Bakının rəsmi şəxsləri Ərdoğanla eyni vaxtda Rusiyada
Ermənistanın müdafiə naziri və ABŞ dövlət katibinin müavini də intensiv məsləhətləşmələrə qatılıb
Azərbaycan Servisi/Aran Agentliyi
Dünən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Moskvada danışıqlar aparıb. Azərbaycanda da yaxından izlənən bu səfərdə Qarabağ münaqişəsi və Ermənistanla imzalanmış protokolların ratifikasiyası da diqqət mərkəzində idi. Üstəlik, Cənubi Qafqaz regionunun taleyi ilə bağlı ciddi əhəmiyyət kəsb edən bu danışıqlar təkcə ikitərəfli xarakter daşımır. Ərdoğanın danışıqlarının bitməsindən az sonra Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvana ezam edilib. Məlum olub ki, Ermənistanın müdafiə naziri Seyran Ohanyan da hələ bir gün əvvəldən Moskvadadır. Türkiyənin Ermənistanla yaxınlaşması layihəsinin baş memarı olan ABŞ da proseslərdən kənarda deyil. Belə ki, Ərdoğan və Ohanyanla eyni gündə Moskvaya dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Berns gəlib.
Moskva danışıqları ilə bağlı digər ilginc məlumat isə dünən redaksiyamıza hakimiyyət düşərgəsinə bağlı qaynaqlardan daxil olub. Mənbə bildirir ki, yanvarın 12-də axşam Bakıdan iki yüksək səlahiyyətli rəsmi şəxs Moskvaya gedib. Məqsəd Türkiyə-Rusiya-Ermənistan danışıqlarında yer almaq, Qarabağ danışıqlarına və Ermənistan-Türkiyə protokollarının ratifikasiyasına dair bir sıra mühüm məqamları müzakirə etməkdir. Rusiyaya göndərilən rəsmilərin adı açıqlanmır, ancaq ehtimal var ki, onlardan biri xarici işlər nazirinin müavini, prezidentin Qarabağ məsələsi üzrə səlahiyyətli nümayəndəsi Araz Əzimovdur.
Bu məxfi məsləhətləşmələrin pərdəarxasına keçməzdən əvvəl Ərdoğanın səfəri ilə bağlı rəsmi qaynaqlardan yayılan xəbərlərə nəzər salaq. Rusiya mənbələri bildirir ki, Moskvaya yanvarın 12-də axşam gedən Ərdoğan rəsmi danışıqlara dünən başlayıb və əvvəlcə baş nazir Vladimir Putinlə görüşüb. Görüşün mətbuata açıq hissəsində tərəflər iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıqdan danışıb. Putin deyib ki, Rusiya ilə Türkiyə arasında ticarət dövriyyəsi davamlı olaraq artıb və 2008-ci ildə 35 milyard dollara çatıb. Lakin ötən il qlobal iqtisadi böhranın təsiri ilə bu rəqəm 40 faiz azalıb. Buna baxmayaraq, Türkiyə hələ də Rusiyanın ən iri ticarət tərəfdaşlarından biridir. Ərdoğan isə Rusiya ilə əməkdaşlıq sahələrinin genişlənərək hərbi, enerji və mədəni sahələrə keçdiyini deyib. Daha sonra görüş bağlı qapılar arxasında davam edib.
Prezident Dmitri Medvedyev isə Ərdoğanla Moskva ətrafındakı Borvixa iqamətgahında görüşüb. Medvedyev iki ölkə arasındakı münasibətlərin inkişafı haqda danışarkən Türkiyə və Rusiyanın əsl strateji tərəfdaşlara çevrildiyini bildirib: “Ölkələrimiz arasında siyasi dialoq uğurla inkişaf edir, hökumət başçıları və prezidentlər arasında müntəzəm ünsiyyət var. Ölkələrimizin münasibətlərinin regiondakı ümumi iqlimə də təsiri var”.
Ərdoğan da onun söylədiklərini təsdiqləyərək Türkiyə ilə Rusiya arasında münasibətlərin inkişafının kulminasiya nöqtəsinə çatdığını deyib.
Rəsmi danışıqlardan əvvəl Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda çıxış edən Ərdoğan bildirib ki, Türkiyə Ermənistanla münasibətlər qurmaqda maraqlıdır və Sürixdə imzalanmış protokollar bunun təsdiqidir: “Digər tərəfdən, Azərbaycan torpaqlarının işğalının aradan qaldırılması, Qarabağ münaqişəsinə davamlı həll tapılması da həyati əhəmiyyət kəsb edir. Bu məsələdə Minsk Qrupu həmsədrlərinin üzərinə böyük rol düşür, Minsk Qrupu üzərinə düşən vəzifəni yerinə yetirməlidir”.
Baş nazir əlavə edib ki, o, Rusiyanın bu məsələdə daha aktiv rol oynaya biləcəyinə inanır: “Aparacağımız danışıqlarda bu məsələyə aydınlıq veriləcək. Qarabağda işğalın olduğunu BMT də qəbul edir. Bu işğal aradan qalxsa, Ermənistan-Türkiyə münasibətləri də inkişaf edəcək”.
Maraqlıdır ki, Ərdoğanla eyni gündə Ermənistanın müdafiə naziri S.Ohanyan Moskvaya işgüzar səfər edib. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb. Səfər çərçivəsində nazirin rusiyalı həmkarı Anatoli Serdyukov və digər yüksək vəzifəli şəxslərlə görüşü gözlənilirdi. Dünənki görüşlərdə Ermənistan-Rusiya hərbi əməkdaşlıq məsələləri müzakirə edilib. Günün sonunda Ohanyanın Serdyukovla görüşü haqda rəsmi məlumat verilib bildirildi ki, tərəflər qarşılıqlı hərbi-texniki əməkdaşlıq, habelə regional təhlükəsizlik məsələlərini müzakirə edib.
Digər təsadüf isə ABŞ dövlət katibinin müavininin səfəridir. Uilyam Berns də məhz Ərdoğanla eyni gündə Moskvaya gəlib. Rəsmi məlumata görə, səfərdə məqsəd Rusiya-ABŞ münasibətlərinə, habelə beynəlxalq və regional məsələlərə aid danışıqlar aparmaqdır. Dövlət Departamentinin rəsmisi Filip Kroulinin sözlərinə görə, Bernsin diqqəti ikitərəfli prezident komissiyasının işinə yönələcək. Strateji nüvə silahlarının ixtisarına dair danışıqlara da hazırlıq görüləcək. Rusiya XİN isə amerikalı diplomatla danışıqlarda Cənubi Qafqazdakı vəziyyət də daxil olmaqla, bir sıra aktual məsələlərin müzakirə olunduğuna dair açıqlama yayıb.
Bura Azərbaycandan iki rəsminin də Moskvaya məxfi səfərini əlavə etsək, Rusiya paytaxtında Qarabağın taleyi və regionun gələcəyi ilə bağlı çox mühüm müzakirələrin aparıldığını söyləmək olar. Bu müzakirələrin nəticələrini S.Lavrov İrəvan rəhbərliyinə çatdıracaq, Türkiyənin isə Moskva danışıqlarından sonra Azərbaycan rəhbərliyi ilə təmasları gözlənilir.
Ermənistanda isə bu müzakirələr, Ərdoğanın Moskvaya səfəri və onunla eyni vaxtda Lavrovun İrəvana göndərilməsi narahatlıqla izlənilir. “Nezavisimaya qazeta” müxbirinin İrəvandan yazdığına görə, bu mürəkkəb diplomatiya Ermənistan siyasi çevrələrində və ictimaiyyətində ciddi narahatlıq doğurub. Bildirilir ki, ötən il də belə olmuşdu: Ərdoğan Moskvaya, ardınca Lavrov İrəvana gəlmişdi. O səfər zamanı Lavrovun Ermənistan rəhbərliyinə Kremlin adından Qarabağ məsələsi ilə bağlı təzyiq göstərdiyi haqda məlumatlar var. Ermənistanda narahatdırlar ki, Rusiya öz siyasətində dəyişiklik edərək Türkiyə və Azərbaycanla yaxınlaşmaqla İrəvana Qarabağ məsələsində təzyiq göstərməyə çalışır. Belə ki, Rusiya Azərbaycanla sərfəli qaz müqaviləsi bağlayıb, Türkiyə ilə də enerji sahəsində əməkdaşlığı gücləndirir və mühüm anlaşmalar əldə edir. Ona görə də Ermənistanda düşünürlər ki, Rusiyanın Türkiyə və Azərbaycanla sərfəli iqtisadi əməkdaşlığı İrəvanla strateji müttəfiqliyi ikinci plana keçirə bilər.
Erməni ekspertlərinin fikrincə, Rusiyanın çoxgedişli mürəkkəb diplomatiyasından indi Ermənistanda da baş açmırlar. Məlumatlara görə, Rusiya Ermənistanı Qarabağa dair Madrid prinsiplərini qəbul etməyə çağırır. Bu prinsiplərdə ətraf rayonların “5+2" formulu ilə boşaldılması, Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi və bölgəyə aralıq statusun verilməsi, yekun statusun referendumda müəyyən edilməsi yer alır. Əgər İrəvan bu prinsiplərə razılıq versə, onda Türkiyə-Ermənistan protokollarının ratifikasiyasının yolu açılacaq.
Qeyd edək ki, bu günlərdə Türkiyə prezidenti Abdulla Gül də Cənubi Qafqazdakı problemlərin həlli üçün Ankara və Moskvanın vasitəçiliyi ilə “mətbəxdə bir şeylər hazırlandığı” haqda danışıb. Gözlənilir ki, yaxın vaxtlarda Ermənistan və Azərbaycan prezidentləri arasında növbəti görüş baş tutacaq. Moskvanın nəzarətində baş tutan məxfi və açıq təmasların da bu görüşdə nəticə əldə etməyə hesablandığı güman edilir. Çünki vaxt yoxdur, ABŞ və Avropa Türkiyəni tələsdirir, Ermənistan protokolların altındakı imzalarını geri çəkəcəyinə dair şantaj edir, qarşıdan isə aprel və Konqresdə “soyqırım”ın tanınması üçün erməni lobbisinin həmləsi gəlir.
Ehtimal edilir ki, Azərbaycandan göndərilən səlahiyyətli şəxslər Ərdoğanın Putin və Medvedyevlə danışıqlarının birbaşa iştirakçıları olmasa da onlar rusiyalı səlahiyyətli şəxslərlə təmas şəklində prosesə qatılıblar. Bu məxfi ezamiyyət onunla bağlı ola bilər ki, Rusiya və Türkiyə rəhbərləri arasında Qarabağa dair planın konkret detalları ilə bağlı müzakirələr gedib, nəticədə Azərbaycanın da prosesə qatılması zərurəti yaranıb.