öhdəliklərə ziddi hərəkət edir. Əvvəllər də Rusiya Azərbaycanla hərbi-texniki əməkdaşlıq edib, ancaq heç vaxt bu əməkdaşlıq Ermənistanda indiki kimi narahatlıq doğurmayıb. İrəvanda ehtiyat edirlər ki, Rusiya regiondakı və dünyadakı geosiyasi maraqları naminə Ermənistanı “sata” bilər, yaxud Azərbaycana imkan yaradar ki, Qarabağ münaqişəsi ətrafında status-kvonu dəyişsin.
Doğrudur, Rusiyanın Azərbaycana bu cür dəstək verəcəyinə inanan azdır. Ermənistan Rusiyanın Cənubi Qafqazdakı forpostu olaraq qalır və bu statusunu dəyişdirmək niyyətində deyil. Lakin Ermənistanı Rusiyanın nəzarətindən çıxarmaq istəyən qüvvələr var. Bunun birinci mərhələsi kimi Ermənistanın Türkiyə ilə sərhədlərinin açılması baş verməlidir. Məlumatlı mənbə qeyd edir ki, məhz bu məsələdə Rusiyanın maraqları Azərbaycanın öz ərazilərini qismən də olsa qaytarmaq üçün hərbi yola əl atmasına şərait yarada bilər. Hazırda Rusiya Ermənistan-Türkiyə yaxınlaşmasına dəstək verir, ancaq situasiya elə inkişaf edə bilər ki, Moskva bu yaxınlaşmanı əngəlləyə bilər. Bunun üçün Rusiyanın Ermənistana müxtəlif təsir rıçaqları var.