Müsahibimiz «Mənəvi dünya» ictimai təşkilatının başçısı, «Məşhədi Dadaş» məscidinin başçısı, ilahiyyatçı Hacı Şahin Həsənovdur
Azərbaycan Servisi/Aran Agentliyi
Müsahibimiz «Mənəvi dünya» ictimai təşkilatının başçısı, «Məşhədi Dadaş» məscidinin başçısı, ilahiyyatçı Hacı Şahin Həsənovdur.
-İlk növbədə müsahibə üçün vaxt ayırdığınız üçün sizə öz minnətdarlığımızı bildiririk. İlk sualımız isə bundan ibarətdir ki, bitirdiyimiz ili hansı əlamətdar hadisələr daxilində yola saldıq?
-Allahın adı ilə. İlk öncə bunu qeyd edək ki, 2009-cu il Azərbaycanın paytaxtı Bakı İslam mədəniyyətinin paytaxtı elan olundu və bu çox sevindirici bir hal idi. Bu xalqımız tərəfindən də böyük rəğbətlə qarşılandı. Azərbaycan yeni müstəqil olmuş bir dövlətdir, belə bir dövlət üçün İslam mədəniyyətinin paytaxtı olması dövlətimizin İslam aləminə inteqrasiyası sayıla bilər. Lakin çox təəssüf olsun ki, bu yaşadığımız hadisələr bu sevinci müəyyən qədər qəm, kədərlə əvəzlədi. Bu da ona görə idi ki, 2009-cu ildə dinə qarşı təzyiq ötən illərlə müqayisədə ən yüksək səviyyədə gerçəkləşdi. Bir neçə məscidin qanunsuz tikili adı ilə sökülməsinin şahidi olduq, azan qadağası ilə üzləşdik və bu ildə Dini Etiqad və Vicdan Azadlığı haqqında qanun qəbul olundu ki, bu qanunu qəbulu da bir çox məhdudiyyətlərlə ili yaddaşlara həkk etdi. Dinə qarşı bir sıra məhdudiyyətlər bu il üçün heç də arzulanmayan sonluğu qoydu.
Belə bir tendensiya seyr olunur ki, İslam dinini dövlətin tabeçiliyinə gətirmək istəyən qüvvələr mövcuddur. Konsitutsiyamıza görə din dövlətdən ayrıdır, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi faktiki olaraq din-dövlət münasibətlərini tənzimləmək üçün yaradılan dövlət orqanıdır. Əsasən də bu orqan dindarların hüquqlarını müdafiə etməlidir. Amma biz get-gedə bunun şahidi oluruq ki, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi fakitiki olaraq dövlətin din üzərində nəzarətini həyata keçirməyə başlayıb. Çox kobud formada dini sahələrə müdaxilələr demək olar ki, addım başınadır. Məscidlərə axudların təyinatında dini komitə ilə razılaşdırılmaq birbaşa Konsitutsiyaya ziddir.
Çünki icma dini qurumdur, komitə isə dini qurumdur, dövlət qurumu dini qurum rəhbərliyinin təyinatında heç bir rol oynaya bilməz. İcma müstəqil bir qrumdur, rəhbərini özü seçmə iqtidarındadır. Axundu da təyin etmə icmanın sırf şəxsi hüququ, haqqıdır. Bu iş əks halda ruhanilər idarəsi tərəfindən təyin edilə bilər ki, belə olan halda da dini komitənin bu işə qarışması konsitutsiyaya ziddir. Amma hal-hazırda qanunvericiliyə belə bir yenilik gətirildi ki, məscidə, icmaya axund təyin olunanda Ruhanilər idarəsi komitənin razılığını almalıdır. Bu kobud müdaxilədir. Bundan əlavə bu ildə dini ədəbiyyata senzura daha şiddətli hala gəldi və faktiki olaraq dini ədəbiyyatın ölkəyə daxil edilməsi çox ciddi problemə çevrildi. Dini mağazalara lisenziya da bu qanunda öz əksini tapdı. Bu və bu kimi hallar dini hüquqların kobud formada pozulması deməkdir.
Mən hələ də anlamıram ki, bu siyasətin başında duranlar kimlərdir və bu siyasət kimlərə xidmət edir?! Bunu dövlətin dinə qarşı düşünülmüş siyasəti olduğunu da düşünmürəm. Çünkü burada bəzi hallarda təzadlı məqamlar diqqətə gəlir. Azan məsələsində dövlət başçısının müdaxiləsi və sair kimi hallar onu göstərir ki, bu heç də düşünülmüş bir işdən xəbər vermir. Lakin bu bir faktdır ki, dövlət daxilində bu işdə maraqlı olan qüvvələr var ki, dini dövlətin nəzarəti altına alsın. Bu da ondan doğur ki, kimlərinsə dinin inkişafı xoşuna gəlmir. Xaricdən bunları istiqamətləndirmə faktoru da istisna olunmur.
-Yeni qanun dini icmaların hüquqlarını kifayət qədər qadağan etdi. Mövcud vəziyyət nəyi vəd edir?
-Dini icmaya, məscidə axud təyin olunarkən ora toplanan inanclı kütlənin istəyi nəzərə alınmalıdır. Bu belə olmayanda kütlə də narazı və zidd mövqeyə gəlir. Hal-hazırda bir sıra məscidlər var ki, orada olan təqdimatlı axundlar fəaliyyətsiz olaraq gününü keçirir. Təbliğat nəinki olunmur, əksinə əks təbliğ baş alıb gedir. Bakı və rayonlardan bizə onlar, yüzlərcə müraciət olunur ki, axundun fəaliyyətsizliyi insanlarda ehtiyaca laqeydlik halı şiddət vəziyyətə gəlib və bizdən ora hər hansı bir şəxsi dini təbliğ üçün ezam etməymizi xahiş edirlər. Halbuki bu iş birbaşa məscidin axundunun vəzifəsidir. Bu təyinatın məhz öz istəklərindən, icmanın maraqlarından doğmamasından irəli gələn bir haldır. Hətta bu vəziyyəti Ruhanilər İdarəsinin sədri də bu yaxınlarda təsdiqlədi. Bu bir həqiqətdir ki, məscidlərdə dini təbliğin vəziyyəti çox aşağıdır. Bu da təyinatda məsciddə olan insanların ehtiyacı olduğu şəxsin deyil, özlərinin lazım bildiyi şəxsin təyin olunması bəlasından baş qaldırır.
Savadlı kadırların yetişdirilməsi istiqamətində müəyyən qədər problemlər var. Hal-hazırda İslam unversitetinin tələbələri elementar dini bilgilərə malik deyillər, təhsil çox aşağı səviyyədədir. Bu vəziyyətdə davam etməsi çox pisdir. Çünki insanlarda bir tərəfdən dinə maraq oyanır, onlarda dinə axın sürətlənir. Şahidik ki, hər il ibadət edən insanların sayı artır. Eyni zamanda bu insanların biliklərinin artmasına da ehtiyac var. Bəzən dövlət məmurları çox gileylənirlər ki, Azərbaycana xarici dövlətlərin təsiri çoxdur. Dinə maraq olduğu zaman daxili şərait olmadığı halda insanların xaricə yönəlməsi təbiidir. Hal-hazırda qadağa ilə də bunun qarşısını almaq olmaz. İndi internet əsridir. İnsanlar istədikləri ədəbiyyatı internet vasitəsi ilə əldə edirlər və əgər biz bu və bu kimi kənar təsirlərdən azad olmaq istəyiriksə, əlbəttə bunu qeyd edək ki, kənar təsirlərdən tam formada azad olmaq qeyri mümkündür. Eyni halda buna qorxulu bir şey kimi baxmaq da lazım deyil.
İnformasiyanın aşkarlandığı əsrdə, internet dünya qapılarını insanların üzünə açdığından istənilən məlumat və materialların əldə olunması çox asandır. Amma hər bir halda dinin dövlətlə münasibətinin pozulmaması, dini hüquqların qorunması üçün dini bilgiyə malik olan insanlara ehtiyac var ki, onlar öz bilgiləri daxilində dini təbliğ etsinlər və buna məhdudiyyət qoyulmamalıdır. Xüsusi ilə də bir şeyi qeyd etmək istəyirik ki, təzə qanunun qəbulu xaricdə təhsil alanların təbliğini qadağan etdi ki, bu da birbaşa konsitutsiyaya ziddir. Bu insan haqları və konsitutsiyanın kobud formada pozulması deməkdir.
İnsanın dünyanın istənilən nöqtəsində təhsil almaq hüququ var. Və əgər bu hüququ ona konsitutsiya verirsə bu təhsili reallaşdırmağın qadağalanması konsitutsiyanın pozulması deməkdir. Tutaq ki, istənilən digər sahədə dünyanın müxtəlif ölkələrində təhsil alan şəxs öz sahəsi üzrə işləyə bilərsə dini sahədə bu niyə mümkün olmasın? Bu hüquqların kobud pozuntusudur. Güya dindar kənar təsirə düşə bilər. Onda tutaq ki, Amerikada təhsil alan da Amerikanın təsirinə düşə bilər və sair ölkələr də belədir. Bu məntiqsiz əsasdır. Və bu əsasla faktiki olaraq insanların hüquqları məhdudlaşdırılır. Biz belə düşünürük ki, bütün bunlar vəziyyətin gərginləşməsinə gətirib çıxaracaq hallardandır.
Din-dövlət münasibətləri qanun vericiliklə tənzim olunarsa, dindarların hüquqları təmin olunarsa cəmiyyətdə radikallaşma meyli olmaz. Praktika da bunu göstərir ki, dinə qarşı qəzyiq çoxaldıqca radikal meyillərdə çoxalır. Bununla da dövlətə yalnız ziyan gələ bilər. Və bir sıra insanlar da bu narazılıqdan istifadə edib hansısa bir məqamda ixtişaş yaratmaları labüddür. Əgər dövlət-din münasibətləri düzgün qurularsa, dindarların ehtiyacları təmin olunarsa o zaman din-dövlət arasında hər hansı ixtilaf olmaz. Din çox həssas sahədir, onu qadağalarla idarə etmək olmaz.
Dini sahə özünə məntiqli yanaşım tələb edir. Eyni zamanda da təbii ki, qanun vericiliklə qadağalar da tətbiq oluna bilər. Tutaq ki, hər-hansı radikal qruplaşmaların fəaliyyətinə inzibati qadağalar tətbiq edilə bilər. Amma sırf inzibati hüquqlarla din idarə oluna bilməz. Bu təcrübədə özünü göstərib ki, hansısa inqilablar təzyiq və təqiblərin əksinə baş vermişdir. İran İslam inqilabının baş verməsi də şah rejminin dini dəyərlərə qarşı amansız mövqeyi və tapdanması nəticəsində insanlarda partlayış yaratdı və bu kimi dünya təcrübələrindən istifadə etmək lazımdır.
Dövlət bunu bilməlidir ki, mənəviyyatlı gənclərin yetişməsi elə ilk növbədə dövlətin rifah və inkişafına xidmət edir. Buna təhlükə kimi baxmaq yenə qeyd edirik ki, çox təəccüblüdür. İnsanlar inanc, mənəviyyat, eyni halda elmə yiyələnərlərsə bundan ancaq dövlət qazana bilər. Yəni bu gün biz belə düşünürük ki, Azərbaycan cəmiyyətinin islahı elmi dəyərlərlə dini dəyərlərin ortaq məxrəcə gəlməsindədir. Yəni ziyalılarla dindarların vəhdətində. Buna dövlət tərəfindən şərait yaradılmalıdır ki, bu da sonunda dövlətçiliyə xidmət göstərmiş olacaq.
-Bu il sərt və kəskin qadağalar, həbs və etarzlara baxmayaraq Azərbaycanda çox böyük formada Aşura mərasimi baş tutdu. Əksi olaraq mətbu orqanları, başda telviziyalar olmaqla bu hadisəni işıqlandırmaqda qısqanclıq nümayiş etdirdilər.
-Bu süni qütbləşmənin göstəricisidir. Azərbaycanda dinə yanaşımda etarzçı olan böyük say yoxdur. Gözə görünmələri isə əllərindəki imkanlarının geniş surətdə olmasındadır. Əsasən də informasiya vasitələrinin imkanları daxilində olmasıdır. Onlar çalışırlar ki, süni bir rəy yaratsınlar. Lakin Azərbaycanda süni rəyi dağıdan Aşura mərasimi bir daha bu fikirləri alt-üst etdi. Hətta başqa bölgələrdən də bizə bildirdilər ki, bu il Aşura ötən illərdən daha geniş, daha təntənəli qeyd olunub. Bu bir daha onu göstərir ki, dinə qarşı qadağalarla dinə yalnız maraq yaradırlar. Qadağanı yaradan məmurlar bilsinlər ki, bu mənada dinə xidmət etmiş olurlar. Qadağalar meyilləri daha da artırır.
Əzadarlığın yanaşımı, tutaq ki, qan vermə aksiyaları acı bir nəticədir. Qan vermə özü-özündə gözəl haldır. Amma bunu əzadarlığa altenativ qoyma qəbul olunan deyil. Bu köklü bir səhv idi. Yəni «qan vermək sinə vurmaqdan yaxşıdır» məntiqi boş və mənasızdır. Bu faktiki olaraq dəyəri dəyərlə vurmaq deməkdir. Sanki bir nəfər namazı orucla vurmaq istəyir. Bunun üçün də əzadarlıq əleyhinə uzun müddət təbliğat aparıldı, «daha yaxşı olar ki, qan verilsin…» fikiri ortaya qoyuldu. Hərçəndi qan vermə müsbət bir hal olsa da Aşura və Məhərrəmiliklə heç bir əlaqəsi yoxdur. Qazilərin fətvasında belə qeyd olunmuşdu ki, «Ən gözəl əzadarlıq qan verməkdir» Axı qan vermənin əzadarlıqla hansı bağlılığı var?! Əzadarlıq mərasimi Peyğəmbər (s) və Əhli-Beytin (ə) qoyduğu bir yoldur ki, onun forması əsirlər öncə müəyyənləşdirilib.
Bu insanların, dindarların haqlarıdır, kimsə dindar üçün əzadarlıq formasını müəyyən edə bilməz. Zəncir vurmağın Kim isə əleyhinə ola bilər. Hətta tövsiyə edə bilər ki, zəncir vurulmasın. Lakin qayda tətbiq edilməsi artıq dövlətin dinin işinə müdaxiləsidir. İnsanların sinə və ya zəncir vurması şəxsi hüquq və haqlarıdır. Bunun hansı formada dəyişməsi birbaşa din alimlərinin hüququdur. Dövlətin dini mərasimlərə qadağa qoyması qanuna zidd bir haldır. Dövlətin vəzifəsi dini mərasimlərin ictimai asayişi pozmamasına nəzarət etməsidir. Dövlət hansısa qarşıdurmanın yaranmamasında nəzarət edə bilər. Amma dövlət dini mərasimlərin xarakterinə müdaxilə elə bilməz. Bəzən bu halların əfsus ki, şahidi oluruq.
Bunu da qeyd etməliyik ki, bəzi istiqamətlərdə müsbət tendensiyaların şahidi də oluruq. İslam dininə maraq sürətlə artır. Dövlət daxili də belə düşünürük ki, dinə müsbət rəyi olan məmurlar var. Ad çəkmək istəməsək də bir sıra mövqeylər ortaya qoyulanda bunun şahidi oluruq. Belə düşünmürük ki, hakimiyyət bütövlükdə dinə qarşıdır. Lakin kimlərsə hələ də var ki, dövlət-din münasibətlərinə zərbə vurmağa çalışır.
-Son olaraq, mövcud müstəvi yeni, başladığımız 2010-cu ildə bizə nəyi vəd edir?
-Əlbəttə gələcək haqda proqnoz vermək çətindir. Amma biz belə düşünürük ki, sağlam məntiq qələbə çalmalıdır. Ola bilsin ki, bəziləri keçən ilki səhv addımlardan düşünüb nəticə əldə edəcək. Belə düşünürük ki, 2010-cu ildə din-dövlət münasibətlərində dönüş yaratmaq mümkün və lazımdır. Əlbəttə buna da əminik ki, bəziləri bu məhdudiyyətlərin tətbiqinə yenə də çalışacaqlar. Amma hər halda indi hüquqların bərpası istiqamətində də addım atılar. Buna arzu və ümid edirik. Bunu bilməliyik ki, məscidin sökülməsi təkcə dindar və dövlət problemi deyil, bu fakt bütövlükdə Azərbaycan xalqına qarşı təcavüzdür. Artıq xalqın bu son itirəcəyi şeyə, mənəviyyatına qarşı uzanan əldir. Məmurlar xalqın mənəviyyatına qarşı addımda çox diqqətli olmalıdırlar. Bu çox həssas məsələdir. Qərarların kimlər tərəfindən verilməsini bilmirik, amma onu bilirik ki, bu qərarlar birbaşa dövlət və onun başçısına qarşı ünvanlanan addımdır. İnsanlar mənəviyatsız qala bilməz deyə ona yönələn addım hansısa əksül-əməllə nəticələnəcəyi qaçılmazdır.
Bandan əlavə kənar dövlət, xalq və qüvvələr də var ki, mövcud vəziyyətdən yararlanıb üçüncü qüvvə kimi daha qorxunc adım ata bilər. Ona görə də biz belə düşünürük ki, Azərbaycan dövləti din siyasətində sağlam məntiqə əsaslanaraq bu il dönüş yaratmalıdır. Lakin belə davam edərsə bu çox qorxunc tendensiya halına gələcək. Nəticə həm dövlətin, həm də dinin ziyanına bitə bilər.
-Maraqlı müsahibə üçün təşəkkür edirik.
-Sağ olun.