Tarix : 2010 Jan 19
Kod 15781

Qanlı, amma Canlı 20 yanvar...

.
Azərbaycan Servisi/Aran Agentliyi

 

20 yanvar 2010.

21 əsrin onuncu 20 yanvarı gəldi. Gəldi və 20-ci əsrin bitməsinə on il qalmış 20 yanvarından salam gətirdi.

10 il 20-ci əsrdən və 10 il də 21-ci əsrdən. Beləcə 20 ilinə gədəm qoydu. Bu o deməkdir ki, bu 20 il ərzində dünyaya gələn körpələr o günü yaşamadı. Bu o deməkdir ki, həmin gün 20 yaşı olanlar indi 40 yaşa çatdılar. 40 yaşında olanlar 60-a. Və bu kimi...

20 yanvar 2010.

Deməli, artıq 20 il keçir Qorbaçovun “islam fundamentalizmi” damğası vurub bu qətliamı törətməsindən. (Bəzən günümüzdə də bəzi “əcinnə axtaran” məmurların da elə eyni səciyyəli damğalar vurmaları mənə bu ənənənin kökündə məhz Sovet imperiyası vərdişlərinin durduğunu yada salır).

20 yanvar 2010.

Deməli, Allahın bizləri namaza hidayət etməsindən 20 il keçir. Belə ki, yuxarıda qeyd olunan damğalanma cəhdindən sonra bir çoxları kimi bəndeyi-həqir də bu sözlərin mənasını araşdırmağa başlamışdır. “İslam nədir?”, “Fundamentalizm nədir?” kimi suallar yeniyetmə düşüncəsində canlanmağa başlamışdır. Və bu sualların nəticəsində qəribə bir vəcdverəcək qürur hissi əmələ gəlmişdir. “Biz Müsəlmanıq!” Təbii ki, öncələrdən də bu sözü eşitmişdik və bilirdik. Amma öncəki anlamında bir növbətçi xarakterli və vücudi tərkibdən xali olan çalarlar var idi. Lakin indi bir başqa nurani duyğu var idi. Bizlərin “İslam fundamentalizmi” nədir belə anlamamasına rəğmən, İmperiya bu sözlə bizi damğalayırsa, deməli İslamımızdan narahatdır. (Əslində dünya indi gen-boluna bu narahatçılğın acılığını yaşamaqdadır. Artıq bunun bir islamofobiya olması da hamıya məlum oldu).

Beləcə, Allahın hidayəti ilə namaza başladıq. Beləcə də, hər 20 yanvar gəlişi ilə namaza hidayətimiz də yada düşür. Artıq 20 il. (Əslində bu, bir məsuliyyət yükünü də insanda artırır).
********



20 yanvar 2010. Bu gün bizlərə “Şəhid” sözünü öyrətdi. Qəribədir. İmperiya “İslam” adıyla islamdan xəbərsiz bir xalqa divan tutur. Amma əksinə bir sürəc yaşanır. Şəhidlik. Xalqın dərin yaddaşından gələn nurani Qurani anlayışın yenidən bərpası. Şəhidlik. Əsrlərdən gələn və toplumu, ən mənfi mənada kosmopolit durumundan milli özünüdərkə, kimliyə qədər aparacaq bir anlam. Onillərlə unutdurulan bu anlam, bir neçə gün ərzində böyük sürətlə bərpa olunur. İmperiya cəlladları qarşısında milli yaddaş, milli ruhun müdafiəsi işə düşür.

Şəhidlik. Şəhid vermə. Ən ali dəyərlərə görə canını haqq yolunda qurban vermə mədəniyyəti.

Qəhrəman ata-babaların Hüseynsevərliyindən gələn bir ruh, pak ətəkli anaların Zeynəbvari laylaylardan gələn bir ruh.

 
********



20 yanvar 2010. Qanlı 20 yanvar. Mən deyərdim, həm də Canlı 20 yanvar.

İştirak etdiyim, bu münasibətlə düzənlənmiş bir dəyərli tədbirdə nümayiş etdirilən şəkillərdən öncə, ekranda ilk olaraq “Canlı yanvar” oxudum. Sonra diqqət etdim ki, yox, “Qanlı” yazılıb. Və düşündüm ki, elə o qədər ki, qanlıdır, bir o qədər də canlıdır. Axı şəhidin qanı da fərqlidir. Şəhidin qanında həyat var. Şəhidin qanı İslam məntiqində diri mahiyyətə malikdir. Dirilikvericidir. İnancımıza görə Şəhid Qanı toplum üçün sanki bir oksigendir. Toplumun diriliyinin təminidir bu Qan.

 
********



20 yanvar 2010. İstiqlalımızın sığortası olan bir gündən 20 il keçdi. Amma əfsuslar olsun ki, İmperiya dağılsa da, Vətinimizdə bu istiqlalın gətirməli olduğu dəyərlər tam surətdə gəlmədi.

Gəlsə idi, torpağlarımız işğal altında olardımı?!

Gəlsə idi, məmləkətdə məscidlərimiz sökülərdimi?!

Gəlsə idi, təhsilimiz, səhiyyəmiz, məhkəmələrimiz, telekanallarımız bu gündə olardımı?!

Gəlmədi. Amma bir şeyə qəti əminlik var. O vücudi istiqlal ki, 20 yanvar şəhidlərimiz onun uğrunda canlarını fəda edib - gələcək.

O, gəlməkdədir. Qarşılamaq üçün ayağa duraq və Şəhidlər qarşısında baş əyək.

Və onların ruhlarına bir “Fatihə” oxuyaq. 20 il öncəsi kimi (20 il öncə insanlar bilməyəndə də, çalışırdılar “Fatihə” oxusunlar şəhidlərimiz üçün. İndi isə bilmə artdı, lakin “Fatihə” yenidən susmaqla əvəz olundu. Əcəba, İmperiya buxovlarını əvəzləyən yeni “modern” buxovlarmı əmələ gəldi ?!).

 
******



Salam olsun Həzrət Peyğəmbərə və onun pak Əhli-beytinə (ə)!

Salam olsun Şəhidlər Sərvəri İmam Hüseynə (ə) və Kərbəla şəhidlərinə!

Salam olsun sizlərə, ey 20 yanvar Şəhidləri - Vətənimizin istiqlal şəhidləri.

 
Hacı İlqar İbrahimğlu
 
  • Yazılıb
  • da (də) 2010 Jan 19