Tarix : 2010 Jan 06
Kod 15557

Naxçıvanda izdihamlı Aşura keçirdiklərinə görə əhaliyə divan tutulur

Dövlət orqanları tərəfindən ciddi qadağalara rəğmən, bu il Naxçıvan Muxtar Respublikasında Aşura mərasimləri böyük izdihamla keçirilib
Azərbaycan Servisi/Aran Agentliyi
Dövlət orqanları tərəfindən ciddi qadağalara rəğmən, bu il Naxçıvan Muxtar Respublikasında Aşura mərasimləri böyük izdihamla keçirilib. Hüquq mühafizə orqanlarına mərasimlərin kütləvi hal almaması üçün sərt vasitələrdən istifadə etmək göstərişi verilib. Bu il Aşura bazar gününə təsadüf etdiyindən, hətta məktəblərdə belə dərs günü elan edilib və məktəblilərə mərasimlərə qatılmaq qadağan edilib. Lakin Aşura mərasimlərinin kütləvi şəkildə qeyd edilməsi dövlət orqanlarını bərk rahatsız edib. Bildirilir ki, hüquq mühafizə orqanlarına mərasimlərdə aktivlik nümayiş etdirənləri cəzalandırmaq və bu yolla əhalinin gözünü qorxuzmaq göstərişi verilib.
"Haqq Yolu"nun verdiyi məlumata görə, mərasimlərin daha böyük izdihamla qeyd edildiyi yaşayış məntəqələrində polisin xüsusi canfəşanlığı müşahidə olunub. Bu arada Culfa rayonunun Bənənyar kəndində ciddi insident baş verib. Belə ki, Culfa Rayon Polis Şöbəsinin bir qrup əməkdaşı dekabrın 27-də kənddə keçirilən Aşura mərasiminə müdaxilə edib. Nəticədə kənd camaatı ilə polis arasında ciddi qarşıdurma yaranıb. Həbs edilənlər və yaralananlar var.
“Dekabrın 27-də xeyli sayda polis Aşura mərasimini dağıtmaq məqsədilə kəndə basqın etdi. Polislər heç nəyə baxmadan qocaları və qadınları döydü. 10-15 ağsaqqal ağaca sarınıb döyüləndən sonra həbs olunub. Hətta bir nəfəri – Nail Xəlilovu dəli adı ilə ruhi xəstəxanaya apardılar. Başqa bir sakin – atasının döyülüb təhqir olmasına dözməyən Yunis Əliyev isə özünü yandırıb” – deyə kənd sakinləri bildirib.
Şikayətçilərin sözlərinə görə, Yunis Əliyevi özünü yandırmağa polis təhrik edib. Belə ki, atasının döyülməsinə dözməyən Yunis Əliyev polisdən yaşlı valideynini buraxmağı xahiş edib. Ancaq polis əməkdaşları onun xahişini rədd edib. İ.Ələkbərovun sözlərinə görə, buna dözməyən Yunis Əliyev özünü yandıracağını deyib və üstünə benzin tökərək özünə öd vurub: “Yunis Əliyev ağır vəziyyətdə Naxçıvandakı mərkəzi xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti olduqca ağırdır. Qapıda polislər keşik çəkdiyindən yanına da heç kəs buraxılmır.”
Verilən son məlumatalara görə, polis zorakılığına məruz qalan Yunis Əliyevin yaxınları mühasirəni yararaq,xəstəxanadan çıxarmağa və müalicə üçün Təbrizə aparmağa nail olublar.
Lakin yanvarın 5-i Y.Əliyevin xəstəxanada vəfat etdiyi şayiəsi yayılıb. Son hadisələrlə bağlı Bənənyar kəndinə çoxlu sayada polis və Daxili Qoşunların əsgərləri yeridilib. Hazırda kənddə elan olunmamış hərbi vəziyyət hökm sürür və dövlət orqanları yerli əhalinin ayağa qalxmasından təşvişə düşüb. Kəndə giriş və çıxış ciddi nəzarət altındadır. Aktivliyi ilə seçilən 100-dən artıq kənd sakini evlərindən zorakılıqla polis şöbəsinə aparılıb. Onların əksəriyyəti həbs edilib. Buna etiraz edən ailə üzvlərinə, hətta qadın və kiçik yaşlı uşaqlara belə kobudluq edilib və çoxlu sayda günahsız şəxs dəyənəklə döyülüb.
Polis İdarəsinə göstəriş verilib ki, hadisə ilə bağlı hər hansı bir informasiyanın kənara çıxmasına yol verilməsin. Bütün telefon xətləri də nəzarət altına alınıb. Kənd əhalisinin gözünü qorxutmaq məqsədilə yolu genişləndirməyi bəhanə edərək, yanvarın 5-i bulduzerlə bir neçə ticarət və iaşə obyekti sökülüb və hətta bir neçə yaşayış evinin eyvanları da dağıdılıb.
Son olaylara etiraz olaraq Bakıda yaşayan bir qrup bənənyarlı "Lider" və "ANS" telekanalları və "Azadlıq" radiosu qarşısında aksiya keçiriblər. Verilən məlumata görə, Bənənyar kənd sakinlərinin bir qrupu adından etiraz bəyanatı qəbul olunub. Bəyanatda Azərbaycan xalqının dinc əhaliyə qarşı divan tutulmasına biganə qalmaması və bu çətin günlərdə bənənyarlılara dəstək verməsi istənilir.
Ən son məlumatlara görə, kənddə yaranmış son dərəcə gərgin vəziyyət hələ də davam etməkdədir.
 
"Haqq Yolu"
  • Yazılıb
  • da (də) 2010 Jan 06