“Komandos” 5 rayonun qaytarılmasına qarşı çıxır
Ermənistan prezidenti Moskvaya çağırılıb, Azərbaycan da ciddi təzyiqlərlə üz-üzədir
Azərbaycan Servisi/Aran Agentliyi
Dağlıq Qarabağ münaqişəsinə dair Rusiyanın nəzarətində aparılan danışıqlar intensivləşir. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Rusiya səfərinin başa çatmasından az sonra məlum olub ki, Ermənistan prezidenti Serj Sərkisyan Moskvaya səfər edəcək. Ermənistan prezidentinin mətbuat xidmətindən yayılan açıqlamaya görə, Sərkisyan yanvarın 18-də Rusiya paytaxtında olacaq. Rəsmi açıqlamada bu səfər zamanı iki ölkə arasında münasibətlərə dair məsələlərin müzakirə ediləcəyi, regional mövzularla bağlı müzakirələr aparılacağı bildirilir. Xəbər verildiyi kimi, Sərkisyanın səfəri İrəvanla Moskva arasında intensiv təmaslardan biridir. Bir gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvanda olub, onunla eyni vaxtda Ermənistanın müdafiə naziri Seyran Ohanyan Moskvada danışıqlar aparıb. İndi isə Sərkisyan Rusiyaya gedir. Bütün bu səfərlərin başlıca məqsədinin Qarabağ məsələsi olduğuna əksər ekspertlər şübhə etmir.
Gözlənilir ki, yanvarın sonlarında Rusiyada prezident Dmitri Medvedyevin vasitəçiliyi altında Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü olacaq. Sərkisyanın Moskvaya çağırılması da bu danışıqlara hazırlıq məqsədi daşıyır. Ərdoğanın səfəri zamanı Kreml açıq şəkildə bildirib ki, Türkiyə-Ermənistan münasibətləri və Qarabağ münaqişəsinin nizamlanması bir-birinə bağlı ola bilməz və ayrılıqda həll edilməlidir. Bununla da Rusiya Ermənistan-Türkiyə yaxınlaşmasının baş memarı olan ABŞ-ın mövqeyi ilə tam həmrəylik nümayiş etdirib. Moskva, Azərbaycan və Türkiyə tərəflərinə aydın mesaj verib ki, protokolların ratifikasiyasını tezləşdirmək üçün Ermənistana Qarabağ məsələsində güzəştə getməyə yönələn təzyiqlər olmayacaq. Lakin bununla belə Rusiyanın Qarabağ nizamlanması prosesində səylərini artırması da göz qabağındadır. Artıq neçə vaxtdır danışıqlar faktiki olaraq Rusiyanın təkbaşına vasitəçiliyi altında gedir və prezidentlər səviyyəsində üçtərəfli formatda danışıqlar müntəzəm xarakter alır. Müqayisə üçün qeyd edək ki, ABŞ tərəfindən protokolların imzalanmasından sonra Ermənistana Qarabağ məsələsində hər hansı ciddi təsirlər hiss edilmir. Vaşinqtonun bütün diqqəti protokolların tezliklə ratifikasiyasına yönəlib və İrəvanı Qarabağ məsələsində hansısa qərarlar verməyə tələsdirmir.
Bəs Rusiyanın bu mürəkkəb diplomatiyasında məqsəd nədir? Belə ehtimal olunur ki, Rusiya bir tərəfdən Türkiyəni protokolların tezliklə ratifikasiyasına çağırmaqla və Qarabağ məsələsi ilə sərhədlərin açılması arasında bağlılığı istisna etməklə, digər tərəfdən isə Qarabağ münaqişəsinə dair razılaşmanın əldə olunması üçün münaqişə tərəfləri, xüsusən İrəvanla təmasları gücləndirməklə eyni vaxtda hər iki prosesi nəzarətdə saxlamaq istəyir. Başqa sözlə, əgər Rusiya protokolların ratifikasiyası və Qarabağ məsələsini bir-birindən ayıran ABŞ-dan fərqli mövqe tutsaydı bu proses birmənalı olaraq Vaşinqtonun nəzarəti altına keçmiş olardı. Lakin Rusiya eyni vaxtda Türkiyə ilə yaxınlaşaraq və Ermənistana ənənəvi təsir imkanlarından istifadə edərək bu prosesdə güclü mövqelər əldə edir. Nəticədə Cənubi Qafqazda mövcud status-kvonu dəyişdirməklə Ermənistanın Qərbə yolunu açmağa çalışan Vaşinqtonun diplomatiyasının imkanlarını məhdudlaşdırır. O biri tərəfdən isə Kreml Türkiyənin xahişi ilə Ermənistanla təmasları intensivləşdirir və İrəvanı danışıqlar masasındakı sülh prinsiplərinə razı salmağa çalışır. Ancaq Rusiya elə etmək istəyir ki, həm protokollar ratifikasiya olunsun və sərhədlər açılsın, eyni zamanda Qarabağ məsələsində də ciddi irəliləyiş əldə olunsun və Azərbaycanı itirməsin. Əgər bu mürəkkəb, çoxgedişli diplomatiya uğur qazana bilsə o zaman Rusiya bütünlüklə Cənubİ Qafqaz regionunda hakim mövqeyini möhkəmləndirərək NATO üzvü Türkiyənin də onun oyun qaydalarına əməl etməsinə nail ola biləcək.
Lakin ABŞ-ın da Ermənistana təsir imkanlarını nəzərdən qaçırmaq olmaz. Söhbət güclü erməni diasporu vasitəsilə göstərilən təsirdən gedir. Bu rıçaq bütünlüklə imkan verir ki, Vaşinqton uduzduğunu görüb prosesə təsir göstərsin və istiqamətini dəyişdirsin. ABŞ-dakı erməni diasporunun Dağlıq Qarabağdakı separatçı erməni rejiminə, Ermənistan ordusuna güclü təsir imkanlarının olduğu məlumdur. Sərkisyan ötən ilin oktyabrında riskə gedərək diasporun ona “xain” damğası vurmasına baxmayaraq protokolları imzalatdı. Ancaq Ermənistan prezidentinin ətraf rayonların "5+2" formulu ilə boşaldılmasını nəzərdə tutan "Madrid prinsipləri" nə imza atması daha təhlükəli risk olardı. Bu halda Ermənistanda hərbi çevrilişin baş verə biləcəyi, yaxud Dağlıq Qarabağdakı qüvvələrin Ermənistan ordusunun bir hissəsinin dəstəyini alaraq Sərkisyana qarşı qiyam qaldıracağı mümkün və gözlənilən variantlardan biridir. Xəbər verildiyi kimi, Ermənistan mətbuatı orduda böyük nüfuzu olan, vaxtilə Şuşanın işğalı əməliyyatını planlaşdırıb həyata keçirən “komandos” ləqəbli istefada olan general-mayor Arkadi Ter-Tadevosyan vasitəsilə Qarabağdakı erməni komandanlarını ətraf rayonların boşaldılmasına razı salmağa çalışdığı haqda yazır. Lakin məlumatlar belədir ki, Qarabağdakı erməni işğalçı qüvvələrinin “müdafiə naziri” Movses Akopyan və digər yüksək rütbəli komandirlər Sərkisanın ətraf rayonlardan çəkilmək barədə göstərişinə tabe olmayacaqlarını açıq şəkildə bildiriblər. Digər tərəfdən, Ter-Tadevosyan özü də ətraf rayonların boşaldılmasına qarşı çıxır və Sərkisyanı bu məsələdə dəstəkləmək fikrində deyil. Məhz bu üzdən Sərkisyanla generallar arasında mübahisə yarandığı haqda məlumatlar var.
Dünən isə Ter-Tadevosyan müxalifətyönlü “Aykakan Jamanax” qəzetinə müsahibəsində deyib ki, əgər ərazilərin qaytarılması haqda sənəd imzalansa o, Sərkisyanın yox, Qarabağ “xalqının” tərəfində olacaq. “Mən ona mənfi yanaşıram ki, Qarabağa bitişik ərazilər Azərbaycana qaytarılsın və hansısa quru əlaqəsi təmin edilsin. Bu məsələnin həlli deyil. Mən başa düşürəm ki, bu gün bizim həmin əraziləri müdafiə etmək üçün qüvvələrimiz minimaldır. Əlbəttə, siyasi xadimlərin öz oyun qaydaları ola bilər, biz bu qaydalarda öz maraqlarımızı tapmalı, Azərbaycan və Türkiyənin diqtəsi ilə deyil, öz maraqlarımız çərçivəsində hərəkət etməliyik” deyə, “komandos” bildirib. Ter-Tadevosyan əlavə edib ki, qanla tutulan torpaqlar elə-belə verilə bilməz: “Mən bir daha təkrar edirəm: bu torpaqlar üçün biz mübarizə aparmışıq, nə qədər qanlar axıb, indi kimsə gəlib bu torpaqları elə-belə qaytaracaq?”
Ter-Tadevosyan deyib ki, o, hərbçidir və məsələnin siyasi həllinin necə ola biləcəyini bilmir. Onun sözlərinə görə, Ermənistan hərbi müstəvidə qalib gəlib, ancaq tarix göstərib ki, diplomatiya cəbhəsində həmişə uduzub: “Bilmirəm necə olacaq, biz bu danışıqları bərabər nəticə ilə yekunlaşdıra biləcəyikmi?” Dağlıq Qarabağdakı erməni işğalçı qüvvələrinin komandanı Movses Akopyan isə deyib ki, onların qəbul etmədiyi heç bir həll variantı keçməyəcək. Onun sözlərinə görə, Dağlıq Qarabağ erməniləri öz razılığını versə, separatçı rejimin başçıları bu və ya digər prinsiplə bağlı danışıqlar aparacaq: “Biz nə ediriksə, vətəndaşlarımız üçün edirik. Əgər rəhbər vətəndaşların bəyənmədiyi addımı atsa, onda tezliklə dəyişdiriləcək və qəbul edilmiş qərar həyata keçirilməmiş qalacaq. Mən Ermənistan prezidenti Serj Sarkisyanla şəxsən tanışam. Əmin edirəm ki, o, xalqımızın maraqlarına cavab verməyən addımlar ata bilməz”.
Beləliklə, Sərkisyan hətta Ermənistanın təcavüzkar maraqlarına böyük ölçüdə uyğun olan sülh modelini də qəbul etdirməkdə çətinlik çəkir. Söhbət ondan gedir ki, ətraf rayonların boşaldılmasının əvəzində Dağlıq Qarabağa aralıq status veriləcək, yekun status isə 5 il sonra referendumda müəyyən olunacaq. Yəni Azərbaycan ərazilərində ikinci erməni dövləti qurulmasının yolu açılacaq. Doğrudur, hələ referendum prinsipinə Azərbaycanı da razı salmaq lazımdır. Bu səbəbdən Azərbaycan hakimiyyəti də indi ciddi təzyiqlər qarşısındadır. Özü də təzyiqlər hər tərəfdən gəlir. Türkiyə kimi Azərbaycanın ən yaxın müttəfiqi olan ölkə də protokollara imza atmaqla Qarabağ şərtini sərhədlərin açılmasından rəsmən ayırıb, şifahi bəyanatlarda bu iki məsələnin bir-birindən asılı olduğu haqda deyilənlərə isə tam arxayın olmaq çətindir. Əgər son vaxtlar Azərbaycanın Ermənistan-Türkiyə yaxınlaşmasına cavab olaraq Rusiyaya meyl edəcəyi barədə mülahizələr irəli sürülürdüsə indi Kremlin son mövqeyindən sonra belə reveransların da əhəmiyyəti qalmaya bilər. Ona görə də Azərbaycan üçün çıxış yolu ancaq ölkə ictimaiyyətini səfərbər edərək Cənubi Qafqazda öz oyunlarını quran və örtülü sövdələşmələr əldə edən böyük güclərin planlarına qarşı müqaviməti təşkil etməlidir.