Tarix : 2010 Jan 16
Kod 15695

Bölgələrdə müharibə təbliğatına start verilib

Məcburi köçkünlərin Qarabağ Forumu keçirilib. Qarabağ Azadlıq Təşkilatının təşkil etdiyi forumda artıq münaqişənin hərb yolundan başqa həll yolunun qalmadığı bildirilib
Azərbaycan Servisi/Aran Agentliyi
Məcburi köçkünlərin Qarabağ Forumu keçirilib. Qarabağ Azadlıq Təşkilatının təşkil etdiyi forumda artıq münaqişənin hərb yolundan başqa həll yolunun qalmadığı bildirilib. Qarabağ Azadlıq Təşkilatı paytaxt Bakıda və bölgələrdə müharibə təbliğatına start verib. Danışıqların gedişi və müharibəyə çağırışı nəzərdə tutan məcburi köçkünlərin Qarabağ forumunda çıxış edən təşkilatın sədri Akif Nağı böyük dövlətlərin bölgədə vəziyyəti öz maraqlarına uyğun dəyişməyə çalışdığını və bunların Azərbaycanın maraqlarına zidd olduğunu bildirib. Akif Nağının fikrincə, hazırda superdövlətlərin Qarabağ münaqişəsi ilə bağlı irəli sürdükləri təkliflərin heç biri Azərbaycanın maraqlarına cavab vermir. Bu baxımdan təşkilat yeganə çıxış yolunu müharibədə görür.

Qarabağ Azadlıq Təşkilatının sədri ziyalıların münaqişə ətrafında baş verənləri sadəcə seyr etməsindən də təəssüfünü dilə gətirib. Onun sözlərinə görə, ziyalılar heç olmasa bir məktub yazıb həmsədr ölkələrə etirazlarını bildirməlidir.

Qeyd edək ki, toplantıda həm bölgələrdə, həm də Bakıda məskunlaşmış məcburi köçkünlər və keçmiş döyüşçülər də iştirak edib. Onlar da danışıqlarla torpqaların geri qayıtmayacağını, problemin həlli yolunun yalnız müharibədən keçdiyini bildirib.

Toplantının sonunda qətnamə qəbul olunub. Sənəddə Azərbaycan hakimiyyəti “Madrid prinsipləri” əsasında aparılan danışıqlardan imtina etməyə, Azərbaycanın öz ərazilərini işğaldan azad etmək üçün müharibə yolunu seçməyə və ən yaxın vaxtlarda hərbi əməliyyatlara başlamağa çağırılır.
  • Yazılıb
  • da (də) 2010 Jan 16