Azərbaycan Servisi/Aran Agentliyi
Ötən gün Naxçıvan Muxtar Respublikası (MR) Culfa rayonunun Bənənyarlı kəndinin sakinləri bildiriblər ki, Culfa Rayon Polis Şöbəsinin bir qrup əməkdaşı dekabrın 27-də kənddə keçirilən Aşura mərasiminə müdaxilə edib. Nəticədə kənd camaatı ilə polis arasında ciddi qarşıdurma baş verib. Həbs edilənlər və yaralananlar var.
“Dekabrın 27-də xeyli sayda polis Aşura mərasimini dağıtmaq məqsədilə kəndə basqın etdi. Polislər heç nəyə baxmadan qocaları və qadınları döydü. 10-15 ağsaqqal ağaca sarınıb döyüləndən sonra həbs olunub. Hətta bir nəfəri – Nail Xəlilovu dəli adı ilə ruhi xəstəxanaya apardılar. Başqa bir sakin – atasının döyülüb təhqir olmasına dözməyən Yunis Əliyev isə özünü yandırıb” – deyə kənd sakinləri bildirib.
Şikayətçilərin sözlərinə görə, Yunis Əliyevi özünü yandırmağa polis təhrik edib. Belə ki, atasının döyülməsinə dözməyən Yunis Əliyev polisdən yaşlı valideynini buraxmağı xahiş edib. Ancaq polis əməkdaşları onun xahişini rədd edib. İ.Ələkbərovun sözlərinə görə, buna dözməyən Yunis Əliyev özünü yandıracağını deyib və üstünə benzin tökərək özünə öd vurub: “Yunis Əliyev ağır vəziyyətdə Naxçıvandakı mərkəzi xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti olduqca ağırdır. Qapıda polislər keşik çəkdiyindən yanına da heç kəs buraxılmır. Hazırda kənd polis tərəfindən mühasirədədir. Heç kəsi küçəyə çıxmağa qoymurlar”.
Sonda şikayətçilər üzləşdikləri vəziyyətlə bağlı Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadəyə müraciət edəcəklərini də dedilər.