Tarix : 2010 Jan 13
Kod 15650

Aeroportda bənənyarlının başını yardılar

Culfa rayonunun Bənəniyar kəndində elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir
Azərbaycan Servisi/Aran Agentliyi
Kəndin Moskvadan gələn sakinini “şübhəli şəxs” kimi döyüblər.
Culfa rayonunun Bənəniyar kəndində elan olunmamış fövqəladə vəziyyət rejimi davam edir. Bu barədə kənddən adının çəkilməsini istəməyən etibarlı mənbəmiz məlumat verib. Onun sözlərinə görə, kənd polis mühasirəsindədir: “Digər rayonlardan gətirilmiş əlavə qüvvələr kənddən yığışdırılsa da, Culfa polisinin əməkdaşları Bənənyardadır. Bütün giriş-çıxışlarda postlar qoyulub, az qala hər tində polislər keşik çəkir. Camaatı qorxu içərisində saxlayırlar. Heç kim evindən bayıra çıxmağa cəsarət eləmir”. Mənbənin sözlərinə görə, Böyükdüz mübvəqqəti təcridxanasında saxlanılan 10 nəfərdən 4-ü sərbəst buraxılsa da, 6 nəfər hələ də həbsdədir.

Culfadakı mənbələrimiz vasitəsilə Bənənyarla əlaqədar daha bir dəhşətli məlumat aldıq. Bildirildiyinə görə, yanvarın 11-də 1 il əvvəl Rusiyaya, qardaşının yanına işləməyə gedən kənd sakini Əliyev Azər Hacı oğlu Bakıya dönüb. O, evə getmək üçün bilet alıb Naxçıvana uçmaq istəyəndə isə polis əməkdaşlarının qəzəbinə tuş gəlib: “Polislər onun bənəniyarlı olduğunu bilən kimi Bakı aeroportundan götürüb aparıblar və möhkəm döyüblər. Dəyənək zərbələrindən hətta Azər Əliyevin başı yarılıb. Ancaq sonradan aydın olub ki, bu şəxs Bakıda yaşayan və Bənəniyar hadisələri barədə mətbuata məlumat çatdıran bənəniyarlılardan deyil, Moskvaban yeni gəlmiş şəxsdir. Onun təyyarə biletini görəndə polislər əl saxlayıblar”. Mənbə dedi ki, yaralını xəstəxanaya çatdırıblar və ondan məsələni açıb-ağartmamağı xahiş ediblər: “Xəstəxanada onun başına üç tikiş vurulub və bundan sonra onu aparıb Bənəniyara aparıb ailəsinə təhvil veriblər”. Mənbənin sözlərinə görə, yaralının vəziyyəti normallaşır. Məsələ ilə bağlı A.Əliyevlə danışmaq istəsək də, mənbəmiz dedi ki, ailə üzvləri heç kimə danışmamaqla bağlı xəbərdarlıq aldığından bu, mümkün deyil.
 
 
  • Yazılıb
  • da (də) 2010 Jan 13