Azərbaycan Servisi/Aran Agentliyi
Azərbaycan mediasının yaydığı məlumata görə, respublikada milli soyadlar məsələsi üzrə xüsusi konsepsiya hazırlanıb. Bu barədə “Trend”ə Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məlumat verib.
Deputatın sözlərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasında yaradılan xüsusi komissiya Azərbaycanda tarixən mövcud olan soyad formaları və adqoyma ənənələrini öyrənərək milli soyad formasını müəyyənləşdirib: “Konsepsiyada “-ov”, “-yev”, “-zadə” sonluqlu soyadların tamamilə götürülməsi nəzərdə tutulur. Mütəxəssislər “-li”, “-lu”, “-lü”, “-oğlu”, “-qızı”, “-gil” sonluqlu soyadların sənədlərdə işlədilməsinin daha məqsədəuyğun olduğunu irəli sürüblər. Bu qayda Azərbaycan vətəndaşları olan digər millətlərin nümayəndələrinə aid olmayacaq”.
N.Cəfərovun sözlərinə görə, “adı çəkilən soyad sonluqları yeni doğulan uşaqlara məcburi olaraq şamil ediləcək”.
Məsələnin əhəmiyyət və aktuallığını nəzərə alaraq, “Haqq Yolu” Elm və Mədəniyyət İnstitutu mövzu ilə bağlı araşdırma aparıb, aydınlıq gətirməyə çalışmışdır. Belə ki, “Azərbaycanda tarixən mövcud olan soyad formaları və adqoyma ənənələrini öyrənərək milli soyad formasını” müəyyənləşdirmiş komissiyanın gəldiyi qənaət Azərbaycan tarixi və tarixi faktlarla, mövcud tarixi sənədlər və əsərlərlə əsla uzlaşmır.
Qeyd edək ki, soyad insanın hansı ailəyə, yaxud hansı nəslə, kökə mənsub olduğunu bildirən rəsmi onomastik vahiddir. Müasir anlamda işlədilən soyadlar, yəni konkret olaraq hər hansı bir ailəyə mənsubiyyəti bildirən “familiyalar” (ailə adları) əsas etibarilə 10-11-ci əsrlərdə Mərkəzi və Qərbi Avropa ölkələrində formalaşıb və yayılmağa başlayıb. Proses 18-19-cu əsrlərədək davam edib və artıq 20-ci əsrdə demək olar ki, bütün dünyanı fəth edib.
Günümüzdə işlədilən soyad ənənəsi Azərbaycan tarixi üçün də nisbətən yeni hadisədir. Doğrudur, qədim dövrlərdən burada yaşayan insanlar öz mənsubiyyəti, o cümlədən nəsil, tayfa, tirə və ailə mənsubiyyətini bildirmək üçün müəyyən adlardan, müasir dillə desək, soyadlardan geniş istifadə etmişlər. Lakin bütün İslam Şərqində olduğu kimi, Azərbaycanda da keçmiş zamanlardan konkret ailəni – familiyanı deyil, sözün həqiqi mənasında soy adını, yəni nəsil (tayfa, tirə və s) mənsubiyyətini bildirən ifadələr işlədilib. Məsələn, Qacar, Əfşar, Cavanşir, Dünbüli kimi.
Eyni zamanda, fərdlərin şəxs adlarıyla bərabər, atalarının da adı işlədilib. Amma Azərbaycan türkcəsindəki “oğlu” sonluğu ilə deyil, ərəbmənşəli “ibn” önqoşması ilə. Məsələn, Həsən ibn Abdulla, İlyas ibn Yusif, Hinduşah ibn Səncər və s. kimi. Yəni, tariximizdə bu anlamda “ibn” işlədilib, amma “oğlu” və “qızı” yox.
Yaxud, doğulduğu məkanın adı ilə mənsubiyyət bildirən sonluqlar geniş istifadə edilib: Nizami Gəncəvi, Seyyid Yəhya Bakuvi, Mücirəddin Beyləqani, Səfiəddin Ürməvi, Bəhmənyar Azərbaycani, Xaqani Şirvani, Qətran Təbrizi, Mirzə Əbdürrəhim Qarabaği və s. Şahidi olduğumuz kimi, bunların da heç biri “lı”, “li” sonluğu ilə deyil, “i” mənsubiyyət şəkilçisi ilə bitir.
Bəzən isə müəyyən təxəllüslərdən istifadə edilmişdir: Babək, Həqiqi, Ənvar, Füzuli, Nəimi, Nəsimi, Dilsuz, Vaqif, Zakir, Vazeh, Qasir, Natəvan, Səhhət, Cavid, Şaiq və s.
Əlbəttə, “lı”, “li”, yaxud “oğlu” kimi sonluqlar da Azərbaycan dilinə uyğun və xalqımıza xas olan hadisədir. Bunlar da bizə doğmadır, amma sadəcə qeyd etmək istədiyimiz budur ki, tarix boyu soyad forması kimi onlar heç zaman istifadə olunmayıb. Və tarixi saxtalaşdırıb, əsrlər boyu soyad kimi geniş istifadə edilən formaları bir kənara atıb, ümumiyyətlə onların adını çəkmədən, bu yeniliyi “tarixi ənənə” kimi millətimizə təqdim etmək “mütəxəssislərə” yaraşan bir hal deyil!
Müasir anlamda soyad formaları əsasən 18-ci əsrin sonları, 19-cu əsrin əvvəllərindən işlədilməyə başlanıb. Həmin dövrdə isə şəxslərə ya doğulduğu məkanın adı ilə - Badkubei, Şirvani, Lənkərani, Salyani, İrəvani kimi soyadlar verilib, ya da babası və ya ulu babasının adı və ya peşəsi, sənəti ilə, ailənin nəsil başçısından mənşə aldığını bildirən Məhəmmədzadə, Əhmədzadə, Əlizadə, yaxud Axundzadə, Əfəndizadə, Müftizadə, Dəmirçizadə kimi soyadlarından istifadə edilib. Bu bizim danılmaz tariximizdir!
Tariximizin bu mərhələsi Cənubi Qafqazın Çar Rusiyası tərəfindən işğalı və bu ərazilərdə ruslaşma siyasətinin yeridilməsi dövrünə təsadüf edir. Çar hökuməti hər bir vəchlə bu əraziləri İran mədəniyyətindən ayırmaq məqsədilə müxtəlif vasitələrdən istifadə etdi. Həmin dövrdə “Axundzadə”lərin “Axundov”lara, “Naxçıvani”lərin “Naxçıvanski”lərə, yaxud “Əlizadə”lərin “Əliyev”lərə çevrilməsinin şahidi oluruq. Məsələn, Mirzə Fətəli Axundzadə ömrü boyu heç vaxt öz əsərlərinə Axundov imzası atmayıb. Lakin o, bizlərə daim Axundov familiyası ilə təqdim olunub.
Milli tariximizdə hansısa şəxsiyyətin, məsələn, Axundgil, yaxud Axundlu, Əligil və ya Əlili olduğu faktı ümumiyyətlə qeydə alınmayıb. Doğrudur, regionumuzda məskunlaşmış bir çox türk, hətta kürd tayfalarının adları soyad kimi deyil, məhz tayfa adları kimi “qaraqoyunlu”, “ağqoyunlu”, “baharlı”, “kəngərli”, yaxud “mahmudlu”, “qubadlı” (“qubadlu”), “əliyanlı” (“əliyanlu”), “qaraçorlu” kimi adlandırılıb. Amma bunlar şəxslərin ailə mənsubiyyətini deyil, tayfa mənsubiyyətini bildirib və keçmişlərdə soyadı kimi istifadə olunmayıb. Başqa sözlə, tariximizdə Rəsulzadələr var, amma Rəsulgillər, yaxud Rəsullular yoxdur!
Bəs görəsən soyadlarla məşğul olan müvafiq komissiya hansı tarixi mənbələri araşdırıb? Hansı tarixi şəxsiyyətlərimizi, kimləri nümunə götürüb? Hansı elmi əsaslara söykənib?..
Soyadların Azərbaycanda geniş istifadə edildiyi, sənədləşdiyi ilk dövrlərdən bu yana bütün arxiv sənədlərini araşdıraq. Soyadlarla tanış olaq. Görək sözügedən komissiyanın qənaəti hansı postulatlara söykənir?
Əlbəttə, “tarix” dedikdə N.Cəfərov yalnız “yeni tarixi”, yəni rus işğalından sonrakı dövrü, daha dəqiq desək, 20-ci əsri nəzərdə tutursa, bir sıra tanınmış şəxsiyyətlərin soyadlarını göstərə bilər: İsmayıl bəy Qutqaşınlı, Asəf Zeynallı, Ceyhun Hacıbəyli, Nəsib bəy Yusifbəyli, Cəfər Cabbarlı və s. Amma tariximizin son səhifələrindən olan bu nümunələri tarixi ənənə kimi təqdim etmək, əlbəttə, mümkün deyil.
Bir qədər arxamıza çevrilib, tariximizə nəzər salaq. Məhəmməd Əmin Rəsulzadə, Əlibəy Hüseynzadə, Mirzə Ələkbər Sabir-Tahirzadə, Abdulla Şaiq-Talıbzadə, Hüseyn Cavid-Rasizadə, Sadiqbəy Ağabəyzadə, Şeyxülislam Məhəmməd Əli Hüseynzadə, Cəlil Məmmədquluzadə, Abbas Mirzə Şərifzadə, Əzim Əzimzadə, Əbdüləzəl Dəmirçizadə, Səttar Bəhlulzadə, Mirzə Feyzulla Qasımzadə və s. bu kimi adlar silinməz milli tariximiz deyilmi? Və elə müasirlərimiz olan Bəxtiyar Vahabzadə, Lütfi Əsgərzadə (Lütfi Zadə), Əlibala Hacızadə, Nəriman Həsənzadə, Fərman Kərimzadə, Əzizə Cəfərzadə, İsi Məlikzadə və bu kimi adları, soyadları yaraşdırmırıqmı milli kimliyimizə?
Tarixən milli kimliyimizi özündə əks etdirən bu kimi soyadlarının bu gün sənədlərdə işlədilməsi nədən məqsədəuyğun olmasın ki?
İnstitutumuzun əməkdaşları bu maraqlı suala cavab axtarışı ilə Azərbaycan Milli Elmlər Akademiyasında yaradılan xüsusi komissiya üzvlərinin bir neçəsilə görüşüb, məsələyə aydınlıq gətirməyə çalışdı. Komissiya üzvlərindən bir neçəsi “zadə” sonluqlu soyadlarının Azərbaycan millətinə doğma olduğunu etiraf etdi və yalnız “ov”, “yev” və “ski” sonluqlu soyadlarının məqsədəuyğun olmadığını bildirdi. Biri hətta “Məhəmməd Əmin Rəsulzadəni Rəsullu, yaxud Rəsulgil edib, özümüzü gülünc vəziyyətə salaq?” deyərək, bu addımın qeyri-ciddi olduğunu vurğuladı. Adının çəkilməsini istəməyən digər bir komissiya üzvü, elmlər doktoru və professor isə daha səmimi olaraq fikrini söylədi: “Milli Məclis 1993-cü ildə soyadlarının və soyad sonluqlarının dəyişdirilməsi, yəni “-ov”, “-yev” sonluqlarının “-lı”, “-li”, “-lu”, “-lü” və “-zadə” sonluqları ilə əvəz olunmasına imkan yaradan qanun qəbul etdi. Ötən 16 ildə yeni doğulan uşaqlara soyadları verərkən, ən çox “zadə” sonluqlu soyadları verilib. Getdikcə hamının soyadı “zadə” olur. Bu isə yuxarıları narahat edir və indi sifarişlə bu halın qarşısı alınır. Kimdi bizim fikrimizi nəzərə alan, bu komissiya dekorativ xarakter daşıyır və Prezident Administrasiyası necə tapşırıq versə, elə də olacaq.”.
Alimlərimizə açıq sual da ünvanlandı: “Nizami Cəfərovun dediyinə görə, AMEA-da yaradılan xüsusi komissiya Azərbaycanda tarixən mövcud olan soyad formaları və adqoyma ənənələrini öyrənərək milli soyad formasını müəyyənləşdirib. Belə isə, tariximizin harasında, hansı mərhələsində “-li”, “-lu”, “-lü”, “-oğlu”, “-qızı”, “-gil” kimi soyadları mövcud olub? 20-ci əsrədək olan tariximizdən 1-2 misal çəkib, bu soyadlı tarixi şəxsiyyətlərlə bizi tanış edə bilərsinizmi?”.
Bu suala təbii ki, müraciət etdiyimiz komissiya üzvlərindən heç biri hətta bir nümunə belə göstərə bilmədi.
“Haqq Yolu” Elm və Mədəniyyət İnstitutu eyni sualla AMEA Tarix İnstitutuna da müraciət etdi. Amma yenə də bu sonluqla olan soyadlara sahib tarixi şəxsiyyətlər tapılmadı ki, tapılmadı. Və əlbəttə, olmayan nümunə tapıla da bilməzdi!
Komissiya üzvləri isə iddia etdilər ki, “zadə” sonluğu iranmənşəli olduğuna görə, onları dəyişdirmək və Azərbaycan dilinə uyğun yeni soyadları qoymaq nəzərdə tutulur. Başqa sözlə, onlar etiraf edirlər ki, Nizami Cəfərovun “Azərbaycanda tarixən mövcud olan soyad formaları və adqoyma ənənələri”ndən danışması sadəcə cəfəngiyyatdır. Əslində söhbət tam əksinə olaraq, tarixi ənənələrimiz və milli irsimizin üzərindən xətt çəkib, yeni bir ənənə formalaşdırmaqdan gedir.
Belə isə, iranmənşəli bütün adları, o cümlədən şəxs və yer adlarını da dəyişək. İlham da, Mehriban da, Arzu da iranmənşəli adlardır! Azərbaycanı – Odlar yurdu, Abşeronu – Duzlu su, Şirvanı – Aslan yurdu, Zərdabı – Sarı su, Siyəzəni – Qara arvad, Bakını – Dağlıq, yaxud Küləkdöyən (Badkubə versiyasında) yeradları ilə dəyişək! Belə isə toponimlərimizin 80-90 faizinə əl gəzdirib, hər şeyi “yeni” edək! Novruz bayramımızı da “Yeni gün” bayramı adlandıraq! Beləcə, bütün tariximizin, milli kimliyimizin üzərindən birdəfəlik xətt çəkib, saxta və qondarma bir xalq, millət və dövlət ərsəyə gətirək.
Nizami Cəfərovun sözlərinə bir daha diqqət yetirək: “adı çəkilən soyad sonluqları yeni doğulan uşaqlara məcburi olaraq şamil ediləcək.”.
Görəsən, bu kimi əhəmiyyətli məsələlərdə tariximizə “əl gəzdirənlər”, “məcburi olaraq” soyadlarımızı tariximizlə uzlaşmayan formaya salmaq qərarına gələnlər nə zaman xalqdan bu səlahiyyəti alıblar? Kimdir bu şəxslər? Kimlərdir bizi tariximizdən ayıran bu komissiya üzvləri? Bu “akademiklər”, “professorlar”, “ziyalılar”? Adları ictimaiyyətə açıqlansın və bütün millət görsün ki, gözümüz görə-görə bizləri öz tariximizdən necə ayırıb, saxtakarlıqlarla “yeni Azərbaycan” qurmaq istəyirlər! Özündə minilliklərin tarixini şərəflə daşıyan Azərbaycandan heç bir əsər-əlamət olmayan “yeni Azərbaycan”!..
“Haqq Yolu” Elm və Mədəniyyət İnstitutu