Culfa rayon Bənəniyar kəndində Aşura günü sinə vurduqda üçün bir qrup kənd sakini Əlincə polis şöbəsinə aparılaraq orada - mənəvi-psixoloji və fiziki təzyiqə məruz qalıblar
Azərbaycan Servisi/Aran Agentliyi
Culfa rayon Bənəniyar kəndində Aşura günü sinə vurduqda üçün bir qrup kənd sakini Əlincə polis şöbəsinə aparılaraq orada - mənəvi-psixoloji və fiziki təzyiqə məruz qalıblar. Polis zorakılığına etiraz olaraq polis şöbəsində təzyiqə məruz qalanlardan birinin 35 yaşlı oğlu Əliyev Yunis Kamal oğlu üzərinə benzin tökərək özünü yandırıb. Yanvarın 5-də isə o, xəstəxanada vəfat edib. Bu barədə RATİ-nin Naxçıvandakı müxbirlərinə Bənəniyar kənd sakinləri verib.
Məlumata görə, Y.Əliyevin cənazə mərasimi etiraz aksiyası ilə müşayiət olunub. Kəndə daxili qoşunların əsgərləri və polis yeridilib. Kənddə sakinlərlə güc strukturları arasında ciddi toqquşmanın baş verdiyi bildirilir.
Belə ki, Məhərəm ayının doqquzuncu və onuncu günlərində kənd sakinləri əzadarlıq edib. Həmin gün kəndə polis müdaxilə edib və Xəlilov Nail Yusif oğlu, Quliyev Nazir Məşdağa oğlu, Quliyev Əli Nazir oğlu, Əliyev Yusif Xəyyam oğlu, Seyidov Cəfər Fəttah oğlu, Xəlilov Nahid Yusif oğlu və Əliyev Kamal Yunis oğlunu həbs edərək Culfa rayon Əlincə polis şöbəsinə aparıblar. Aparılanlara orada fiziki təzyiq göstərilib. Bənəniyarlılar onu da bildiriblər ki, şöbədə daha çox fiziki cəhətdən zəif olan Əliyev Kamal Yunis oğluna təzyiqlər olunub. Sonra həmin adamları dəlixanaya aparmaq istəyiblər. Baş verənlərə etiraz olaraq Əliyev Kamalın oğlu Əliyev Yunis özünü yandırıb. O üzərinə benzin töküb və özünü yandıracağını bildirdi. Orada olan polislər isə ona yandır deyiblər. Yunis alışqanı yandıraraq özünü odlayıb.
Baş vermiş hadisə ilə bağlı məlumat MR DİN-i tərəfindən nə təsdiq, nə də təkzib edilib.
Xatırladaq ki, Aşura mərasimi İmam Hüseyn (ə) və tərəfdarlarının Kərbəlada şəhid olması münasibətilə hər il müsəlmanlar tərəfindən qeyd olunur. Bu mərasim Azərbaycanın bir çox bölgələrində, o cümlədən də Naxçıvanda anılır.