Tarix : 2010 Jan 17
Kod 15717

VASİF TALIBOV DİPLOMATİK QALMAQAL YARATDI

Səfirliklərdən hakimiyyətə sərt mesaj ABŞ və Norveç səfirlikləri öz diplomatlarının Naxçıvanda təhqir olunmasına görə rəsmi Bakıya etiraz bildirdi və hökumətdən təhlükəsizliklərinə təminat istədi
Azərbaycan Servisi/Aran Agentliyi
ABŞ və Norveç diplomatlarına qarşı Naxçıvanda təşkil olunmuş hücum ciddi qalmaqala səbəb olub. Dünən ABŞ və Norveçin Azərbaycandakı səfirlikləri öz diplomatlarının Naxçıvanda üzləşdikləri hadisə ilə bağlı sərt bəyanat yayıblar.
Bəyanatda Azərbaycan tərəfinə xarici diplomatların təhlükəsizliyinin təmin edilməsinə dair beynəlxalq konvensiya xatırladılır. Xatırladaq ki, hər iki səfirliyin nümayəndələri Bənəniyar kəndindəki vəziyyətlə əlaqədar araşdırma aparmaq üçün yanvarın 13-də bu kəndə getmək istəyiblər. Lakin Bənəniyarın girişində bir qrup şəxs onların avtomobilini saxladaraq kəndə daxil olmalarına imkan verməyib. ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Coanna Qansonun da təmsil olunduğu heyətdən kəndi tərk etmək tələb olunub. Diplomatları təhqir edərək, onlara Bənəniyarda görüş keçirməyə imkan verməyiblər. Kənd sakinləri isə təkid edirlər ki, qonaqlara etiraz edənlər Bənəniyar sakinləri deyil, öyrədilmiş şəxslər olub.
ABŞ və Norveç səfirlikləri birgə bəyanatla çıxış edərək Bənəniyardakı insidentlə bağlı Azərbaycan hökumətinə öz narahatlıqlarını bildiriblər. Bəyanatda qeyd olunur ki, yanvarın 13-də Bənəniyar kəndində vəziyyətlə yaxından tanış olmaq məqsədilə ABŞ və Norveç səfirliklərinin diplomatları həmin kəndə yola düşüblər: “Lakin bir qrup insan kəndin girişində avtomobili saxlayıb, diplomatları hədələyərək onları kənd sakinləri ilə hər hansı əlaqə yaratmadan kəndi tərk etməyə məcbur ediblər. Biz Azərbaycan hökumətini Bənəniyar kəndində baş verən insidenti tam şəkildə araşdırmağa və Azərbaycanda çalışan xarici diplomatların təhlükəsizliyini təmin etməyə çağırırıq”. Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) səfirliklərin bəyanatına cavab verib. XİN mətbuat katibi Elxan Poluxov bildirib ki, Azərbaycandakı xarici diplomatların bütün hüquqları beynəlxalq konvensiyaya uyğun olaraq qorunur. XİN rəsmisinə görə, diplomatların narahatlığının hansı məsələ ilə bağlı olması başqa söhbətdir, amma onların bütün hüquqları qorunur: “Azərbaycan 1961-ci ildə qəbul edilmiş ”Diplomatik münasibətlər haqqında" beynəlxalq konvensiyaya uyğun olaraq üzərinə götürdüyü bütün öhdəlikləri həyata keçirir". "Media forum"a açıqlamasında E.Poluxov bildirib ki, diplomatlara təzyiq edilməsi ilə bağlı ABŞ və Norveç səfirliklərindən müraciət edilsə, faktlar təqdim olunsa məsələ araşdırılacaq.
Əldə etdiyimiz məlumata görə, diplomatlar insidentdən sonra Naxçıvana qayıdaraq öz etirazlarını muxtar respublikanın Daxili İşlər Nazirliyinə çatdırıblar. Daha sonra insidentlə bağlı ABŞ Dövlət Departamenti və Norveçin Xarici İşlər Nazirliyi məlumatlandırılıb. İlkin cavab addımı kimi bu iki ölkənin Bakıdakı səfirliklərinin birgə bəyanatla çıxış etməsi qərara alınıb. Lakin ABŞ və Norveç tərəfindən hadisənin dərindən öyrənilməsindən sonra daha sərt addımların atılacağı gözlənilir. Çünki söhbət təhlükəsizlikləri beynəlxalq konvensiya ilə qorunan xarici diplomatlara qarşı hücumdan gedir. Səfirliklərin birgə bəyanatında da rəsmi Bakının ölkədə çalışan xarici diplomatların təhlükəsizliklərini təmin etməyə çağırılması təsadüfən yer almır. Bəlli olur ki, yerli əhaliyə polis tərəfindən divan tutulduğuna dair həyəcanlı xəbərlərin gəldiyi kənddə diplomatların təhlükəsizliyi üçün ciddi problem yaranıb. Diplomatik münasibətlər haqqında Azərbaycanın da qoşulduğu 1961-ci il Vyana Konvensiyasının 29-cu maddəsinə əsasən diplomatik agentlərin (indiki halda Azərbaycanda akkreditə olunmuş səfirlərin və səfirlik əməkdaşlarının, o cümlədən texniki personalın) şəxsiyyəti toxunulmazdır. Diplomat həbs edilə, hər hansı formada təqib oluna və saxlanıla, habelə hərəkətinə maneçilik yaradıla bilməz. Diplomatın fəaliyyət göstərdiyi ölkə onun şəxsiyyətinin və ləyaqətinin qorunması üçün bütün zəruri tədbirləri görməyə, ona hörmətlə yanaşmağa borcludur.
Lakin Naxçıvandan gələn xəbərlər göstərir ki, konvensiyanın bu bəndi ABŞ və Norveç diplomatlarına münasibətdə açıq şəkildə pozulub. Diplomatların maşınına hücum olub, onların hərəkəti əngəllənib və təhqir ediliblər. Bütün bunlar yerli hakimiyyət orqanlarının fəaliyyətsizliyi fonunda baş verib. Deməli, Azərbaycan tərəfi Vyana Konvensiyasının diplomatların toxunulmazlığına dair maddələrindən birinin açıq-aşkar pozulması faktı ilə qarşı-qarşıyadır. Beynəlxalq münasibətlər praktikasında bu cür hallar bir qayda olaraq ciddi diplomatik gərginliyə və ölkələr arasında münasibətlərin pozulmasına səbəb olur. Məsələn, elə bu günlərdə Türkiyənin İsraildəki səfirinə qarşı edilən hörmətsizlik iki ölkə arasında ciddi diplomatik qalmaqala səbəb oldu.
Qeyd etmək lazımdır ki, Azərbaycan hakimiyyəti tərəfindən son vaxtlar xarici diplomatlara qarşı bu cür hörmətsizlik praktikası yayılmaqdadır. Məsələn, 2005-ci il parlament seçkilərindən sonra hüquq-mühafizə orqanları ABŞ-ın Bakıdakı səfirinin və bu ölkənin dövlət katibinin müavininin adını dövlət çevrilişi cəhdi ittihamı ilə qaldırılan cinayət işinə daxil etmək istəmişdi. Həmçinin insan haqlarının pozulması faktlarına münasibət bildirən Qərb diplomatları dəfələrlə bu və ya digər formada ittihamlara məruz qalıb. Hazırda ABŞ-la Azərbaycan arasında münasibətlər onsuz da yaxşı deyil. Yarım ildən çoxdur ki, Birləşmiş Ştatlar Bakıya səfir təyin etmir. Gözlənilir ki, bu insidentdən sonra münasibətlər daha da pisləşəcək.
  • Yazılıb
  • da (də) 2010 Jan 17