Tiflisdə Moskvaya çarter reyslərinin təşkilinin ardınca ikitərəfli münasibətlərin bərpası istiqamətdə əməli addımlar atılmasa da, müəyyən cəhdlər müşahidə olunmaqdadır
Gürcüstan Servisi/Aran Agentliyi
Tiflisdə Moskvaya çarter reyslərinin təşkilinin ardınca ikitərəfli münasibətlərin bərpası istiqamətdə əməli addımlar atılmasa da, müəyyən cəhdlər müşahidə olunmaqdadır. Tiflis meri Giqi Uqulavanın «Russian Newsweek» nəşrinə müsahibəsində səsləndirdiyi fikirlər belə deməyə yetərincə əsas verir. Daha uzağa gedərək Uqulavanın bəyanatının sensasion xarakter daşıdığını da vurğulaya bilərik. Konkret olaraq sözügedən nəşrə müsahibəsində o bildirib ki, Rusiya öz qoşunlarını Abxaziya və Cənubi Osetiyadan çıxarsa, Gürcüstan NATO-ya qəbuldan imtina edəcək.
Doğrudur, Uqulava bu fikrinə dərhal korrektələr də edib. Özünü sığortalamaq üçün o, Rusiyanın bu addıma gedəcəyinə inanmadığını bildirib.
«Hazırda ölkələrimiz arasında mövcud olan münasibətlərin formatı fundamental məsələlərdən danışmağa imkan vermir. Putinlə Saakaşvili arasındakı antipatiya ikinci plana keçməlidir. Artıq danışıqların vaxtı yetişib. Ancaq bu söhbəti birinci Rusiya başlamalıdır», - deyə o vurğulayıb.
Saakaşviliyə yaxın adamlardan biri olan Tiflis merinin bu cür bəyanatı heç də təsadüfi deyil. Yetərincə siyasi təcrübəyə malik olan Uqulavanın elə-belə bu sözləri deyəcəyi inandırıcı görünmür. Güman ki, artıq bununla bağlı Gürcüstanda hakimiyyətinin kuluarlarında müəyyən müzakirələr aparılıb.
Yeri gəlmişkən bir neçə gün əvvəl Rusiya baş naziri Vladimir Putin Gürcüstanın ərazi bütövlüyünün bərpa olunacağını istisna etməmişdi. Doğrudur, onun bu bəyanatını Gürcüstanın radikal müxalifətçiləri növbəti təhlükəli siqnal kimi dəyərləndirsə də, görünür bu, Saakaşvili iqtidarında başqa cür qəbul olunub. İndi isə növbə Rusiyanındır…
(ans)